...Hazırda Bərdə-Ağdam avtomobil yolunun tikinti işləri sürətlə davam edir.
Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla 1992-93-cü illərdə mənfur ermənilərin dağıtdığı magistral yolun yararsız qrunt hissələri qazılaraq çıxarılır, genişləndirmə işləri aparılmaqla 26.5 metr enində yeni yol yatağı inşa edilir. Yol yatağı hazır olan hissələrdə isə çınqıl tökülməklə bərkitmə işləri görülür ki, bu da asfaltlama işlərinin sürətləndirilməsində vacib şərtdir...
Bərdənin mərkəzindən keçərək Ağdama istiqamət alan yolun da bəxti açılıb...
Qeyd edək ki, Bərdə-Ağdam magistral avtomobil yolu "Dörd yol" deyilən ərazidən başlasa da, Bərdədən həmin əraziyədək olan yol da 1-ci Qarabağ müharibəsindən sonra təmirsiz qalmışdı. Xüsusən də Tər-Tər çayın üzərindəki körpüdən sonra Ağdam və Ağcabədi istiqamətinə getmək olduqca problemli idi. Təmirsiz və onsuz da darısqal olan yolun kənarları isə ticarət şəbəkəsi obyektlərinin sayəsində daha da daralmlş, tıxaclı olmuşdu... Artıq Bərdənin mərkəzi sayılan həmin körpüdən başlayaraq "Dörd yol" deyilən əraziyədək olan yolun da bəxti açılıb. "Təzadlar"ın bölgəyə ezam olunmuş baş redaktoru Asif Mərzili Bərdədən xəbər verir ki, təxminən 12 km-lik həmin yolda hazırda intensiv tikinti işləri aparılır. "Yolun ətrafındakı bütün ticarət obyektləri kənara köçürülmüş və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin aidiyyəti struktur bölmələrinin ağır texnikaları intensiv iş aparır. Yolun əsas hissəsində artıq bərkitmə işləri yekunlaşıb və yaxın vaxtlarda asfaltlama işlərinə başlanılacaq. Söhbət etdiyim yol təsərrüfati işçiləri yolun yaxın bir aya tam istifadəyə veriləcəyini bildirdilər... Diqqətə çatdıraq ki, bu yol Sovet dövründə tikilmişdi və indiyədək təmirsiz halda olmaqla, olduqca ensiz idi. İndi yol üçqat genişləndirilib və 6 zolaqlı olacağı bildirildi...".
Təqdim etdi: JASMİN