Yasər İsmayılov: “Sahə rəisi izahat verməyimi tələb etdikdə, müdafiə hüququmun təmin edilməsini xahiş etdim, o isə etik normalara sığmayan hərəkətlərlə “vəkili cibindən çıxart, qoy bura”, - dedi...”.

Hüquq-mühafizə orqanlarının gərgin əməyi, zəhməti və gecə-gündüz ayıq-sayıq olması sayəsində respublikamızda əmin-amanlıq hökm sürür. Bu əmin-amanlığın yaranmasında daxili işlər naziri kimi cənab Vilayət Eyvazovun nazirlik sistemdə apardığı islahatların böyük rolu var. Dəfələrlə eşimişik ki, hansısa qanunsuzluğa yol verən vəzifəli polis məmurları hörmətli nazir tərəfindən ciddi cəzalandırılıb. Əlbəttə, qanunsuzluğa yol verən hansısa polis işçisi təkcə özünün və işlədiyi sahənin yox, bütünlüklə nazirliyin nüfuzuna zərbə vurur. Təbii ki, belə polis məmurları cəzalanmalıdır. Elə redaksiyamıza müraciət edən Qəbələ rayonu, Zarağan kəndində anadan olmuş, lakin Bakı şəhərində yaşayan İsmayılov Yasər Seyidməmməd oğlu da məhz öz vəzifəsindən sui-istifadə edərək, polisin nüfuzuna xələl gətirən polis məmurlarından şikayətçidir.

Məlumat üçün qeyd edək ki, Y.İsmayılov anadan olduğu Qəbələ rayonu Zarağan kəndində qanuni çıxarışı olan torpaq sahəsində olan kiçik ticarət obyektinin içərisində meyvə-tərəvəz məhsullarının satışı ilə məşğul olur. 7 aydır bu işlə məşğul olsa da, heç bir polis əməkdaşı onun qanuni kiçik sahibkarlıq fəaliyyətinə mane olmayıb. Lakin Qəbələ rayon Polis Şöbəsinə Fəxrəddin Abbasov rəis təyin ediləndən sonra vəziyyət dəyişib. İndiyə qədər həmin əraziyə cavabdeh olan sahə rəisi, polis leytenantı Səxavət Qafarov Y.Seyidməmmədova bildirib ki, rayona təzə rəis gəlib, küçə ticarəti qadağandır, obyekti bağlamalısan, ya da...

***

Y.İsmayılov bizimlə söhbətində bildirdi ki, həm Pirallahıda qeydiyyatda olduğu ünvanda, həm də anadan olduğu Zarağan kəndində hamı bilir ki, mən oruc tutub, namaz qılan, dindar adamam: “Dinimizdə də var ki, qanunsuz əməl haramdır. Ona görə də mən heç vaxt, heç kiminlə qanunsuz sövdələşməyə getməmişəm, özüm də qanunsuz əməl törətmərəm. Mən küçə ticarəti etmirəm... Çünki mən həmişə dövlətimizin qanunlarına hörmətlə yanaşmışam və o qanunların da sayəsində hüququmu qoruya bilmişəm. Amma dünənə qədər məni tanıyan sahə rəisi Səxavət Qafarov və onun işçisi çavuş Rasimli Fəxrəddin Rafael oğlunun obyektə qarşı heç bir tələbləri və iddiaları olmayıb. Vergi orqanının da heç vaxt şikayəti olmayıb. Mən bununla bildirmək istəmirəm ki, belə qanunsuzluq təzə rəis Fəxrəddin Abbasovun göstərişidir. İnanıram ki, təzə rəis heç vaxt belə göstəriş verməz. Bu, sadəcə fürsətdən istifadə edən bəzi polis məmurlarının özbaşınalığıdır”.

Hamının bildiyi kimi, hörmətli Prezident cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə bildirib ki, qanuni sahibkarlıq fəaliyyətinə heç kim mane olmasın. Belə çıxır ki, cənab Prezidentin bu göstərişləri Zarağan kəndi üzrə sahə rəisi Səxavət Qafarova və onun işçisi, çavuş Rasimli Fəxrəddinə, həm də onların bu qanunsuz əməlini müdafiə edən Qəbələ Rayon Polis Şöbəsinin rəis müavini Nəzər Qaragözova təsiri yoxdur? Bu səbəbdən də tam qanuni əsaslarla kiçik sahibkarlıqla məşğul olan Y.İsmayılova bu polis məmurları süni problem yaradırlar. Ona görə də obyektin qarşısında heç bir meyvə-tərəvəz olmadan əsassız protokol tərtib edilir ki, guya Y.İsmayılov qanunsuz küçə ticarəti ilə məşğul olur.

"Şikayəıtçi Yasər İsmayılov DİN-nin “102” qaynar xəttinə məlumat verərək sorğu edib ki, polisin məhkəmə qərarı olmadan obyekti bağlamaq ixtiyarı varmı? Cavab verən operator bildirib ki, polisin belə bir hüququ yoxdur..."

1690912478512

Polislər əvvəlcə video çəkiliş aparıblar, sonradan başa düşüblər ki, çəkdikləri videoda küçə ticarətini təsdiq edən görüntülər yoxdur. Belə olan surətdə yenə protokol tərtib etməkdə israrlı olublar və həmin andaca Y.İsmayılov DİN-nin “102” qaynar xəttinə məlumat verərək sorğu edib ki, polisin məhkəmə qərarı olmadan obyekti bağlamaq ixtiyarı varmı? Cavab verən operator bildirib ki, polisin belə bir hüququ yoxdur. Buna baxmayaraq, sahə rəisi Azər Zeynalov rəis müavini Nəzər Qaragözova arxayın olaraq RPŞ-nin protokolunu tərtib edib. Lakin həmin protokola, qanunsuz olduğu üçün Y.Seyidməmmədov imza atmayıb. Beləcə də bu protokol əsasında məhkəmə qurulub və Y.Seyidməmmədov 50 manat cərimə edilib. Bu cərimə barədə 24.07.2023-cü il 3 (025-345/2023 nömrəli işin məhkəmə materialına baxdıqca adamı gülmək tutur. Deməli, hakim Elman Bəhruz oğlu İsayevin sədrliyi ilə keçən həmin məhkəmə qərarında oxuyuruq: “Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı Zeynalov Azər Məmməd oğlu izahatında bildirmişdir ki, 21.07.2023-cü il tarixində icraatına Qəbələ rayonu polis şöbəsinin İTB-nin sahə rəisi Səxavət Qafarovun raportu daxil olmuşdur.

Raportda Qəbələ rayonu Zarağan kəndində yaşayan, Bakı şəhəri Pirallahı qəsəbəsində qeydiyyatda olan İsmayılov Yasər Seyidməmməd oğlu Qəbələ rayonu Zarağan kəndində özünə kiçik ticarət obyekti açması ilə bağlı, Azərbaycan Respublikasının İXM-nin 454-cü maddəsilə xəbərdarlıq edilmişdir. Polis əməkdaşlarının onun yanında olduğu zaman ayağa qalxmaması, telefonla oynaması polisə birbaşa hörmətsizlik etməsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsinə gətirilərək, növbətçi hissəyə təhvil verilmişdir”.

Məhkəmə sonda Y.İsmayılovun 50 manat cərimə edilməsi haqqında qərar çıxarmışdır.

Başa düşmək çətindir ki, hər gün görüb, rastlaşdığın, salamlaşdığın, polis nəfərini növbəti dəfə görəndə ayağa qalxmamaq və yaxud telefonla məşğul olmaq nə vaxtdan polisə hörmətsizlik kimi qəbul edilir? Bu, gülünc deyilmi? Elə buradaca qərarın qərəzli olduğu açıq-aydın görünür. Bu azmış kimi, Y.İsmayılovu qanunsuz olaraq iki günlük həbs də ediblər. Düzdür, polisin şübhələndiyi şəxsi 48 saat saxlamaq hüququ var. Ancaq hamısının kənd sakini kimi yaxşı tanıdığı dindar bir şəxsi qanunsuz olaraq 48 saatdan da artıq saxlamaq yolverilməzdir. Ona görə də bu işi qurub-qoşan keçmiş və indiki rəis müavini Nəzər Qaragözov görünür təzə rəisə xoş görünmək istəyib.

Rayonda hamının yaxşı tanıdığı dindar adamı sərxoşluq müayinəsindən keçirməyin adı nədir???

1690912478500

Rayon Polis Şöbəsinin sahə rəisi Azər Zeynalov isə nəinki saxta protokol tərtib etməklə, hətta hamının dindar adam kimi tanıdığı bir adamı 21.07.2023-cü il tarixdə sərxoşluq müayinəsindən də keçirilməsini təşkil etməklə, necə deyərlər, lap ağını çıxarıb. İnanırıq ki, cənab nazir Vilayət Eyvazov bu hərəkətinə görə adı çəkilən polis əməkdaşına ən azı ciddi xəbərdarlıq edəcək. Axı qaşunmayan yerdən qan çıxarmaq indiki vaxtda kim əvə nəyə lazımdır???

***

Y.İsmayılov  bizimlə söhbətində qeyd etdi ki, 50 manat mahiyyətcə elə böyük məbləğ deyil. Sadəcə ona edilən qanunsuzluğa etirazını bildirir. Ona görə də özünün 50 manat cərimə olunduğunun, 48  saatdan artıq polis şöbəsində saxlanılmasının qanunsuz olduğunu sübut etmək üçün Şəki Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Y.İsmayılovun həmin şikayətində yazır: “Qəbələ rayonu Zarağan kəndində xüsusi mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşən əmlakımda, zərrə qədər kənara çıxmadan, mövsümü meyvə-tərəvəz məhsullarının satışı ilə məşğulam. 21.07.2023-cü il tarixdə, səhər saatlarında Qəbələ RPŞ-nin əməkdaşları Səxavət Qafarov və Rasimli Fəxrəddin həmin sözügedən mülkiyyətində olan meyvə-tərəvəz məhsulları satışı ilə məşğul olduğum ünvana gəldilər və mənə küçə ticarəti ilə məşğul olduğumu deyərək, barəmdə protokol tərtib edəcəklərini, eyni zamanda ticarət obyektimi bağlamağı tələb etdilər. Bundan sonra mən polis əməkdaşlarının yanında DİN-in “102” qaynar xidməti ilə əlaqə saxlayıb, küçə ticarəti ilə məşğul olmadığım halda mənə protokol tərtib etdiklərini bildirdim və qeyd etdim ki, 7 aydır tam obyektin içərisində bu işlə məşğulam. Bayırda heç bir meyvə-tərəvəz məhsulu yoxdur. DİN-in “102” xidmətindən mənə cavab verən operator, polis əməkdaşlarının oranı bağlamağa hüquqlarının olmadığını bildirdi. Eyni zamanda qeyd etdi ki, bu mobil danışığım rəsmi şəkildə qeydə alınır”.

Bütün bu qanunsuzluqları daha yaxından görmək, həmçinin tərtib olunmuş protokoldakı “çp”lərlə tanış olmaq məqsədilə Y.İsmayılovun Qəbələ Rayon Məhkəməsinin hakimi Elman İsayevə yazdığı “protokola dair qeydlər”inə nəzər salaq:

“1. Mən məhkəmə iclasında ifadə verərkən DİN-in “102” qaynar xəttinə zəng vurduqdan sonra, polis əməkdaşlarının tələbinə uyğun olaraq obyekti bağladım və cümə namazına getdim. Qayıdıb gəldikdə isə, Qəbələ RPŞ-nin İTB-nın rəisi, həmçinin rəis müavini Nəzər Qaragözovun xidməti maşınını obyektin qarşısında gördüm. Amma maşın boş idi. Nəzər Qaragözov bir neçə dəqiqədən sonra gəldi və mobil telefonla zəng edib Fəxrəddin Rasimlini çağırdı. Fəxrəddin gəldikdən sonra onlar məni polis maşınına oturmağımı istədilər və birlikdə Rayon Polis Şöbəsinə gətirdilər. Burada sahə rəisi Azər Zeynalov izahat verməyimi tələb etdikdə müdafiə hüququmun təmin edilməsini xahiş etdim, o isə etik normalara sığmayan hərəkətlərlə “vəkili cibindən çıxart, qoy bura” - dedi. Daha sonra hal şahidini çağıraraq video çəkiliş apardı. Həmin vaxt vəkillə təmin olunmadığıma görə izahat verməkdən imtina etmişəm.

  1. Polis sahə rəisi Səxavət Qafarov məhkəmə iclasında iş materiallarında olan polis şöbəsində verdiyi izahata zidd izahat vermişdir. Lakin Protokola onun polis şöbəsində verdiyi izahat eynilə köçürülmüşdür.
  2. Polis əməkdaşları Səxavət Qafarova və Fəxrəddin Rasimliyə video çəkiliş və DİN-in “102” qaynar xəttinə etdiyim zənglə bağlı verdiyim sualın və onların həmin sualıma cavabları da protokola qeyd edilməyib.
  3. Məhkəmə iclasına sədrlik edən hakim Elman İsayevin şahidlər Çingiz Bayramova və Şaiq Həbibliyə mənim obyekti bağlamağımla bağlı sualı və onların cavabları da protokolda göstərilməyib.
  4. Müdafiəçim Vüqar Babalıyevin barəmdə protokolu tərtib edən sahə rəisi Azər Zeynalova “Siz Yasər İsmayılovun barəsində tutma protokolu tərtib edərkən və ondan izahat almaq istəyərkən onu müdafiəçi ilə təmin etdinizmi?” - sualı və Azər Zeynalovun həmin suala “Tutma vaxtı Yasər İsmayılovun İXM-nın 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilib-edilməyəcəyi bəlli deyildi, bu səbəbdən də vəkilə nə ehtiyac var idi?” - cavabı da protokola yazılmayıb.

1690912478494

Bundan əlavə, 21.07.2023-cü il talrixdə Yasər İsmayılovun barəsində 48 saat müddətinə tutma protokolu tərtib etdiyiniz və həmin tutmanın müddətini 23.07.2023-cü il tarixində saat 20:00 radələrində başa çatdığı halda, hansı əsasla Y.İsmayılovun azadlığını qanunsuz məhdudlaşdıraraq, onu 24.07.2023-cü il saat 10:30-dək polis şöbəsində saxlamısınız?”sualı və Azər Zeynalovun “Əslində buna Yasər İsmayılovun azadlığını tam olaraq məhdudlaşdırmaq demək olmaz, qismən məhdudlaşdırılıb” cavabı da protokolda qeyd edilməyib.

Göründüyü kimi, Qəbələ Rayon Polis Şöbəsinin bəzi polis əməkdaşları qanunsuzluğa gedərək və bütün gücünü adi bir dindar şəxsin- Yasər İsmayılovun üstünə getməklə, həm qanunlara hörmətsizlik ediblər, həm də Allah qarşısında günaha batıblar.

Biz bu məsələni işıqlandırmağı ona görə vacib bildik ki: adətən, adi bir hadisə (İsmayıllıda ötən illərdə baş verənləri xatırlayın) sonradan kütləvi ictimai etirazlara, qanunsuz hərəkətlərə, asayişin süni surətdə pozulmasına gətirib çıxarır. Məqsədimiz həm də budur ki, daxili işlər naziri, hörmətli Vilayət Eyvazov Qəbələ Rayon Polis Şöbəsində baş verən bu hallardan xəbərdar olsun. Çünki, təkrar edirik, bəzən odu söndürmək onun qarşısını peşəkarlıqla almaqdan yüz dəfə çətin olur... Zənnimizcə, bu hadisə zamanı polisin dindar insana qarşı azacıq da olsa mərhəməti olsaydı, daha yaxşı olardı.

Elçin Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN