"Atam Gürcüstana gəlməyin səhv olduğunu anlayıb.
Bunu ondan dəfələrlə eşitmişəm. O, fikirləşir ki, bura gəlməməli idi".
Bu sözləri Mixeil Saakaşvilinin oğlu Eduard Saakaşvili “Vivamed” klinikasında atasına baş çəkdikdən sonra mətbuata açıqlamasında deyib.
Deputat Koba Nakopia isə bu gün klinikada siyasətçi ilə görüşdükdən sonra bildirib ki, Mixail Saakaşvili bir il həbsdə olduğu müddətdə 30 kq arıqlayıb və müalicəsi onun üçün yaxşı nəticə verməyib.
Xatırladaq ki, ötən il gizli yolla Gürcüstana gələn və daha sonra həbs edilərək Rustavi şəhərindəki 12 saylı həbsxanaya köçürülən eks prezident Mixeil Saakaşvilinin səhhəti ətrafında söz-söhbət hələ də bitməyib.
Ailəsi, tərəfdarları onun müalicə olunmaq üçün Avropaya göndərilməsini tələb edirlər.
Saakaşvilinin qardaşı Giorgi Saakaşvili də bir müddət əvvəl bildirmişdi ki, qardaşı çox zəifləyib və həkimlərin ona qoyduqları diaqnozların sayı 17-yə çatıb.
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili isə KİV-ə bildirib ki, Saakaşvilinin bəzi daxili və xarici dostları onu ürəkləndirərək deyirlər ki, cəzaçəkmə müəssisəsindən azad ediləcək və buna görə də o, 6 il cəza çəkəcəyi faktı ilə barışa bilmir...
JASMİN