Yaxud, 145 yaşlı Əli bəy...
...Tarix elmləri doktoru Solmaz Tohidi-Rüstəmovanın arxiv materiallarına əsasən yazdığına görə, “1918-ci ilin əvvəlində Quba qəzasında qışlaqlar da daxil olmaqla, 540 kənd var idi və bu kəndlərin 171.248 nəfər əhalisi 55 cəmiyyətdə birləşirdi.
1918-ci ilin aprel ayının sonundan may ayının ortalarınadək - cəmi 2 həftə ərzində Amazaspın dəstəsi tərəfindən Quba qəzasında, erməni birləşmələrinin yalnız qarətlə kifayətləndiyi kəndlər istisna olmaqla, ən azı 162 kənd bütövlükdə ya qismən yandırılmış, dağıdılıb talan edilmişdi. Bu zaman bir çox kəndlər iki dəfə - yol boyu Bakı tərəfdən gələrək Xaçmaza, Qubaya və Qusara hücum edərkən, sonra geriyə qayıdarkən - talana məruz qalmışdılar. Evlər, tikililər, ictimai binalar talan edilməklə, daşınan əmlak və mal-qara qarət olunmaqla, hələ təkcə məlum olan faktlar əsasında Amazaspın quldur dəstələri tərəfindən Quba qəzasının kənd əhalisinə on milyonlarla rubl dəyərində hesablanan zərər vurulmuşdu. Qırğınlar zamanı bu kəndlərdə min nəfərdən artıq insan, o cümlədən qadın, qoca və uşaq qətlə yetirilmiş və yaralanmışdı. Burada bir faktı nəzərə almaq lazımdır ki, bir çox kəndlərin əhalisi əvvəlcədən qubalılar, digər kəndlərin sakinləri, eləcə də qəza komissarı Əli bəy Zizikski tərəfindən ermənilərin hücumu haqda xəbərdar edildiyindən həyatlarını xilas etmək üçün elliklə öz kəndlərini tərk edərək dağlara, meşələrə çəkilmişdilər. Erməni quldur dəstələrinin hücumlarının miqyası qarşısında insan tələfatının sayının nisbətən az olması da bununla bağlı idi. Eyni zamanda qeyd olunmalıdır ki, bu zaman qəzanın müsəlman əhalisindən ibarət ayrı-ayrı silahlı dəstələr də erməni quldur birləşmələrinə qarşı təşkil edilmiş müqavimət göstərirdilər. Quba qəzası ictimaiyyətinin görkəmli xadimləri - Ə.H.Zizikski, Həmdulla Əfəndi Əfəndizadə, Əliabbas bəy Əlibəyov, Şıxlar bəylərindən - Mürsəl bəy və İbrahim bəy, Möhübəli Əfəndi Kuzunlu, Hətəm ağa Cağarvi, Bəybala bəy Alpanlı və digərləri xüsusi süvari dəstələr yaradaraq erməniləri qəzanın digər iri yaşayış nahiyələrinə buraxmamaq üçün Quba şəhərinin girişlərini mühasirəyə almışdılar. Amazaspın özünün də təsdiq etdiyi kimi, Digah və Alpan kəndləri uğrunda erməni və qubalıların silahlı dəstələri arasında şiddətli döyüşlər getmişdi. Sayca bir neçə dəfə üstün olan ermənilər sonda qubalıların müqavimətini yararaq bu iki kəndi talan edir və alova bürüyürlər. Digah və Xucbala kəndləri arasındakı dərədə mühasirəyə düşən Digah və Qusar ləzgilərindən ibarət olan dəstə isə burada qanlarına qəltan edilir. Bu döyüşlərdən sonra həmin yer “Qanlı dərə” adını alır. Amazasp tərəfindən darmadağın edilmiş və yandırılmış müsəlman kəndlərinin sakinlərinin vəziyyəti o dərəcədə ağır və çıxılmaz idi ki, 15-45 gün dağlarda və meşələrdə sərgərdan dolaşdıqdan sonra əyin-başları yırtıq, ac, xəstə halda öz köhnə yurdlarına qayıdan insanlar arasında da ölüm halları minlərlə ölçülürdü...”
Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından və 1918-ci ildə Qubada törədilmiş erməni-bolşevik vəhşiliklərinə qarşı müqavimətin əsas təşkilatçılarından biri olan Əli bəy Harun bəy oğlu Zizikski 1876-cı ildə Qubanın Zizik kəndində doğulub. Atası Harun bəy Quba qəzasının tanınmış bəylərindən, torpaq və mülk sahiblərindən biri idi. Harun bəy 3 dəfə evlənmişdi, 2 həyat yoldaşından ailədə 2 oğlu, 6 qızı olub.
O, övladlarının təhsilinə xüsusi önəm verirdi, oğlu Əli bəyi Sankt-Peterburqa Ali hərbi təhsil almağa yollamışdı. Deyilənə görə, Əli bəy Zizikski ərəb, fars, rus və fransız dillərini mükəmməl bilib. Onun bacısı Umra xanım da Peterburqda təhsil alıb və Azərbaycanın ilk ginekoloq həkimlərindən olub.
1914-cü ildən Qubada polis rəisi olan kapitan Əli bəy 1917-ci il Fevral inqilabından sonra Xüsusi Zaqafqaziya Komitəsi tərəfindən Quba qəzasının komissarı təyin olunur. Belə ki, Əli bəy Zizkskidən öncə Quba qəzasının komissarı Georgi Leontyev tərəfindən burda yaşayan erməni və ruslar müdafiə olunur, yerli əhalinin hüquqları isə tapdalanırdı.
Nəhayət, əhali ona qarşı üsyan edib Leontyevi Qubadan qovur və o, Qubadan Xaçmaza kimi əliqandallı, ayaqyalın getməyə məcbur edilir.
Özü də Qubanın Zizik kəndindən olan kəşfiyyatçı-zabit, tədqiqatçı-yazar Kərim Dünyamalı yazır ki, həmin dövrdə Əli bəy Zizikski Mircəfər Bağırovu özünə müavin təyin edir. Əli bəy Zizikskinin bu təyinatına qədər Mircəfər Bağırov Qubada Yəhudi Qəsəbə (2-ci) pristavlığının sədri idi. Əli bəy komissar işlədiyi dövrdə Quba qəzasında sabitliyin yaranmasında və özbaşınalığın qarşısının alınmasında səylə çalışır. Yerli əhalini kasıblıqdan qurtarmaq üçün onlara toxum, torpaq sahəsi paylayır. Hacı Zeynalabdin Tağıyevin Yalamadan Giləziyə qədər uzanan balıq vətəgələrində yüzdən artıq fəhləni işlə təmin edir. Qubadakı xalçaçılıq müəssisələrində qadınların işlə təmin olunmasına köməklik göstərir.
Əli bəy öz fəaliyyəti ilə ermənilərin mənfur niyyətlərinə həmişə mane olurdu. Buna görə də ermənilər ona dəfələrlə sui-qəsd etməyə çalışır. Stepan Şaumyan bunun üçün yerli erməni icmasına xüsusi göstəriş vermişdi. Əli bəyin aradan götürülməsi üçün Qubada yaşayan casuslar - Armik və Haykanuş adlı ermənilərə tapşırıq verilir. Amma bir şərtlə, Əli bəy bir müsəlmanın əli ilə öldürülməli idi. Amma sui-qəsd cəhdləri dəfələrlə boşa çıxmışdı... Əli bəy Oktyabr çevrilişindən (1917) sonra Quba qəzasının Bakı Sovetinin nəzarətinə keçməsinin qarşısını almağa çalışmışdı.
1918-ci ilin mart ayından Şaumyanın başçılığı altında ermənilər Azərbaycanda genişmiqyaslı soyqırım planı həyata keçirməyə başladılar. Mart ayının sonlarından Bakıda törədilən amansız qətliam artıq bölgələrə doğru genişlənirdi. Əli bəy Quba qəzasında milli şura rəhbərləri və dəstə başçılarını toplayaraq 1500 nəfərlik dəstə ilə daşnak-bolşevik qüvvələrinə qarşı mübarizəyə başladı. Şabrandan Həmdulla əfəndi Əfəndizadə, Qusardan molla Möhübəli Kuzunvi, Hatəm ağa Cağarvi, Qonaqkənddən Mayıl ağa Zahirov, Alpanlı Bəybala bəy Qayıbov, Şıxlar bəyləri Əli bəyin ətrafında sıx birləşdilər. 1500 nəfərlik ordu ilə Bakı üzərinə yürüş başladıqdan sonra Dağıstandan Nəcməddin Qotsinski də öz qüvvələri ilə Əli bəyin köməyinə gəlir. Qotsinski və Zizikskinin silahlı dəstələri daşnak-bolşevik birləşmələrinin Biləcəri-Xırdalan müdafiə xəttinə qədər yaxınlaşmış, ilk toqquşmada onları məğlubiyyətə uğradıb, şəhər üzərinə son hücum hazırlığına başlamışdır. Lakin Həştərxandan Xəzər dənizi vasitəsilə göndərilən çoxsaylı bolşevik hərbi qüvvələrinin Bakıya çatması ilə qüvvələr nisbəti dəyişmiş və onlar tutduqları mövqeləri tərk etməli olmuşlar. 1918-ci il aprel ayının 8-dən bolşeviklərlə Xırdalan qəsəbəsi yaxınlığında 3 gün davam edən döyüşdən sonra sursatı tükənən Əli bəy Zizikski və ətrafındakılar dəstələrindən sağ qalanlarla birgə geri çəkilməyə məcbur olur.
1918-ci ilin aprelində Bakı Soveti Quba üzərinə əks-hücum təşkil edərkən Həmdulla Əfəndi Əfəndizadə və başqalarının rəhbərlik etdiyi müsəlman birləşmələri yolları kəsib şəhəri Bakı Sovetinin qüvvələrindən müdafiə etmişdirlər. Aprelin sonu - mayın əvvəlində S.Şaumyan və G.Korqanovun göstərişi ilə daşnak Hamazaspın başçılığı ilə Qubaya yeni daşnak-bolşevik qüvvələri yeridildi. Əvvəl David Gelovani bolşevik qılıfıyla varlı əhalini soyub-talamış, həbsdə olan erməniləri açıb buraxmış, şəhər əhlindən müqavimət göstərənləri “cəzalandırmış”dısa, daşnak Şirvanyans Hamazasp şimal bölgəsində xüsusi qəddarlıqla qətliam törətmiş, 3-4 gün ərzində 4 minədək müsəlmanı soyqırıma məruz qoymuşdu. 1918-ci il mayın 1-dən 10-a kimi erməni cəlladı Hamazasp təkcə Quba şəhərində 1500 nəfərdən çox insanı qətlə yetirir və onların cəsədlərini dəfn etməyə belə icazə vermir. Zizikski də düşmənin sayca üstün olan və yaxşı silahlanmış qüvvələrinə müqavimət göstərə bilməyib, Dağıstana keçməyə məcbur olur. Türkiyədən Dağıstana göndərilmiş zabitlərin və Dağıstandakı yerli əhalinin köməkliyi ilə yeni hərbi dəstə yaradan Ə.Zizikski Ş.Amazaspın daşnak-bolşevik dəstələrinə qarşı güclü hücum təşkil etmək və şəhərin daşnaklardan təmizlənməsi məqsədi ilə yerli dəstə başçıları - Mayıl ağa Zahirov (Qaçaq Mayıl), Qələgahlı Həmdulla əfəndi, molla Möhübəli Kuzunlu, Hatəm ağa Cağarlı, Mehdi Aydayev, Şıxlar bəyləri, Bəybala bəy Alpanski və b. ilə Zizik kəndi ərazisində müşavirə keçirir və Qubaya hücum planı hazırlanır.
May ayının 12-si 14-ü arasında şəhərə müxtəlif istiqamətlərdən hücum təşkil edilir. Nügədi kəndi istiqamətindən qonaqkəndli Qaçaq Mayılın dəstəsi, Çiçi istiqamətindən Qələgahlı Həmdulla əfəndi silahdaşları ilə irəliləyir, Digah kəndi istiqamətindəki Dağıstan, Qusar və Qubanın birləşmiş qüvvələrinə isə polkovniklər Əli bəy, Hətəm ağa və Türk zabitləri komandanlıq edirdi. Müslüman Milli müqavimət dəstələri mayın 4-ü və 14-ü gedən döyüşlərdə, Digahla “Cuhud sirti” və Xucbala kəndi arasındakı dərələrdə 100-dən çox canlı qüvvə şəhid vermək hesabına düşməndən qisas alsalar da məğlubiyyətə uğrayır, ta Qusar kəndlərinə, dağlarınadək geri çəkilməli olurlar. Quba şəhər rəisi Əliabbas bəy Əlibəyovun izahatında göstərildiyi kimi, Amazasp Quba meydanında yerli əhali qarşısındakı 4 may çıxışında demişdi: “... Hazırda mənim Digah və Alpan kəndlərində dö-yüşlərim gedir. Sonra Üçgün və Küsnət kəndlərinə keçərək sizləri odlara yaxacaq və Şahdağa çatacağam. Onda başa düşərsiniz ki, erməniləri öldürmək nə düməkdir”.
Burada bir haşiyə çıxaraq onu da bildirək ki, Digah kəndinin Quba tərəfindəki dərədə 2 dəfə -1918-ci ilin 4-5 mayında və 14 mayda erməni-daşnak soyqırımçı dəstələr ilə, indi “Qanlı dərə” adlanan Qusar tərəfində isə 14 və 18 mayda daşnak-bolşevik birləşmiş qüvvələri ilə, 6-7 iyulda bolşevik Rusiyasının idarə etdiyi rüs, erməni, yəhudi, gürcü və aldanmış, güya beynəlmiləlçi qüvvələrdən ibarət silahlı dəstələr ilə döyüşlər olmuşdur. Polkovniklər Əli bəy Zizikskinin, Hətəm ağa Caqarvinin, Şükrü albayın və Şıxlar bəylərinin başçılıq etdiyi milli-müsavatçı müqavimət dəstələri üç savaşda demək olar ki məqlub olaraq xeyli itki verdiyindən, əvvəllər “Kollu dərə, sulu dərə” adlanan həmin dərə sornalar “Qanlı dərə” adıyla tanınmışdır. 1918-ci ilin 14 mayında olan döyüşlər günortaya kimi Digahın Quba tərəfindəki dərənin ərazisində, günortadan sonra isə Digah kəndinin Xucbala (Nikolayevka) tərəfindəki dərə-təpəlik ərazidə baş vermişdir. Nəhayət, 1918-ci ilin 18 mayında bütün Quba, Qusar, Xaçmaz, Şabran və Dağıstan mücahidləri birləşərək 3 tərəfdən əks-hücuma keçib lənətlik Amazapsın qatillərinə son zərbələri edirməklə əksəriyyətini məhv edir, qaniçənlərin az bir hissəsi qaçıb Qubanı tərk edərək Bakıya üz tuturlar. Birinci, ikinci və üçüncü döyüşdə Alpan bəyləri Bəybala bəy və Azay bəy Qayıbovların, 3 kəndin yüzbaşısı Qədir Qubatovun dəstələri ilə yanaşı, Alpan icmasının tərkibində olan Digah camatının əli silah tutan əksəriyyəti ermənilərə qarşı döyüşsə də, üçüncü savaşda (6-7 iyul) daha çox boşeviklərə dəstək vermiş və ya bitərəf qalmışdılar...
Amma Quba şəhərinin və digər ətraf kəndlərin erməni-bolşevik quldur qüvvələrindən tam təmizlənməsi iyul ayının son günlərində polkovnik Şükrü bəyin, Əhməd Əfəndi Trinicin rəhbərliyi altında birləşmiş qoşun hissələri Dağıstandan gəlib hakimiyyəti öz əllərinə alandan sonra mümkün olmuşdu. Həmin ərəfədəki qanlı günlərin acı xatirələrini Zizik və Alpan kənd qəbristanlığlarındakı baş daşları bu gün də öz daş yaddaşında qoruyub saxlayır. Həmin döyüşlərdən biri Zizik kəndinin yaxınlığındakı Qalayçı Mərzi adlanan ərazidə və biri də Alpanla Digah kəndləri arasındakı Şimi dərəsində və Alpanın Subaba məzarlığında baş verib.
Əli bəy Zizikski 1918-ci ilin noyabrında keçirilən seçkilərdə Azərbaycan parlamentinə üzv seçilən 7 qubalıdan (Həmdulla Əfəndi, Mehdi bəy Hacınski, Camo bəy Hacınski, Murtuza Axundzadə, Qazı Əhməd Məmmədbəyov ...) biri idi. O, yeni qanunların hazırlanması ilə yanaşı ordu quruculuğunda da yaxından iştirak edib. Əli bəy Zizikskinin daşnaklara və bolşeviklərə qarşı döyüşən dəstəsinin əksər üzvləri də yeni yaradılan Milli ordunun sıralarına daxil olmuşdu. Bakı şəhəri Azərbaycan və Türkiyə hərbi qüvvələrindən ibarət Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən (1918-ci il, 15 sentyabr) sonra artıq polkovnik rütbəsində olan Zizikski paytaxt valisinin müavini təyin edilmişdi. Bu zaman Ə.Zizinski M.Bağırovu özünə köməkçi götürmək üçün Müsavat hökumətinin Daxili İşlər nazirinə məktub göndərir, ancaq onun kəşfiyyatda qalmağı daha vacib sayılıb...
O, Parlamentdəki fəaliyyəti dövründə xalqın maariflənməsinə xüsusi diqqət ayırıb və öz vəsaitindən gənclərin təhsilinə maddi yardımlar göstərib. Parlamentdə “İttihad” fraksiyasını təmsil edirdi və “İttihad” partiyasının 1-ci (1919, aprel) və 2-ci (1920, yanvar) qurultaylarında partiyanın Mərkəzi Komitəsinə üzv seçilmişdi. Deyilənlərə görə, Əli bəy iki dəfə ailə qurub, lakin övladı olmayıb. Bacıları Səkinə xanım (Cimili bəyə ərə getmiş), Ayna xanım (Dağıstan imamı Nəcməddin Qotsinskinin həyat yoldaşı), Səadət xanım (Alpanlı Dənyar bəyin birinci həyat yoldaşı), Camal xanım (Şıxlar bəyinə ərə getmiş), Sona xanım (Mustafa Əfəndiyevin həyat yoldaşı) və Umra xanım olmuşdur. Qardaşı Abdulla ağa bir alpanlı bəyin sonbeşiyi Məsumə xanımla evləndikdən 2 il sonra təsadüfi qəzadan yaralanaraq dünyasını dəyişir. Harun bəy yaxın qohumu, sonralar tacir olan Hacıbala Məmmədyarovu (onun həyat yoldaşı da alpanlı idi) da övladlığa götürmüşdü.
“1956-cı ildə Mircəfər Bağırovu “müsavatçı” qubalılara arxa olmaqda günahlandıranların ağlına belə gəlməzdi ki, onların tarixdən sildikləri Azərbaycan Xalq Cümhuriyyəti yenidən Azərbaycan torpağında, o cümlədən Fətəli xan Qubalılar, Əli bəy Zizikskilər, Mircəfər Bağırovlar Qubasında bərqərar olacaqdır.
“Rudenko məhkəməsi”nin müttəhimi Mircəfər Bağırovun qubalı müsavatçı dostları kimlər idi? İlk növbədə Quba qəza komissarı olmuş, AXC Parlamentinin üzvlərindən biri, polkovnik Əli bəy Zizikski. Məhkəmədə şahid Orucov belə nəql edir: “1920-ci ildən sonra Bağırov Bakıda Azərbaycan FK-nın ( Fövqəladə Komissiya) sədri idi, onun katibi isə mənim dayım oğlu Hacıağa Şahverdiyev idi. Şahverdiyev Bağırovla ən yaxın dost olub. Biz üçümüz birlikdə Qubada şəhər məktəbində oxumuşduq. 1922-ci ildə mən Bakıya getdim və Şahverdiyevin evinə düşdüm. Bir dəfə işdən qayıdandan sonra Şahverdiyev mənə dedi ki, Bağırov səni yanına çağırır. Ertəsi gün mən Hacıağa Şahverdiyevlə birlikdə Azərbaycan FK-ya, Bağırovun yanına getdim. Bağırovla biz köhnə dostlar kimi görüşdük. O, məni çox yaxşı qarşıladı. Söhbət əsnasında Bağırov məndən soruşdu ki, Əlibəy Zizikskini xatırlayırsanmı? Mən cavab verdim ki, çox yaxşı yadımdadır. Bir qədər keçdikdən sonra Qəni adlı mühafizəçi bildirdi ki, onlar gəliblər. M.Bağırov gələnləri içəri buraxmaq barədə ona göstəriş verdi. Bağırovun otağına bir-birinin ardınca keçmiş Quba bəylərindən Şıxlarskinin qohumu Bəybala bəy Alpanski, Bağırovun qubalı dostlarından Əli bəy Zizikskinin qohumu tacir Hacıbala Məmmədyarov, eləcə də Əli bəy Zizikski daxil oldular. Onlar otağa daxil olanda Bağırov yerindən qalxıb onları qarşıladı, hər biri ilə mehribanlıqla gorüşdü, Əli bəy Zizikski ilə hətta öpüşdü. Söhbət zamanı Bağırov ərklə bildirdi ki, sən nə üçün gizlənirsən, özünü alçaldırsan. Bilirsən ki, mən burada işləyirəm. Əli bəy gözləri yaşarmış halda Bağırova bildirdi ki, onu həbs etməklə qorxudurlar, ona görə də gizlənib. Bağırov o dəqiqə Əli bəy Zizikskinin üzə çıxarılması üçün sənədlər hazırlamağı Hacıağa Şahverdiyevə tapşırdı. Elə həmin otaqdaca Şahverdiyev sənədləri hazırladı, Bağırov həmin sənədi imzalayıb möhür vurdu. Həmin sənədi Zizikskiyə verib dedi: “Bu sənədə əsasən sən Azərbaycanın harasında istəsən yaşaya bilərsən. Nə qədər ki, mən burada - FK-da işləyirəm, sən heç bir şey üçün narahat olma”. Doğrudan da, bütün sonrakı illər ərzində Əli bəy Zizikski Bakıda yaşadı.
Məhkəmə materiallarında bu da göstərilir ki, Əli bəy Zizikski şəxsi mülkündə yaşamış və 1926-cı ilədək həmin evin kirayə pulu ilə dolanmışdır. Mircəfər Bağırovun himayədarlıq etdiyi dostları arasında Bəybala bəy Alpanski, Hacıbala Məmmədyarov və AXC Parlamentinin üzvü olmuş Qazı Əhməd bəy Məmmədbəyov, Qubada Müsavat Partiyasının qəza komitəsi sədrinin müavini olmuş Əlipənah bəy Şəfibəyovu da vardı. (Teyyub Qurbanın kitabından)
Aprel işğalından sonra 1920-ci ilin 24 sentyabrında 245-ci atıcı polkunun kəşfiyat dəstələri “antisovet” Bəybala bəy başda olmağla Alpan bəylərinin, Mayıl Zahirovun, Həmdulla Əfəndinin, Əli bəy Zizikskinin tərəfdarlarını həbs etməyə başlayır... Əli bəy bir müddət sovet hakimiyyətinə qarşı müqavimət hərəkatında iştirak etmiş, Qubada elan edilən amnistiyadan sonra leqal fəaliyyətə keçmiş, lakin bolşeviklərin elan etdiyi amnistiyanın müvəqqəti olduğunu yəqin edərək İrana mühacirət etmişdi. Lakin şah rejiminə uyğunlaşa bilmədiyindən 1922-ci ildə geri qayıdır. Bakıya qayıtdıqdan sonra keçmiş müavini Mircəfər Bağırovla yuxarıda nəql edilən görüşü olur. Həmin dövrdə Bağırov artıq Fövqəladə Komissiyanın sədri idi və bu görüşdən sonra Bağırov Əli bəyi xilas edən sənədi hazırlayıb onu həbsdən və təqiblərdən bir müddət qoruyur. Əli bəy Bakıdakı - Çəmbərəkənddəki evinin bir hissəsini kirayə verir və oradan əldə etdiyi maddi vəsaitlə ailəsini dolandırırdı… 1927-ci ildə Mircəfər Bağırov Bakıdakı məsul vəzifəsindən uzağlaşdırılaraq Tiflisə göndərilir. Hakimiyyət başında oturan ermənilərin əlinə çoxdan gözlədikləri fürsət düşür. Bundan duyuq düşən Mircəfər Bağırov öz adamı ilə Əli bəyə məktubla xəbər yollayır. O, Əli bəyə yazır ki, Mikoyan onunla ciddi maraqlanır, təcili Azərbaycanı tərk etsin. Əli bəy təhlükədən qurtulmaq üçün dəniz yolu ilə İrana, oradan da Türkiyəyə getmək qərarına gəlir. Öncə bacısı Umra xanımı da özü ilə aparmaq istəyir, amma vaxt darlığı üzündən fikrindən daşınır. Əli bəyi limanda - gəmiyə minmək üçün gözləyəndə həbs edirlər. Həbsdə olarkən, Əli bəy Zizikskiyə bacısı Umra ilə görüşməyə şərait yaradılır. Onların son görüşü 1928-ci ilin avqust ayının əvvəlinə təsadüf edir...”.
Tədqiqatçı jurnalist Ədalət Tahirzadənin arxiv materiallarına əsaslanaraq yazdığına görə Əli bəyə açılmış istintaq işinin aparılması müstəntiq Aşot Sumbatyana həvalə olunmuşdu. Ə.Zizikski heç bir əsas olmadan 6 avqust 1928-ci il tarixdə AzSSR Cinayət Məcəlləsinin 63, 75 və 18-84-cü maddələri (əksinqilabçılıq fəaliyyəti, xarici əksinqilabçılıq təşkilatları ilə əlaqə) ilə təqsirli elan edilərək, əslində soyqırım törədən ermənilərə qarşı döyüşlərə rəhbərlik etdiyinə görə ölüm cəzasına məhkum olunmuşdur. Hökm 1929-cu ilin sentyabr ayının 17-dən 18-nə keçən gecə Nargin adasında icra olunmuşdur. Allah erməni dığalarının hər iki dünyada bəlasını verər inşallah.
***
Əli bəyin Zizikdəki ata yurdu 1921-ci illərdə yerlə-yeksan edilmişdi. Hazırda onun evinin yerində yeni (əvvəlki 1929-cu ildə tikilmişdi) Zizik kənd tam orta məktəbi fəaliyyət göstərir. Quba rayon mərkəzində 2016-ci ildən Əli bəy Zizikskinin adını daşıyan küçə də vardır. Böyükləri unutmaq bəla gətirər, böyüklərinə sahib çıxan xalqa Allah gec-tez Zəfərlə müjdələyər!!
Hazırladı: C.A.Albantürk (Quba)
(Xüsusi olaraq “Təzadlar” üçün)