…Bu gün həm də onun işıqlı-parlaq və qeyd edilməli günüdür…

Azərbaycanın görkəmli tarixçi-arxeoloq alimi, Respublikanın Əməkdar jurnalisti Qafar Cəfər oğlu Cəbiyevin doğum günüdür…  Qafar müəllimlə uzun müddətdir dostluq-əməkdaşlıq münasibətindəyəm. Bir müddət əvvəl «Azərbaycan» qəzetində birgə çalışmışıq. Onun təvazökarlığı, sadəliyi və Vətənsevərliyi hər kəsə nümunə ola biləndir.

***

Qafar Cəbiyev həm də elmi-araşdırmaçı kimi nümunədir. İş yeri Azərbaycan EA-da olsa da, nə vaxt zəng edirəmsə, hansısa rayonda arxeoloji qazıntı ilə məşğul olduğunu bildirib. Bu həm də Vətənin keçmişinə, tarixinə olan məsuliyyət yükünü daşıyan bir insanın alın yazısıdır!

***

 O, olduğu kimi görünən alim, dəyərli ziyalı, nümunə göstəriləsi dostdur. Əməkdaşımız Teyyub Abdullayev Qafar müəllimlə yaxın münasibətdədir. Onunla tanışlığı çox da böyük zaman içində olmasa da, həmişə deyir ki, elə bil uzun illərdir tanıyıram. «…Çünki o qədər sadə və təmiz ürək sahibidir ki, nəyi varsa, üzdədir, zahirindədir, əməlində və insanlarla ünsiyyətindədir», -deyir T.Abdullayev.

 ***

 Bəli, bu gün həm də onun günüdür! Ona görə «həm də/» deyirəm ki, bu gün həm də Azərbaycan elminə-tarixinə və etnoqrafiyasına samballı töhfələr verən, hələ də yorulmadan çalışan Qafar Cəbiyevin dostlarının günüdür! Çünki o, dostları üçün bir qənimətdir, istinaddır, nümunədir!

qafar-4

 Qafar Cəbiyev 1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində anadan olub, 1973-cü ildə Gəncə Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib, 1973-1974-cü illərdə Talıstan kənd orta məktəbində tarix müəllimi, 1974-1976-cı illərdə rayon qəzetində şöbə müdiri, 1977-1978-ci illərdə «Bilik» cəmiyyəti İsmayıllı rayon təşkilatının məsul katibi, 1978-1980-ci illərdə Azərbaycan KP İsmayıllı rayon komitəsində təlimatçı, 1980-1981-ci illərdə rayon qəzetinin redaktor müavini vəzifələrində çalışmışdır.

1975-ci ildə Azərbaycan EA Tarix İnstitutunun aspiranturasına daxil olmuş, 1981-1990-cı illərdə Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsində baş laborant, kiçik elmi işçi, elmi işçi və aparıcı elmi işçi vəzifələrində işləmiş, 1985-ci ildə namizədlik, 2008-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Qəbələ, Ağsu, Kürdəmir, Basqal, Dəmirçi və Avaxıl arxeoloji ekspedisiyalarına rəhbərlik etmişdir. 20 monoqrafiya, o cümlədən “Arxeologiya və romantika”, “Azərbaycan keramikası”, “Can Azərbaycan”, “Bura Vətəndir”, “Muradxan dəfinəsi”, “Girdiman tarixi”, “Yazılan qalacaq”, “Girdiman. Tarixi və coğrafiyası” və “Düşüncələr” adlı iri həcmli kitabların, ali məktəblər üçün “Azərbaycan tarixi” və “Azərbaycan arxeologiyasının əsasları” adlı dərsliklərin, 130-dan çox elmi, 350-dən çox elmi-publisistik məqalə müəllifidir. Müxtəlif vaxtlarda keçirilmiş respublika və beynəlxalq əhəmiyyətli konfrans və simpoziumlarda məruzələrlə çıxış edib.

1990-2003-cü illərdə “Azərbaycan” qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbiri, eyni zamanda Bakı Dövlət Universiteti Şəki filalının dosenti kimi pedaqoji fəaliyyətlə məşğul olmudur. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 2003-ci ildə 4 il, 2007-ci ildə 6 il, 2013-cü ildə isə  yenidən 6 il müddətə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 2013-2019-cu illərdə Milli Televiziya və Radio Şurası sədrinin müavini vəzifəsində çalışmışdır. 2008-2017-ci illərdə ictimai əsaslarla Azərbaycan Müəllimlər İnstitutu İctimai fənnlər kafedrasına rəhbərlik etmiş, 2012-ci ildə isə Türk dünyasının “Elm adamı” fəxri adına layiq görülmüşdür. Hazırda AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri və  Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komisiyasının tarix və antropologiya elmləri üzrə Ekspert Şurasının sədr müavini vəzifələrində çalışır.

 “Qızıl qələm” və “Humay” mükafatları laureatıdır. Kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2012-ci il tarixli Sərəncamı ilə “Əməkdar jurnalsit” fəxri adına layiq görülmüşdür.

***

 Görkəmli alim-jurnalist həmkarımızı biz də doğum günü münasibətilə ürəkdən təbrik edir, ona sağlam ömür və yaradıcılıq uğurları arzulayırıq. Tanrı kölgəsini üstündən əskik eləməsin!

Asif MƏRZİLİ

qafar-1

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN