"Yerli investorlardan heç olmasa birini 17 hektar torpaq sahəsi ilə təmin etmisinizmi?" - deputat Baktıbek Sıdıkov

  QR-ı parlamentinin nəqliyyat, rabitə, memarlıq və tikinti komitəsinin iclasında deputatlar İssık-Kulda beşulduzlu otelin tikintisi məsələsini müzakirə ediblər və bu zaman bəzi deputatlar məsələyə tənqidi yanaşıblar.

Bəs qardaş ölkədə narazılıq nədən qaynaqlanıb?

Belə ki, narazılığa səbəb Azərbaycana 17 hektar ərazini 49 il müddətinə icarəyə vermə şərtləri ilə bağlı olub.

 Deputat Baxridin Şabazovun fikrincə, Qırğızıstan Respublikasının Milli İnvestisiya Agentliyinin direktor müavini Jalın Jeenaliev mehmanxananın ilkin eskizini parlamentə gətirməli imiş.

 “Bizi narahat edir ki, siz torpağı necə, hansı şərtlərlə verirsiniz. Əgər siz bura ilkin layihə ilə gəlib otelin necə olacağını göstərsəydiniz, bu yerdə nə olacağını anlayardıq. 17,5 hektar torpaq verirsən, sənin orada nə tikiləcəyindən anlayışın olmalıdır”, - deyə Baxridin Şabazov bildirib.

 Milli İnvestisiya Agentliyinin rəis müavini isə cavabında bildirib ki,  agentlik investorlardan yalnız ilkin layihəni (eskizi) təqdim etməyi gözləyir.

 Deputat Baktıbek Sıdıkov isə irad bildirib ki, qurum, hətta otelin neçə yerlik olacağını, investorların nə qədər iş yeri ilə təmin edəcəyini belə qeydiyyata almayıb.

 “Siz qeyd etmədiniz ki, bu otel, ilboyu fəaliyyət göstərəcək, əgər belədirsə, o zaman nəyin hesabına olacaq. Bəlkə orada sanatoriya olacaq. İnvestisiyalar bu şəkildə cəlb edilmir. Dəqiq bir çərçivə olmalıdır, biz investorlarla müqavilələri necə tərtib etməyi bilməliyik. Oyunun qaydalarının nə olduğunu bilmirik. Yerli investorlardan heç olmasa birini  17 hektar torpaq sahəsi ilə təmin etmisinizmi? Bütün sahibkarlar vergidən azad edilmir, hamı ödəyir”, - Baktıbek Sıdıkov bildirib.

Qeyd edək ki, Qırğızıstanın 24.kg portalının məlumatına görə, parlamentin iclasında ​ Milli İnvestisiya Agentliyinin direktor müavini Jalın Jeenaliev bildirib ki, İssık-Kulda torpaqların Azərbaycan tərəfinə 49 il müddətinə icarəyə verilməsi təklif edilib.

O, qeyd edib ki, 3 il ərzində investorlar beşulduzlu otel tikməlidirlər:

 “Onlar bunu söz veriblər. On il ərzində Azərbaycan tərəfi üçün müəyyən rahatlıqlar olacaq. Tikinti zamanı onlar gömrük rüsumlarından, idxal vergilərindən, icarə və əmlak vergilərindən azad olunacaqlar. Pansionatın fəaliyyəti dövründə investorlar gəlir vergisi, əlavə dəyər vergisi, təchizat vergisi və torpaq icarəsindən azad olunacaqlar”, - deyə bildirib.

Yəqin ki, bundan sonra Azərbaycan tərəfi də qarşı tərəfin şərtlərini incələyərək öz qərarını verəcək - nə şiş yansın, nə kabab...  

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN