Yaxud, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasındakı korrupsiya niyə hüquq-mühafizə orqanlarının diqqətini çəkmir?

İki ilə yaxındır ki, sağ ayağımda və sağ böyrümdə başlayan ağrılar məni çox incidir, üzür. Kimi yel,  kimi revmatizm kimi sinir ağrısı adlandırır. Dəqiq diaqnoz qoyan yox idi. Hər gün neçə dəfə ağrıkəsici (diklafenatı) böyürmə yeridib məni əldən  salıblar. Kim bilər  mənə neçə yüz belə  ağrıkəsici vurulub.

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Güllü adlı  tibb bacısı” Siz nə edirsiniz? Bu qədər  diklafenatı sizin bədəniniz necə qəbul edir?” - deyə təəccüb etdi.

Vəziyyətimlə bağlı sahə həkiminə yalvarışla müraciət etdim. Məni ikinci, üçüncü ağrıkəsicilərə də “qonaq etdilər”, fayda vermədi. Rentgenə göndərdilər. Xeyri olmadı.  Maqnit-rezonans tomoqrafiyaya da (MRT) saldılar. Cinləri, şeytanları gördüm. Rəy yazdılar. Əzalarımdakı  çatışmazlığı əks etdirən  lent diski verdilər. Təxminən məlum oldu ki,  hansısa bir zərbənin,  travmanın əlamətidir, yəni “qrija”dır. Dedilər, fəqərələrimdə aralanma var.

Sən demə, 70 il yaşadığım bu şəhərdə fil qulağında yatmışam. Mənim gözümdə hər şey gözəl, hamı xeyirxah və nəcibdir. Məsləhətlə bu yaxınlarda istifadəyə verilmiş Sumqayıt Hospitalda oldum.

Neyrocərrah Emin Yaqubov “Bayramdan sonra gəl, Tibbi Sığorta kağızını gətir, əməliyyat edərəm” - dedi. Tibbi Sığorta kağızı ilə gedəndə özü yox idi. Həmkarı Könül  həkim isə “Sizin müalicəniz sığortaya düşmür” – söylədi. Yalvardım, yaxardım. Nəticəsi olmadı, soruşdum ki, Sumqayıt Hospital dövlət müəssisəsi deyil? Məhəl qoymadı, dedi, 500 manat  verməlisən. “Neynək”, - deyib razılaşdım.

Həm neyrocərrah Emin Yaqubov, həm də həmkarı Könül xanım Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında da yüksək vəzifə  daşıyırlar.  Onu da deyim ki, göndərişimi neçə dəfə    dəyişdirdilər.

E.Yaqubov tələb edirdi ki, “sizə göndərişi səhiyyə şöbəsi  verməlidir və həm də sənəddə “əməliyyat üçün” sözləri yazılmalıdır. Nəhayət, səhiyyə şöbəsinin müdaxiləsi ilə  bizim  poliklinikanın mötəbər qocaman  travmatoloqu Zeynalov son göndərişi  imzaladı.  Məni  Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi əvvəllər də münaqişəmiz olmuş neyrocərrah Rüstəm Ömərova həvalə  etdi. Baş həkim “Narahat olmayın, Emin Yaqubov, Könül doktor və Rüstəm Ömərov birlikdədirlər. Tapşırmışam, əməliyyatınızla hər üçü məşğul  olacaq” - dedi.

tat-qudrettt

Məni əməliyyat üçün  iki dəfə venadan qan analizi verməyə məcbur etsələr də, müəyyən edilmiş  gündə əməliyyat  keçirilmədi. Bəlkə belə yaxşı imiş. Mən belə düşünüb təsəlli tapırdım. Amma  müalicə adında bir şey hiss eləmirdim. Ağrılar kəskinləşir. Mən dözmürdüm. Formal şəkildə  gündə bir dəfə ştativ gətirib içərisi xıltlı bulanıq “sistem məhlulunun vaxtına hələ var”, - deyib mənə sırıyırdılar.

Sanki qəsdən ağrıkəsiciləri böyrümə, qollarıma yeridib məni yatızdırmağa çalışırdılar. Sistem  əməliyyatı üçün hər iki qolumu deşik-deşik edib göyərdiblər. Ah, İlahi! Venanı  nə qədər  deşərlər?! Neçə yerdə qanadıb, neçə yerdə partdadarlar. 

Əməliyyatın niyə keçirilmədiyini  başa düşə bilmədim. Ondan irəlidəki gün hansısa tibb işçisi  tanımadığım cavan bir adamı palataya gətirib məni göstərdi və çıxıb getdi. O adam nə xalatlı idi, nə də onu tanıyırdım. Kobudluq eləmədim. Suallarına cavab verdim. Ancaq mənim  şikayətlərimi soruşurdu. Yaddaşımla maraqlandı. Mənə hər yerdə hörmət edildiyini dedim və  bu adamın nə istədiyini  başa düşməsəm də, suallarına əhatəli cavab verirdim. Yaddaşımı soruşanda “Məcnunun Leyliyə məktubu”ndan  iki bənd əzbər dedim.

O isə heç bir söz deməyib, çıxıb getdi. Mən o şəxsin gəlişi ilə əməliyyatın baş tutmaması arasında bir əlaqə görürəm. Ola bilsin, “dəllal” imiş. “Oxunmuş hesabı” almaq üçün  gəlibmiş. Nə yaxşı ki, cibimdəkini söyləmədim, yoxsa onu da əlimdən alıb aparsaydı, cınqırımı belə çəkməzdim…

Bir palata yoldaşıma yaxşı  diqqət var idi. Keçmiş döyüşçüyə oxşayırdı, hörmətli adam idi. Yanına gələnlər daha çox idi. Anlaşılırdı ki, cəbhədən gələndən artıqlaması ilə  təqaüd alıb.  Amma növbəti komissiya qrupu onu sağlam  hesab edib və  təqaüdünü kəsib. Bura “düzəlişə” gəlib. Onun yoxlanılması ilə bağlı üç dəfə həkim dəyişilib.

Bəlkə əvvəlki həkimlər güzəştli rəy yazmaqdan imtina  eləyiblər.  Üzüyola Aygün həkimi  görməzə-bilməzə işə qatıblar. O, xəstəxanadan çıxan gün telefonla halalıq ver deyə tapşırıq alırdı. İnsafən desən kimsəyə üz tutmasan onun barəsində əvvəlki həkimlərin rəyi bəlkə də  şübhə doğurmaz.

Maşallah, sap-sağlam adamdı. Onda bir “xəstə” nişanı  görünmürdü. Buğac  timsallı öküz yıxanın biridir...

Mənim isə əhvalım hər an ağırlaşır. Müalicə həkimin də it-bata düşmüşdü. Tapılmırdı. Könül  həkim  sanki məni heç dəyirmanda da görməyibmiş kimi, “siz Rüstəm Ömərovla danışın” deyib, məni müalicə etmədən qaçdı. Ağrılarım çoxaldı. Yuxum ərşə çəkildi. Sayılmazlığın murdar üzünü gördüm. Vahimələndim, qorxdum. Bir daha ağrıkəsici vurdurmamağı qət etdim. Nə qədər  belə dözəsən? Bütün  gecəni yata bilmədim. Gözlərim hədəqəsindən çıxır, sızıldayırdı. Göz  damcısı flakomunu növbəti tibb bacısına aparıb gözümə tökməyi xahiş etdim. “Yox, gecə vaxtı gözə dərman tökməzlər” dedi. Sanitar da damcılatmaqdan qaçdı.  Yəqin tibb bacısının cavabını  duyubmuş.

Aprelin 13-də səhər saat 6-da harayıma çatan oldu. Uşaqlar taksi gətirib növbətçi tibb bacısı   şəkili Nailədən və növbədə olan üç mühafizəçidən yayındırıb məni qaçırdılar. Neçə gündür yatıram. Ev qayğısı məni yumşaltmır. Ağrılarım bir yana, gördüklərimin vahiməsi canımdan  çıxmır. Başa düşürəm ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası mənim  dünyam deyil. Qapalıdır. Orada sözsüz-soraqsız yazılmayan qanunlar var.

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının dolanbacları Səhiyyə Şöbəsinin qulağı  dibində tərəqqi eləyir. Buradakı korrupsiya hüquq-mühafizə orqanlarının diqqətini  çəkmir.

Qüdrət Əliyev,

Sumqayıt şəhəri, 3-cü mikrorayon

Redaksiyadan: Şikayətlə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN