Bu şirkətə qarşı mənə vurduğu maddi və mənəvi ziyana görə, həmçinin məndən qanunsuz olaraq çıxdığı pulları geri almaq üçün məhkəmədə iri məbləğdə təzminat davası açmaq fikrindəyəm
Bakcell şirkəti Azərbaycanda ilk mobil operatorudur. Ondan sonra Azercell, son illərdə isə Nar şirkəti fəaliyyətə başlayıb. Amma biz bu gün Bakcell şirkətindən danışacağıq. Çünki digər iki mobil operatorun rəsmiləri ilə lazım olanda danışmaq olur. Hər hansı problemi müzakirə yolu ilə aradan qaldıra bilirik. Amma Bakcell şirkəti abunəçilərlə özü arasında əməlli-başlı “Çin səddi” çəkib. Dərdini demək üçün bu şirkətin bir nəfər də olsa, rəsmisinin mövqeyini öyrənmək mümkün deyil.
(012) 498-89-89 telefonuna zəng edirsən, robot çoxsaylı servisləri sadalayandan sonra operatora birləşdirmək üçün “0” düyməsini basmağımızı xahiş edir. “0” düyməsini basandan sonra isə, nə qədər gözləsən də və mənasız bir musiqini dinləmək məcburiyyətində qalsan da, operator cavab vermir ki, vermir.
1 avqust 2024-cü il, gündüz saat 12:20 dəqiqədə vurduğum zəngdən sonra operatorun cavabını gözləmək üşün düz 40 dəqiqə telefonun başında qalası oldum. Amma operatordan səs çıxmadı. Məcbur olub 555 qaynar xəttinə zəng etdim. Oradan da robot bildirdi ki, nömrə yanlışdır. (012) 498-94-44 nömrəli telefona zəng edəndən sonra da “0” düyməsini bassaq da, operatora qoşulmaq mümkün olmadı.
Ordan-burdan öyrəndim ki, Bakcell Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aysel Süleymanovadır. Görünür, bu xanım işini o qədər “super” səviyyədə qurub ki, onun mobil telefonunun nömrəsini jurnalist həmkarlarımın heç biri bilmir. Bundan əvvəl orada Süheylə xanım işləyirdi. Bu xanıma nə vaxt istəsək zəng edə bilirdik və dərhal da telefonu açırdı. Yaranmış problemi və yaxud redaksiyamıza Bakcellin keyfiyyətsiz xidməti barədə daxil olmuş şikayətləri araşdırıb, həll edirdi. Bu səbəbdən də şikayətin ictimailəşməsinə ehtiyac qalmırdı. İndi Süheylə xanım başqa bir sahədə çalışır. Onu əvəz edən Aysel Süleymanova isə, harada çalışır və nə iş görür, hələ məlum deyil. Əgər 40 ilin jurnalisti olaraq mən bütün güc strukturları, şirkətlər və nazirliklərin mətbuat xidmətlərinin rəhbərləri ilə istənilən vaxt zəng edib hər hansı bir məsələni müzakirə edə bilirəmsə, bəs niyə Bakcell şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aysel Süleymanovanı tanımıram? Mən bir neçə jurnalist həmkarımdan da soruşdum, yenə də Bakcell şirkətinin mətbuat xidmətinin rəhbəri Aysel Süleymanovanı tanıyan olmadı. Bu, biabırçılıq deyilmi? Bu Bakcell boyda bir şirkərin nüfuzuna kölgə salmaq deməkdir. Çünki Aysel Süleymanovanın ən ümdə vəzifəsinin adından da göründüyü kimi, ictimaiyyətlə, jurnalistlərlə işləməkdir ki, müəyyən problemlər, şikayətlər ortaya çıxanda birlikdə həll edilə bilsin. Aysel Süleymanovanı isə jurnalistlər tanımır.
Amma ildə bir-iki dəfə Bakcell şirkəti özünün varlığını göstərmək üçün jurnalistlərə hədiyyələr verir. Onların hədiyyələri xüsusi bir paketdə Azərbaycan Nəşriyyatının foyesində düzülərək, sahiblərini gözləyir. Ötən il 22 iyul Mətbuat Günündə polisin yanından keçib işə gedərkən bu paketlər diqqətimi çəkdi. İstər-istəməz bilmək istədim ki, dostlardan kimlərə hədiyyələr gəlib? Məlum oldu ki, Bakcell şirkəti mətbuat günündə dələduzluq maddəsi ilə həbsxana həyatı yaşamış sayt rəhbərlərinə hədiyyə göndərib. Təəccüb və təəssüf məni bürüdü… Nə isə... Bu, rəzalətdir, yəni o boyda şirkətin mətbuat xidmətinin dünyadan xəbəri yoxdur. Ona görə də həbsxana həyatı yaşayan sayt rəhbərləri ilə yaxından əməkdaşlıq edirlər…
Bəs, Bakcell şirkətinə bir həftədir nəyə görə zəng edib, rəsmilərdən kimisə axtarırdım? Ona görə ki, məni narahat edən suallara aydınlıq gətirməsini istəyirdim. Bu, baş tutmadığı üçün həmin məlumatları saytımız vasitəsilə yazıb, şirkət rəhbərinin diqqətinə çatdırmaq istəyirəm. Ancaq həmin suallara nəinki mətbut xidmətinin rəhbəri, hətta aşağı təbəqədə olan kiçik bir məmur da cavab verə bilərdi.
Çox təəssüf ki, şirkətin abunəçilərlə öz arasındakı yaratdığı “Çin səddi” buna imkan vermir və nəticədə belə yazılar saytların, qəzetlərin səhifəlrində yer alır. Halbuki əvvəldən yazı dərc eləmək kimi niyyətimiz olmayıb. Yazının dərc olunmasına səbəb isə şirkət rəhbərlərinin abunəçilərlə öz aralarında yaratdıqları “Çin səddi”dir. Bəs məni narahat edən suallar hansılardır?
Əvvəla, qeyd edim ki, mənim Baksel nömrəm günboyu “0” tarif sisteminə qoşulub. Düzdür, indi bu tarif sisteminə qoşulma yoxdur, nədənsə, onu ləğv elədilər. Amma kim vaxtında bu sistemə qoşulubsa, ona, maraqlıdır ki, dəymədilər. Sistemin mahiyyəti ondan ibarətdir ki, sutka ərzində abunəçidən 29 qəpik çıxılır və əvəzində, gecə saat 01:00-dan axşam tərəfi saat 18:00-dək olan müddətdə cindən-cinə nə qədər istəsən pulsuz danışa bilərsən. 18:00-dan sonra isə, necə deyərlər, Qəribi ağlamaq tutur. Yəni bu vaxtdan sonra istənilən Bakcell abunəçisinə zəng etsən, digər mobil operatorlarda olduğu kimi, bir dəqiqəsi 5-6 qəpikdən yox, 20 qəpikdən hesablanır. Bu, hansı məntiqə və qanuna sığır? Bu səbəbdən soruşmaq istəyirəm, Bakcell niyə “soyğunçuluq” edərək mənim cibimə girir? Bu hələ harasıdır? Tutaq ki, mənim hesabımda 5 manatlıq kontur var. Amma danışma vaxtı bitib. Bu zaman bir yerə zəng vuranda, robot bildirir ki, sizin telefonunuz borcdan bağlıdır. Sual edirəm, əgər mənim balansımda 5 manat varsa, hansı borcdan söhbət gedə bilər? Bakcell-in məntiqi ilə başa düşülür ki, sadəcə, müvafiq müddət başa çatıb. Nəticədə, balansımda 5 manat olsa da, harasa zəng etmək hüququmu Bakcell əlimdən alır. Məni məcbur edir ki, 5 manatım ola-ola, əlavə yenə pul yükləyim. Bu “reket”çilik deyilmi?
Əvvəla, mənim balansımda 5 manatım var və mən Bakcell-ə borclu deyiləm ki, robot telefonumun borca görə bağlı olduğunu bildirir. Robot deməliydi ki, yüklədiyiniz pulun danışıq müddəti bitib. İndi də gələk bu müddət məsələsinə. Nəyə görə mən öz halal pulumla artırdığım balans qurtarana qədər danışa bilmərəm? Nə səbəbdən şirkət mənim puluma məhdudiyyət qoyur? Əgər mən sənə o pulu ödəyib, danışıq icazəsi alıramsa, niyə buna limit qoyulmalıdır? Bəlkə imkanlı bir dostum postterminal vasitəsilə mənim 30-40 manatlıq balansımı artırıb və mən bu pulla 2 ay rahat danışa bilərəm. Amma vaxt tamam olan kimi, Bakcell "qılıncını sıyırıb" məni ətraf aləmlə təcrid edir. Balansımda kifayət qədər pulun olmasına baxmayaraq, heç kimlə danışa bilmirəm. Axı belə məntiqsizlik ola bilməz. O mənim halal pulumdur. O pulu necə idarə etmək isə mənim səlhiyyətimdədir. Bakcell şirkəti hansı əsasla mənim puluma barmaq uzadır? Telefonumu bir tərəfli qaydada bağlayır və məni məcbur edir ki, əlavə pul yükləyim. Bu, heç bir qanun çərçivəsinə sığmır.
Bakcell-in özbaşınalıqları yetərincədir və pulu ilə fəaliyyət göstərib, çörək qazandığı abunəçiyə yuxarıdan aşağı baxmağı çox sevir. Mən dəfələrlə Bakcell-in Müştəri Xidmətlərinə rəsmi müraciət edərək, bildirmişəm ki, hər zəngdən sonra gün ərzində niyə mənə danışdığım müddət və qalan balansım haqqında bildiriş gəlmir? Dəfələrlə müraciət etməyimə baxmayaraq, bu problem hələ də həllini tapmayıb. Axı Bakcell-in burada nə fırıldağı var ki, zəngdən sonra telefonun ekranına bildiriş mesajı gəlmir? Amma axşam saat 6-dan sonra 1 dəqiqəyə 20 qəpiyin çıxılması haqqında mesaj dərhal gəlir. Axı gün ərzində mən bilmirəm ki, mənim balansımdan neçə qəpik və ya neçə manat çıxılır?
Bakcell-də abunəçinin cibinə girmə variantları çoxdur. İndi bilmirəm onların hamısını tətbiq edib sınaqdan çıxarıblar, yoxsa hələ qatı açılmamış yeni pulsoyma variantları növbəsini gözləyir?
Bakcell şirkətinin rəhbərliyindən isə heç kimlə əlaqə saxlayıb, məsələyə aydınlıq gətirmək mümkün olmur. Belə getsə, Baksel şirkəti ilə biz məhkəmədə görüşəcəyik. Şirkətin mənə vurduğu maddi və mənəvi ziyana görə, həmçinin məndən illərlə qanunsuz olaraq çıxdığı pulları geri almaq üçün iri məbləğdə təzminat davası açmaq fikrindəyəm. Artıq vəkillə məsləhətləşmələr aparıram və inanıram ki, bu məhkəmənin qalibi mən olacağam.
Elçin MƏMMƏDLİ
P.S. Bakcell şirkəti rəsmilərinin mövqeyini dinləyib, dərc etməyə hazırıq.