"Bir çox məcburi köçkün ailəsinin özlərinə məxsus şəxsi evinin, mənzilinin, hətta bağ evinin də olması heç kəsə sirr deyil".
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bu gün KİV-ə açıqlamasında bildirib ki, dövlət tərəfindən məcburi köçkünlərə verilən mənzillərdən istifadə etməyən məcburi köçkünlər var. Komitə sədrinin sözlərinə görə, bununla bağlı monitorinqlər aparılır və bu zaman müəyyən olunur ki, bəzi mənzillərdəki sayğaclar (su, qaz, elektrik -red) işləmir. Rövşən Rzayev bildirib ki, şəhərçikərdəki həmin mənzillərin verildiyi insanlar yataqxanalar da yaşayıb və həmin mənzilləri də yataqxanada qeydiyyatda olduqları üçün alıblar, əslində isə onların öz adlarına olmayan şəxsi mənzilləri var. O, əlavə olaraq bildirib ki, Komitə belə hallarla bağlı məhkəmələrə müraciət edir və hazırda məhkəmələrdə bu məzmunlu 510 işə baxılır.
Qeyd edək ki, bir çox məcburi köçkün ailəsinin özlərinə məxsus şəxsi evinin, mənzilinin, hətta bağ evinin də olması heç kəsə sirr deyil. Torpaqlarımızın işğal altında qaldığı 30 ilədək müddət ərzində onların zəhmət çəkərək özlərinə ev, maşın alması həm təbiidir, həm də haqqıdır. Bu, o deməkdir ki, evindən-eşiyindən didərgin düşmüş həmin insanlar dövlətin onlar üçün ayırdığı aylıq çörək pulunu almaqla, həmçinin kommunal xərclərinindən azad etməsi (əvvəllər kommunal xərcləri ya onlardan tutulmurdu, ya da xüsusi limitlə pulsuz verilirdi) humanizmindən yararlanaraq, həm ailə büdcəsinə qənaət ediblər, həm də özlərinə qazanc yerləri taparaq çalışıblar və ailələri üçün normal şərait yaradıblar.
Çox gözəl, çox pakizə - buna hamı sevinməlidir. Amma burada anormal olan hal odur ki, dövlətin verdiyi mənzillərə, doğrudan da ehtiyacı olan köçkün ailələri var ki, onlar 4-5 nəfərlik ailə üzvləri ilə uzun illər yataqxanalarda yaşayıblar və yaşayırlar da. Hətta aralarında birinci Qarabağ müharibəsinin qaziləri də var.
Lakin şəhərçiklərdəki binalarda mənzilləri olsa da onlarda yaşamayan və ya həftənin bəzi günlərində baş çəkən bəzi məcburi köçkün ailələri var ki, (əsasən paytaxtda) onlar uzun illər yaşadıqları ərazidə özlərinə iş yerləri tapıblar –yaradıblar (məsələn, kiçik bir gözəllik salonu, yaxud kənd təsərrüfatı məhsulları mağazası və.s) və bu zaman da onlar illərlə yaşadıqlaları ərazidəki müştərilərini itirmək istəmirlər və yeni köçdükləri ərazidə isə yenidən belə bir iş yeri tapmaq və yaxud sahibi olmaq çox çətindir. Və nəzərə alaq ki, həmin insanlar bəzən şəhərdən bir qədər uzaq məsafələrdə tikilmiş həmin mənzillərinə hər gün gedib-qayıda bilmirlər. Yəni problemin biri də o insanların iş və qazanc yeri ilə əlaqədardır. Məsələn, şəhərin hansısa məhəlləsində yaşayan məçburi köçkün qadın ətraf binaların sakinlərinin müraciəti ilə yorğan-döşək yuyub- sırımaq, xalça-palaz yuması hesabına gündəlik təlabatını ödəyirsə, artıq yeni köçürülmüş qəsəbədə bunu edə bilmir. Həmçinin bəzən həmin insanlar orta məktəbdə oxuyan uşaqlarını da müəllimlərinin bilik səviyyəsi və tədrisi ilə tanış olmadığı məktəblərə vermək istəmirlər və yaxud məktəbli öz sininf yoldaşlarından ayrılmaq istəmir.
...Lakin şükürlər olsun ki, torpaqlarımız erməni işğalından azad edilib və dövlət məcburi köçkünlər üçün tikilən binaları satışa çıxarır. Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Yəni artıq məcburi köçkünlərin nə Bakıda, nə də Azərbaycanın digər bölgələrində onlara tikiləcək binalara ehtiyacı olmayacaq.
Çünki tez bir zamanda Qarabağa böyük qayıdış başlayır. Və bundan sonra məcburi köçkünlərin nə ev problemi olacaq, nə də istifadə etmədikləri mənzillərə görə məhkəmələrə veriləcəklər.
JASMİN