“Elə ki, Prezident İlham Əliyev Qarabağda qətiyyətli addımlar atır, dərhal özümüzünkillərin əli ilə bizə belə zərbələr vurulur”
Dünən avqustun 4-də Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşən Azərbaycanın səfirliyində baş verən insident ciddi müzakirə mövzusudur. Küveytin “Mehdiqulu” adlandırılan dini radikalların Azərbaycan bayrağını yerdə tapdalaması xüsusilə üzücü haldır. Deyilən xəbərlərdə o da qeyd olunur ki, həmin zaman səfirlikdə heç kim olmayıb. Bax elə buradan da söhbətə başlamaq istəyirəm. Niyə gündüzün-günorta vaxtı, həftənin adi iş günlərində səfirlikdə heç kim olmayıb? Bəs görəsən, Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Emin oğlu Süleymanov və səfirliyin qalan əməkdaşları harada imiş? Səfirliyin mühafizə xidməti niyə yoxa çıxıb? Bütün bu suallara təsadüfən aydınlıq gətirildi. Mən bir neçə dəfə 32 ildir Hollandiyada yaşayan vətənimiz və xalqımız üçün qürbətdə böyük mücadilələr verən Elman Mustafazadə barədə məlumat vermişəm. Onu da qeyd etmişəm ki, E.Mustafazadə “Avropada Azərbaycanın Dostları Cəmiyyəti”nin sədridir. Bundan əlavə, Avropada bir neçə dildə nəşr olunan “Xudafərin” jurnalının təsisçisi və baş redaktorudur. E.Mustafazadə, həmçinin 5 ilə yaxındır “Ya Qarabağ, ya ölüm” adlı vatsap qrupunu yaradıb. Bu qrupda ABŞ-da, Kanada da, Rusiyada, Ukraynada, Almaniyada, cənubi Azərbaycanda, Türkiyədə, Avstriyada, İsveçrədə və digər Avropa şəhərlərində yaşayan, dövlətini, xalqını, vətənini sevən vətənpərvər ziyalılarımızdan ibarət 100-dən çox insan birləşib.
***
“Ya Qarabağ, ya ölüm” vatsap qrupunun üzvləri Londonda baş verən bu xoşagəlməz hadisəni ciddi müzakirə edirlər. Hərə öz yaşadığı ölkənin ab-havasını, Azərbaycana olan münasibəti yaxşı bildiyindən müxtəlif versiyalar irəli sürürlər. Burada Azərbaycanı sevməyən bir çox dövlətlərin -İranın, Fransanın, Rusiyanın erməni lobbisinin və digərlərinin əli olduğu qənaətinə gəlinir. Əlbəttə, hər bir versiyanın yaşamaq hüququ var. İndiki zamanda pulla bir çox radikal dindarları və digər millətdən olan terrorçuları ələ alıb, istənilən terroru törətmək mümkündür. Amma səfirlikdə baş verən bu hadisə adamı xeyli düşünməyə vadar edir. Axı, Azərbaycanın heç kiminlə də işi yoxdur. Bu versiya üzdə olan tərəfdir və niyə İslam dininə mənsub radikalar öz din qardaşları Azərbaycanın səfirliyinə qarşı belə addım atırlar? “Ya Qarabağ, ya ölüm” vatsap qrupunun üzvləri burada iki versiyanın üstündə dayanırlar. Birincisi, Azərbaycan 44 günlük İkinci Qarabağ savaşında böyük tarixi qələbə qazanaraq 30 il işğalda olan torapaqlarını erməni işğalçılarından azad etmişdir. Bu zaman Azərbaycan ordusunun ən müasir silahlarla həyata keçirdiyi döyüş taktikası hələ də nəhəng Avropa dövlətlərinin müzakirə mövzusudur. Bu, Azərbaycanın gücünün göstəricisidir. Bundan əlavə, son illər Rusiya-Ukrayna müharibəsinin fonunda, Rusiyaya tətbiq olunan böyük iqtisadi sanksiyalar Avropanın özünə də ciddi təsir etməyə başlayıb. Avropanın Rusiya qazından asılılığı burada öz sözünü deyir və Avropa dövlətləri Rusiya qazından imtina etmək üçün Azərbaycana üz tuturlar. Artıq Avropa İttifaqının Azərbaycanla başladığı qaz müqaviləsi buna canlı sübutdur. Dünyada ən zəngin qaz yataqları olan Türkmənistan və Qazaxıstan öz məhsullarını Rusiyaya görə Avropaya çıxara bilmirlər. Onların da qaz satışına Rusiya vasitəçilik edir. İndi elə bir geosiyasi vəziyyət yaranıb ki, Türkmənistan və Qazaxıstan qazı da Zəngəzur dəhlizi vasitəsilə Avropaya çıxacaq. Əlbəttə, Azərbaycanın Avropa üçün belə önəm daşımasında dost və qardaş dövlət olan Türkiyənin rolunu heç cürə danmaq olmaz. Bunlar indi ona görə xatırlanır ki, Azərbaycanın Avropada belə bir önəmli mövqeyə çıxması, düşmənlərimizi çox narahat edir. Onlar da acıqlarını bu yolla çıxır və bu, Azərbaycana qarşı törədilə biləcək daha ağır bir təxribatın xəbərdarlığı ola bilər.
İkinci versiya isə, daha ağılabatan və daha inandırıcı görünür. “Ya Qarabağ, ya ölüm” vatsap qrupunun bəzi üzvlərinin çox maraqlı və maraqlı olduğu qədər də ciddi versiyası var. Bu da Londondakı Azərbaycanın səfiri Elin Süleymanovla bağlıdır. ABŞ-da yaşayan və hələki adının çəkilməsini istəməyən soydaşlarımızdan biri bu barədə bizə çox maraqlı məlumat verdi. Həmin soydaşımızın dediklərini olduğu kimi təqdim edirəm: “...Siz Londondakı səfirliyimizin binasında edilən bu təxribatlar barədə söylənilən xəbərlərdə bir məqama diqqət yetirdinizmi? Deyildi ki, Küveytin dini radikalları səfirliyə hücum edən zaman binada heç kəs olmayıb. Sual olunur, niyə iş vaxtı səfirlikdə heç kim olmayıb? Sizə birmənalı olaraq bildirirəm ki, səfir Elin Süleymanovun iş prinsipi belədir. E.Süleymanov bundan əvvəl Azərbaycanın Amerikada səfiri olub. İşlədiyi müddətdə bir nəfər də olsun azərbaycanlının probleminə yaramayıb. Nə vaxt zəng edirdik, telefona cavab verən olmurdu. Axı, biz ABŞ-da yaşayan azərbaycanlıların çoxsaylı problemləri olur ki, ona da səfirlikdə aydınlıq gətirmək lazımdır. Adi arayışından tutmuş vizaya qədər, hər şey səfirliyin vasitəsilə həll olunur. Nə vaxt gedirsən səfirlikdə heç kim olmur. Nəhayət, bir gün bu məsləyə aydınlıq gəldi. Deməli, Meksikanın ABŞ-dakı səfirliyi bizim səfirliklə qonşuluqda yerləşir. Orada da bir tanışım var. Bir gün oradan keçərkən həmin tanışımla rastlaşdım. Görüşən kimi mənə belə dedi: “Nə yaxşı səfirliyiniz var, hər dəfə baxıb gülürüəm”. Təəccübləndim və soruşdum ki, niyə gülürsən? O belə cavab verdi: “ Görürsən ki, sizin səfirliklə bizimki qonşudur. Ona görə də hər gün görürəm ki, sizin səfirliyin qapısı bağlıdır. Bir nəfər də girib-çıxan görmürəm. Nə gecə işıqları yanır, nə də gündüz qapısı açılır. Heç mühafizəçisi də yoxdur. Bəs, Sizin hökumət niyə onlara pul ayırır? Onsuz da onlar işləmirlər”. Sizi inandırım ki, bu sözlər mənə elə pis təsir elədi ki, sözlə ifadə etmək mümkün deyil. Onu məndə bilirdim ki, səfirlikdə kimisə tapıb dərdinə çarə etmək mümkün deyil. Amma, səfirliyin qapısının həmişə bağlı olması çox utanverici bir haldır. Elə ki, Dünya Azərbaycanlılarının həmrəylik günü və ya Novruz bayramı gəlir, səfirliyin qapıları açılır və tədbir keçirilir. Və onu da videoya çəkib hər yerdə reklam edirlər ki, Azərbaycanın ABŞ-dakı səfirliyi işləyir. Özünün də modelə oxşayan bir xanımı var, onunla rəqs etməyi və digər model tipli xanımlara komplement deməyi çox sevir. Elin Süleymanovun vaxtında ABŞ-Azərbaycan əlaqələri demək olar ki, sıfır vəziyyətində idi. Onun vaxtında ABŞ-dakı ermənilər azərbaycanıların üstünə gəlirdilər. Yalnız indiki səfir Xəzər Ibrahim gələndən sonra vəziyyət yaxşılığa doğru dəyişməyə başlayıb. Elin Süleymanov Londona gələndən sonra indi də Küveytin “Mehdiqulu”ları üstümüzə gəlirlər. Bu adam ancaq öz qohum-əqrabası üçün çalışıb. Onun Adil Bağırov adlı bir xalası oğlu vardı. Nazim İbrahimov Diaspora Komitəsinin sədri olanda Adil Bağırovla birləşib guya Amerikada Diaspora yaradırdılar, nə qədər desən pullar sildi. Adil Bağırovun anası, Elin Süleymanovun xalası Sevinc xanım həmişə özünü yuxarılara yaxın kimi təqdim edir... Özü də İsveçirədə yaşayır, amma bacısı oğlu Elin Süleymanovun sayəsində Londonda da evləri var. Həyat yoldaşı, yəni Adil Bağırovun atası Bakıda “Nobel Qardaşları” muzeyinin direktorudur. Elin Süleymanovun Rusiya ilə çox güclü əlaqələri var. Ona Rusiyanın adamıdır desək, daha düz olar. Onun ana babası da Rusiyanın adamı kimi tanınıb və Sovet dövründə Azərbaycanda Akademiyanın rəhbəri olub. Bu nəsil, ümumiyyətlə, Rusiyaya bağlı nəsildir... Bir məqamı da qeyd edim, elə ki, Prezident İlham Əliyev nə vaxt ki, Qarabağda qətiyyətli addımlar atır, dərhal özümüzünkillərin əli ilə bizə belə zərbələr vurulur. Əgər Londondakı səfirliyimizin işçiləri iş yerində olsaydılar, qapıda mühafizə dursaydı, o radikalar gətirib səfirliyin binasına nərdivan söykəyərək rahatca eyvana dırmaşıb bayrağımıza qarşı o həqarəti edə bilməzdilər.”
Mən inanıram ki, Azərbaycanın xarici işlər naziri hörmətli Ceyhun Bayramov bu məsələni ciddi araşdıracaq, iş vaxtı əməkdaşların harada olduğu aydınlaşacaq.
Elçin MƏMMƏDLİ