Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ölkədə  fəaliyyət göstərən və necə deyərlər, qiymətləri od tutub yanan tibb müəssisələrində planlı və plansız yoxlamalar aparılıb.

Həmin  tibb müəssisələrinin bir çoxunda müxtəlif nöqsanlar aşkarlanıb. Beləliklə, Mərkəz tərəfindən cari ilin I rübü ərzində plan üzrə yoxlamalar siyahısında olan 77 özəl tibb müəssisəsindən 49-da planlı yoxlamalar baş tutub.

Bunun nəticəsi olaraq, 38 müəssisədə nöqsanlar aşkarlanıb. Digər 28 özəl müəssisədə isə reyestrdən imtina, ünvan dəyişmə, təmir və ya lisenziyanın ləğvi səbəbindən yoxlamaların aparılması mümkün olmayıb, 11 müəssisədə isə heç bir nöqsan aşkarlanmayıb.

TEZADLAR. AZ xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin məlumatında qeyd edilib.

Belə ki, plandankənar yoxlamalar nəzərdə tutulmuş 33 müəssisənin 28-də yoxlamalar aparılıb. Nəticədə 8 müəssisədə nöqsanlar aşkarlanıb.

Aparılan monitorinqlərin nəticəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 210.1, 215.1 və 215.4 maddələrinə əsasən 52 protokol tərtib edilib və icraata göndərilib.

Qeyd edilməlidir ki, İXM-in 210.1–ci maddəsinə (lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə) fiziki şəxslər 2000 manatdan 3000 manatadək, vəzifəli şəxslər 5000 manatdan 10000 manatadək, hüquqi şəxslər isə 20 000 manatdan 30000 manatadək cərimə edilir.

 İXM-in 215.1-ci maddəsinə görə (tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər isə 6000 manatdan 8000 manatadək cərimə edilir.

İXM-in 215.4-cü maddəsinə görə (qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər isə 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.

Bundan əlavə, 67 özəl tibb müəssisəsinin fəaliyyət ünvanlarında yaradılan şəraitin normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilib, onlardan lisenziya almaq üçün edilən 55 müraciətə müsbət rəy verilib.

Göründüyü kimi,  28 özəl müəssisədə reyestrdən imtina, ünvan dəyişmə, təmir və ya lisenziyanın ləğvi səbəbindən yoxlamaların aparılması, ümumiyyətlə, mümkün olmadığı üçün həmin müəssisələrin fəaliyyəti ilə bağlı heç bir söz demək olmaz.

Lakin 50-dək özəl tibb müəssisəsinin fəaliyyətində nöqsanlar aşkarlanıb, hansı ki, bu, özəl tibb müəssisələrinin təqdim olunmuş siyahıdakı say nisbətinə görə heç də kiçik rəqəm deyil. Onu da diqqətə çatdıraq ki, cərimələnmiş tibb müəssisələrinin adları və konkret olaraq hər birinin hansı maddə üzrə cərimələndiyi də açıqlanmayıb. 

P.S. Qeyd edək ki, insanlar özəl tibb müəssisələrindəki xidmətin yüksək səviyyəli, keyfiyyətli və fəaliyyətinin qanunlar çərçivəsində - nöqsansız olduğunu düşünərək onlara üz tuturlar. Özəl tibb müəssisələrindəki qiymətlərdən isə bu müəssisələrə müraciət edən xəstələr xəbərdardır. Məsələn, əgər sənin barmağına mətbəx masasında çalışarkən sürtkəcdən kəsik düşübsə və sən onların təcili yardımına müraciət etmisənsə, sənə bu müayinə və yara işləməsi bir mətbəx robotunun qiymətinə başa gələ bilər....  

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN