Bu gün 21 oktyabr 2021-ci il tarixində 44 günlük Vətən müharibəsində canından keçmiş Hacıqabulun igid, mərd oğlu Nicat Adil oğlu Hüseynovun Şəhadətə yüksəlməsinin bir ili tamam olur.
Bununla əlaqədar olaraq Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin kollektivi Şəhidin məzarını ziyarət etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.
Torpaq şəhidlərin qanı ilə yoğrulanda Vətən olur deyiblər. 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımıza qovuşmaq minlərlə qəhrəmanlarımızın yarım qalan ömrü, itirilən sağlamlığı hesabına mümkün olmuşdur. Şəhidlik vətənpərvərliyin ən ali məqamıdır. Şəhidlik müqəddəslikdir. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək olur. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən, Vətən uğrunda şəhid olmağı özünə şərəf bilən şücaətli Azərbaycan oğullarından biri də şəhid Hüseynov Nicat Adil oğludur.
Nicat Adil oğlu Hüseynov 30 mart 1987-ci ildə Hacıqabul rayonunun Meyniman kəndində dünyaya gəlmişdir. Orta təhsilini də elə həmin kənddə yerləşən məktəbdə almışdır…
Həqiqi hərbi xidmətdən sonra bir il də müddətdən artıq hərbi xidmət etmişdir. Çavuş Nicat Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. O pulemyotçu idi. 21 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Cənab Prezident İlham Əliyev tərəfindən “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Şəhidin Vətənə əmanət qoyub getdiyi üç övladı var.
Allah bütün Şəhidlərimizə rəhmət etsin!
Aytən İmanova
Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru