Rəssamlıq Akademiyasının nəzdində olan Ə.Əzimzadə adına Rəssamlıq Kollecinin tələbələrinin, xalqımızın sevivimlisi, Xalq şairi olmasa da xalqın şairi olan  və türk dünyasının tanınmış şairi Məmməd İsmayılla görüşü, gənc rəssamların yaddaşına əbədi həkk olundu

Sovet dövründə orta məktəblərdə, texnikumlarda və ali məktəblərdə şairlərlə, yazıçılarla görüş keçirmək bir adət- ənənənə halını almışdı. Belə görüşlər həm tələbələrin dünya görüşünün formalaşmasında, həm də şəxsiyyət kimi inkişafında böyük rol oynayırdı. Çox təəssüf ki, müstəqillik dövründə belə gözəl adətlər unudulub. Hamının başı, necə deyərlər ədəbiyyata yox, bir tikə çörəyə qarışıb. Amma belə görüşlərə çox böyük ehtiyac var.

Bu ilin oktyabrın 23-də Beynəlxalq Muğam Mərkəzində Türk dünyasının böyük şairi Məmməd İsmayılın 85 illik yubileyi böyük təntənə ilə keçirildi. Görüşü, hətta yer olmadığından ayaq üstdə izləyənlər də var idi. Bu, bir daha göstərir ki, Azərbaycanda sözə, sənətə, ədəbiyyata, şeirə böyük önəm verilir. Bu fikrin daha bir təsdiqini isə, dekabrın 11-də Rəssamlıq Akademiyasının nəzdində olan Ə.Əzimzadə adına Rəssamlıq kolleci tələbələrinin Məmməd İsmayılla görüşündə gördük. Görüş başlamamışdan öncə gənc rəssam qızlarla bir xeyli şairlərdən, poeziyadan söhbət etdik. Düzdür, Məmməd İsmayıl yaradıcılığı ilə bir o qədər də tanış olmasalar da, amma şeiri çox sevdiklərinin şahidi oldum. Gənc rəssamlar interyer dzayner A qrupunun 2-ci kurs tələbələri Nuray Ağazadə, Əsma Cavadzasdə, 1-ci kurs tələbəsi Şəhla Abbaszadə poeziyaya bağlılıqları ilə məndə böyük təəccüb doğurdular. Məlum oldu ki, hətta Rəssamlıq Kollecinin I kurs tələbəsi Şəhla Abbaszadə kollecdə yaradılmış ədəbiyyat klubuna rəhbərlik edir. Sən demə 15 yaşlı bu Şəhla bala özü də şeirlər yazırmış. Tanış olduğum şeirlərində xeyli fəlsəfi baxışlar gördüm. Düzdür, şeirin qayda-qanunlarına riayət olunmasa da, sözlərində xeyli düşündürücü məqamlar var idi və  15 yaşlı bir qızın qələmindən belə fəlsəfi fikirlərin çıxması, açıq deyirəm, məni xeyli təəəccübləndirdi. Bu balaca vunderkind öz üzərində işləsə, mütaliəsini zənginləşdirsə və şairlərlə belə görüşlərdə tez-tez iştirak eləsə, gələcəkdə püxtələşmiş bir qələm sahibinə çevrilə bilər.

Nəhayət, şairlə görüş başladı. Görüşü Azərbaycan Gənclər İnkişaf Hərəkatı” İctimai Birliyinin üzvü gənc Nihad Qurbanov idarə edirdi. Məmməd İsmayılın həyat və yaradıcılığı haqqında gənc rəssamlara məlumat verən Nahid bəy şairi və görüş iştirakçılarını həm Rəssamlıq Akademiyasının rektoru, professor Natiq Əliyevin, həm də Rəssamlıq Kollecinin direktoru Elşad Əhmədovun adından salamladı. Sonra Nihad bəy ilk sözü görüşün təşkilatçılarından biri olan, Ə.Əzimzadə adına Rəssamlıq Kollecinin Tələbə Gənclət Təşkilatının sədri Gülnur xanım Qənbərliyə verdi. Gülnur xanım öz çıxışında şairin yaradıçılından qısa məlumat verdi və Məmməd İsmayıl kimi ustad bir şairlə gənclərin belə görüşünün əhəmiyyətindən danışdı Çıxışının sonunda Gülnur xanım şairə uzun ömür və yeni yaradıcılıq uğuları arzuladı.    Rəssam tələbələr də öz növbələrində şairin şeirlərindən nümunələr söylədilər. Mədəniyyət və İncəsənət Univesitetinin Bədii Yaradıcılıq və Ekran Dramaturgiyası fakültəsinin 2-kurs tələbəsi Zəhra Abdulqədirova M.İsmayılın “Ocaq” şeirini çox böyük ustalıqla söylədi. Zəhranın belə yüksək səviyyədə qiraəti, indidən deməyə əsas verir ki, öz ixtisasını mükəmməl mənimsəyib və gələcəkdə peşəkar bir qiraətçi olacağı şübhəsizdir.

Tədbirin təşkilatçılarından biri, Azərbaycan Gənclər İnkişaf Hərəkatı” İctimai Birliyinin sədri gənc Mirteymur Mirəliyevin çıxışı olduqca diqqət çəkən oldu: “Biz gənclər çox şanslıyıq ki, Məmməd İsmayıl kimi dahi bir şairlə eyni dövdə yaşayırıq, hətta onu canlı görmək şərəfinə nail olmuşuq. Bu görüş ömrümüz boyu yaddaşımızdan silinməyəcək”.

Sonra aparıcı Nihad bəy şairin 40 illik dostu kimi mənə də söz verdi. Mən öz çıxışımda Məmməd İsmayılın necə fəlsəfi bir şair olduğunu, eyni zamanda bütün türk dünyasında sevilən bir şair kimi tanındığını qeyd etdim. Şeirlərinin hər birinin insanı düşündürdüyünü və içində fəlsəfi məna daşıdığını konkret misallarla göstərdim. Sonra şairin “Tanrı bilər”, “Uğur gözləyirsən”, “Vətən”, “Hələ yaşamağa dəyər”, “Tale”, “Ömrümdən, günümdən ötən yaşmısan?”, “Dağların başına düşən qardımı?”, “Qoymayın dünyanı adiləşməyə” şeirlərini əzbər söyləyərək rəssam tələbələrin diqqətinə çatdırdım və bu şeirlər çox böyük coşqu ilə qarşılandı. Çıxışlararası tələbə gənclərdən ibarət üçlük ansamblının ifasında gözəl muğam nümunələri səslənirdi. Sonra söz tanınmış şair Musa Ələkbərliyə verildi. M.Ələkbərli öz çıxışında şairlə ilk tanışlığından və sonrakı dövrlərdə davam edən dostluq münasibətlərindən xoş xatirələr danışdı və Məmməd İsmayıla həsr etdiyi bir şeirini söylədi. Həmin şeir aşağıda təqdim olunur...

Gənc yazar Rəna Feyzi isə öz çıxışında Məmməd İsmayıl poeziyasının vurğunu olduğunu və bu görüşdən böyük zövq aldığını bildirərək, belə görüşləri özü üçün bir həyat dərsi kimi dəyərləndirdi;”Biz yazmağı Məmməd İsmayıl kimi ustad şairlərdən öyrənirik. Belə nəhəng, dünya şöhrətli şairin yanında “mən də yazıram” deməyə adam utanır.Bununla belə, hörmətli şairimizə “Eşq və kədər dolu həyat” kitabımı hədiyyə vermək istəyirəm. Allah canlı klassikimiz olan Məmməd İsmayıla uzun ömür versin”. Rəna xanım çıxışını bitirəndən sonra həmin kitabını şairə təqdim etdi. Mən də öz növbəmdə gənc yazar və eyni zamanda psixoloq kimi fəaliyyət göstərən Rəna xanıma yeni yaradıcılıq uğurları arzu edirəm.

Arada Nihad Qurbanov şairə yaradıcılığı və necə ilhama gəlməsi bağlı tələbələrin suallarını çatdırırdı. M.İsmayıl da təmkinlə həmin suallara ətraflı cavab verirdi.Ən təsirli məqamlardan biri də o idi ki, kollecin rəssam tələbələri, Nuranə Əliyevanın və Zülfiyyə Aslanovanın çox böyük peşəkarlıqla çəkdikləri  M.İsmayılın portretini şairin özünə təqdim etmələri oldu. Döğrudan da çox yüksək səviyyədə işlənmiş portretlər, həm şairə çox xoş oldu, həm də onu xeyli duyğulandırdı. M.İsmayılın öz portretinə diqqətlə baxması, necə deyərlər, iki Məmmədin üz-üzə qalması, olduqca duyğusal mənzərə idi. Əlbəttə, gənc rəssamların bu işləri, M.İsmayıl şəxsiyyətinə və poeziyasına verdikləri yüksək dəyər idi...       

   Beləcə, iki saata qədər davam edən görüş olduqca maraqlı keçdi. Tələbələr heç cürə dağılışmaq istəmirdilər. Sonda Məmməd İsmayıl rəssam tələbələrə öz şeirlərindən söylədi. Eyni zamanda şairi də çox yormaq olmazdı. Ayaqlarında problem olduğundan görüşə də əlil arabasında gəlmişdi. Tədbirin sonunda şair yeni kitabını imzalayaraq tələbələr payladı. Tələbələr də şairlə tarixi bir şəkil çəkdirmək üçün növbəyə durmuşdular. Beləcə tədbir başa çatdı. Əlil arabasında mənim yanımdan keçib xudahafizləşərkən, həmişə görüşlərdə şax dayanan, şahanə duruşu ilə də oxucuların rəğbətini qazanan Məmməd İsmayıl, indiki halına işarə edərək belə dedi: “Elçin, görürsən də mənim vəziyyətimi, arabada gəzməyə məcburam”. Cavab olaraq dedim: “Məmməd müəllim, heç fikir eləməyin, bu, Sizin ikinci həyatınızdır və bunu da yaşamalısınız”.

Bununla da Ə.Əzimzadə adına Rəssamlıq Kollecinin tələbələri ilə M.İsmayılın görüşü tarixin yaddaşına köçdü. İnanıram ki, əlil arabasında olsa da, şairlə belə görüşlərin sayı hələ çox olacaq. Çünki məhz belə görüşlər Məmməd İsmayıl ömrünü uzadacaq.

Sonda belə yadda qalan görüşün keşirilməsində xüsusi əməyi olan gənclərə- Ə.Əzimzadə adına Rəssamlıq Kollecinin Tələbə Gənclər Təşkilatının sədri Gülnur xanım Qənbərliyə və Azərbaycan Gənclər İnkişaf Hərəkatı” İctimai Birliyinin sədri Mirteymur Mirəliyevə dərin təşəkkürümüzü bildiririk.

Elçin MƏMMƏDLİ

1734427922172

1734427922185

1734427698549

1734427698333

 

A Məmməd

Şair Musa Ələkbərlinin Məmməd İsmayılın 70 illiyinə ithaf etdiyi şeir

Sözün o ilahi ucalığında

Necə möhtəşəmdi yerin, a Məmməa.

Biçində dəryazın almazdan iti,

Səryəndə fərqlidir fərin, a Məmməd.

 

Sən haqqa uzanan dərviş yolusan,

Hikmətlə, mənayla, sirlə dolusan.

Axı kim deyir ki, yerin oğlusan,

Göydədir o ilham pərin, a Məmməd.

 

Nə alim, nə şair, dühasan əsil,

Yalana yad olub bu ürək, bu dil.

Çatdığın ocaqda yandıq neçə il,

Küləklər əssə də sərin, a Məmməd.

 

Türkün qoşmasına dil verən qopuz,

Saz olub, köz olub ruhuna hopub.

Hər kəlmən, hər sözün günəşdən qopub,

Atəşdir, yanğıdır şeirin, a Məmməd.

 

Yetim bir oğlanın halal şöhrəti,

Doğudan batıya gəzir qürbətı.

Tanrı paylaşırsa bu məhəbbəti,

Əsre hesablanıb xeyrin, a Məmməd.

 

Qoy deyim bu sözü, qeybət düşməsin,

Mənlik uca olsun, qeyrət düşməsin

Bir də aralığa sərhəd düşməsin,

Vətəndi məbədin, pirin, a Məmməd.

 

Çalanlar çoxalıb, kök, pərdə bilmir,

Əsgərlər çəkəni sərkərdə bilmir.

Daha zər qədrini zərgər də bilmir,

Zərdən qiymətlidir zərin, a Məmməd.

 

Yaşadın, yaşatdın bir kökü, soyu,

Hər şeyi yerinə haqq özü qoyur.

Səsin sədalansın üfuqlər boyu,

Açılsın qanadın, pərin, a Məmməd.

 

Dərd gəldi-gedərdi, ağrı ötəndi,

Doğmalar dar gündə dada yetəndi,

Əsil şairlərə dünya vətəndi,

Üzü tanrıyadı yerin, a Məmməd.

 

Gəl gün işığı tək aləmə yayıl,

Ərzin hər yerində seçilib, sayıl.

İtməz yaddaşlardan Məmməd İsmayıl,

Fərqi yox, görünmə, görün, a Məmməd.

 

Ömür bir tufandı, əsdi, qurtardı,

Qəfıl səda gəlir: - Bəsdi, qurtardı.

Sözünü yarımçıq kəsdi, qurtardı,

Musa çox getmədı dərin, a Məmməd.

***

İndi də Məmməd İsmayılın bir neçə şeirini oxucuların diqqətinə təqdim edirəm.

Tələbə Zəhranın söylədiyi Məmməd İsmayılın  “Ocaq” şeiri

Bu ocaq zamanın gənclik halıydı,

Ömür qatarıydı keçən illəri...

Bu ocaq torpaqdan güc almalıydı,

Göyə çıxmalıydı alov dilləri...

 

Arzusu bir uzaq gələcəkdimi,

Bir içim suydumu ömür deyilən?!

Amansız dövrana boyun əydimi,

Zamana uydumu ömür deyilən?!

 

Ay da göyüzündən əl edən vaxtd,

Nə var bu üzündə, o bir üzündə?

Gözünə görünən nə var ocaqdı?

O da bir ocaqdı bu yer üzündə.

 

Nə qalar bir ilə üç aylıq yazdan

Kim yaxın edəcək bu uzaqları?

Qürbət gəmiləri keçir boğazdan

Baxır qərib-qəmgin sahil bağları...

 

Qırılan ümiddi, kəsilən əldi

Dərdimi duydumu ömür deyilən?!

Allahım, nə zaman səksənə gəldi,

Allahım, buydumu ömür deyilən?!

 

Həvəsi tükənib sönən fanardı

Köhnə kül yerinə dönür bu ocaq.

Bu ocaq bir zaman gur-gur yanardı,

İndi qorun-qorun sönür bu ocaq.

***                                                                                                         

Bağlı gözlərini kim açar indi?!

Dünya da gözəldi...Ömür də gözəl,

Sinəni göynədən eşq sarı simdi.

Arxadan gözünü bağlayan bir əl

Hərdən soruşardı: tap görüm kimdi...

 

Ad sayıb çəkdiyin çilələr hədər

Tapmadın! Boynunda babalı qaldı.

Çəkilib getmədi üzündən əllər

O vaxtdan gözləri qapalı qaldın...

 

Vaxtı da unudar baxtı unudan,

Baxdı oyaq qalan yatmaya bilər.

Hardan biləsiydin gözünü tutan,

Axırda sözünü tutmaya bilər...

 

İnsanı azdıran insan ağlıdı,

Nədən qaçılsa da, bəxtdən qaçılmaz.

Hər şeyin bir yerə başı bağlıdı

Dərddən bu dünyanın başı açılmaz...

 

Gələcək ölümmüş illərin ardı

Sirr dedin, sirrin də yeri bilindi.

Qolun bağlı olsa, kimsə açardı,

Bağlı gözlərini kim açsın indi?!

 

Qışın çiləsindən üzü yazaydın,

Nəydi uduzduğun, udduğun onda.

Əlinə keçmişdi...buraxmasaydın,

Bəxtin qollarıymış tutduğun onda...

 

Nağıl quyusunun görünməz dibi

Kəsilən kəndiri ölüm-itimdi.

Axırda, nə əl var, nə əl sahibi

Nədə ki üç kəlmə: – Tap görüm kimdi!

 

Ümid – korun-korun sönəcək ocaq,

İçində səssizcə inləyən uddu...

Bağlayan bağladı gözünü, ancaq

Qayıdıb açmağı çoxdan unutdu..

 

Gör harda fürsəti verdin əlindən

Gözünü bağlayan korun bəxtimi?

Sən xoşbəxt olmadın dərdin əlində,

Bax sənə dərd verən dərd, xoşbəxtdimi?!

***

1734427921951

1734427921969

1734427921958

Yetim sevgilər...

Gerçəkdən gerçəkdi dediyim yalan,

Məchul bir əl döyər qapımı gündə.

Məcnundan, Kərəmdən, Dilqəmdən qalan

Yetim sevgilər var bu yer üzündə...

 

Laləlik olmayıb nə olasıydı

Məcnunun Leyliyə gözü düşən yer?!

Gəlinqayasıydı, Qızqalasıydı

Nakam sevgilərin izi düşən yer...

 

Tarixə çilənən o göz yaşları,

İnləyib saralan simlər üçündür.

Gecə tənha qalan bulaq başları,

Sevgi yaddaşları... kimlər üçündür?

 

Talelər dərbədər, diyar-diyardı

Nə yaxın edər ki, bu uzaqları,

Niyə Ərzurumun gədiyi qardı

Görənə dağ çəkər Məcnun dağları?!

 

Hər eşqin axırı bir günahladı,

Suda sınmayacaq su qabı yoxdu...

Şirin Xosrovlara könül bağladı,

Fərhadlar neyləsin?

Cavabı yoxdu...

 

Zaman dolayında çıxmaz ki, yoxa

Təkrarı olmayan qədim sevgilər.

Quş budaq axtarar uçub qonmağa

Bəs onda neyləsin yetim sevgilər?

 

Tapar tapmacanın cavabını kim?

Qəriblik Allahın hədiyyəsiymiş...

Mən hardan biləydim yetim ürəyim

Yetim sevgilərin ev yiyəsiymiş...

 

Ölüm əl eləyir əhlət daşından

Qoy gedim yolumdan əyləmə, Leyla.

Min ildi keçmişəm Məcnun yaşından

Gəl mənə Leylilik eyləmə, Leyla...

 

Hicrət günəşinə qürub olmuşam,

Bulud gözlərimdən axsa, nəm gələr..

Qürbətə düşəli Qərib olmuşam,

Hər gecə yuxuma Şahsənəm gələr...

Bütün sevgilərin mənəm günahı,

Yetim sevdaların “Yetim segahı!”

 ***

 Səndə kitabım var, üstündə  şəklim...

 Axşamlar canını sıxanda  təklik,

Xışıltı salanda xəfif  varaqlar...

Səndə kitabım var, üstündə şəklim,

Gah sən  ağlayarsan, gah şəklim ağlar...

 

Xəyalın yadından  çıxan  misrada,

Kitab  həsrət qalar kitab rəfinə...

Oxuyub  bağrına basarsan, ya da

Atarsan yatağın bir tərəfinə...

 

Nigaran ürəyin  durmaz yerində,

Qatıb-qarışdırar ərki, naz ilə:

Sənə yazılmayan şeirlərim də

Sən  elə istərsən  sənə  yazıla.

 

Bu dərdi nə çəkər  ürəkdən  özgə,

İçində başlayan  hava küləkli.

Gözünün  yaşını tökməkdən özgə

Əlindən  nə gələr  bir quru  şəklin.

 

Dəyişik düşdümü baharla  payız,

Çiçəkli  bağlarmı  meyvəli  bağlar?

Yerimi verməz ki  bir  parça  kağız

Gah  sən  ağlayarsan, gah  şəklim  ağlar...

 

Yanılar yalana ümid bağlayan...

Bu da bir atalar sözüdü yoxsa.

Bilməz ki, güzgüyə baxıb  ağlayan,

Yaş tökən güzgüdü, gözüdü  yoxsa.

 

Ümidi kəsilən ömür hədərmiş

Verdin  ürəyini o hədərə  sən.

Kədər!

Səndən mənə qalan kədərmiş

Məni qısqanarsan  o kədərə sən...

 

İndi  nə  deyirsən, tərsa diləklim

Başqa söz deyərdin sən ayrı vaxtlar.

Səndə kitabım var, üstündə şəklim,

Gah sən  ağlayarsan, gah şəklim ağlar...

***

Vətən

Bilməzdim bir yağlı tikəsən, Vətən,

Azala-azala gəlirsən dada.

Quzu dərisinə bənzər xəritən,

Quruya-quruya qalıb ortada,

 

Qatlasan qatlanar, dartsan uzanmaz,

Rus barmaq uzadır, fars əl çəkəndə.

Bir yanın Dəmavənd, bir yanın Qafqaz,

Ah, nələr çəkmədin bu yel çəkəndə!

 

Səni unutmadı düşmənlər bir an,

Tamah sancıları tutur, buraxır.

Kabab iyisinə oyanıb İran,

Rusiya da Pyotrun gözüylə baxır.

 

Gələn əsrlərin səssiz fəryadı,

Hopur varlığıma torpaqdan, sudan,

Qanıxmış iştahı diş altındadır,

Bir it də arabir hürur qonşudan.

 

Gah ayı payısan, gah aslan payı,

Götürmək istəyir səni ortadan:

Aslan dərisinə bürünən ayı,

Ayı dərisinə bürünən aslan.

 

Üstündə mələklər ocaq qalayan,

Ah sən də bir ulu yurd ola bilsən.

Doğudan Batıya ruhu ulayan,

Quzu dərisində Qurd ola bilsən!..

***

Qurd

Hardan dolub canıma

Bir belə yurd sevgisi.

Sönülməz, söndürülməz

Dədə Qorqud sevgisi.

Bu sevgi-qurd sevgisi.

Atan qurddu, anan qurd,

Hardan çıxdın, a manqurd?!

Bəlkə də heç dədəmiz,

Qorqud deyil, qor qurddu,

Qurd çoxunu qorxutdu.

Yer öküz üstdə durmur,

Yerin qurd dirəyi var.

Qurd ürəyi yemisən,

Səndə qurd ürəyi var.

Qurdu gözdən qoyanlar

Yolunu azıb ağlar.

Düşmən quduzlaşdımı

Gedib qurdağzı bağla.

Özün qurd, ənənən qurd.

Unutdunmu bu səsi?!

Sən ey, göydən enən qurd,

Sən ey, şaman nəğməsi?!

Daha nə dəyişdi ki,

Qurd onsuz da adladı.

Daş o günə düşdü ki,

Qurd qoyunla otladı.

Ruhumuz yadlaşıbdı,

Möhtac olub yurd elə.

El yolunu çaşıbdı,

Allah, məni qurd elə.

***

Boğazdan keçən gəmilər...

Kim sənin bəxtini qürbətə yazdı,

Vətənmi istədi, vaxtmı dışlayır?

Düşdüyün çıxılmaz bir dar boğazdı,

Bir az o tərəfdən dəniz başlayır...

 

Suların axarı əymiş sahili,

Bir dəfə əyilən bir də düzəlməz.

Qürbətə səpilən ömrün on ili,

Vətən istəsə də geriyə gəlməz...

 

Dünyaya qarışdın, dünyayla birsən,

Kim səni yurdundan saldı dərbədər?

O gözəgörünməz kimdi deyirsən,

Qədərmi deyirsən, bəlkə də qədər...

 

Çıxsan, çıxanmazsan cazibəsindən,

Qədərin saldığı görünməz iz var...

Gecə martıların qərib səsindən

Bilərsən hardasa çay var, dəniz var...

 

Vətən də eləcə xəyaldı burda,

Nə ad verəcəksən bu seçkinliyə?

Və canından artıq sevdiyin yurda

Ayağın dəymirsə üç-beş günlüyə...

 

Doğmamı, ögeymi Egeylə Xəzər,

Varmı bir cavabın bu suala su?

Yelinə uçmağa kölgəni gəzər,

Üfüqlər ardında qartal balası.

 

Fikrinin ucunda o ev, o daxma,

Sonu görünməyən bir sitəm ilə.

Hər gün boğazına tıxanan loxma

Və hər gün boğazdan keçən gəmilər...

.

***

Uğur gözləyirsən...

Uğur gözləyirsən, səbir nəhs gəlir,

Sən avand gedirsən, işin tərs gəlir.

 

Yol özü qıvrıla-qıvrıla gedir,

Su özü burula-burula gedir.

 

Çevrədə nə qədər dərə var, dik var,

Dünyanın özündə bir əyrilik var.

 

Biz necə düz deyək bu yola, izə,

Düz yolu düz ilan əyri gedirsə...

***

Tanrı bilər

Şirinliyi hardan alır

bal nə bilsin

Sora bilsən,

gedib soruş,

arı bilər.

Axşam harda yatdığını

sən bilirsən

Sabah harda oyanarsan

Tanrı bilər…

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN