Redaksiyamıza Bakı şəhəri, Masazır qəsəbəsi 59 ünvanında yaşayan A. A.İsgəndərlinin şikayət məktubu daxil olub.
Şikayətçi 1 sentyabr 2022-ci ildə İcbari Sığorta Bürosunun əməkdaşı Ə.Rüstəmova tərəfindən təhqir olunduğunu yazır.
1-ci qrup əlil və ağır miopatiya - əzələ xəstəsi olduğunu bildirən A.İsgəndərlinin sözlərinə görə, həmin gün yaxın qohumları ilə gün ərzində üç dəfə İcbari Sığorta Bürosunun binasına gəlib: "Hər dəfə də İcbari Sığorta Bürosunun müştəri xidmətləri şöbəsinin işçisi Əfsanə Rüstəmova məni qəbul etməyib. Birinci gəlişimdə panikür-pedikürlə məşğul idi, dedi, vaxtım yoxdu. İkinci dəfə gələndə özünün xüsusi pəhriz yeməyini iş yerində - müstəri xidmətləri göstərməli olduğu stolun üstündə yeyirdi. Hər dəfə də bu mənzərəni 10-15 müstəri dayanıb təəccüb içində seyr edirdi. Üçüncü dəfə gələndə mənim əsəblərim dözmədi. Çünki Masazırda yaşayıram, hər dəfə gəlib-getməyə taksiyə pul verirəm. Səbrim çatmadı, etirazımı bildirdim ki, müstərilərə bu cür xidmət göstərilmir. Mən Əfsanə Rüstəmovaya dedim ki, siz müştərilərə yox, özünüzə xidmət edirsiniz. Bundan sonra o, ayağa qalxdı, stula təpik vurdu və mənə ağır təhqirlər yağdırdı. Mən ona dedim ki, sizin mənimlə bu tonda danışmağa ixtiyarınız yoxdur, mən sizin rəhbərliyə və Mərkəzi Banka şikayət edəcəyəm. O qışqıra-qışqıra ayağa qalxdı, stolun üstündəki sənədləri götürüb göyə səpələdi, dedi ki, "qələt edir bizim rəhbərlik də, Mərkəzi Bank da, sən də, mən sənə nəinki xidmət göstərəcəm, heç səninlə danışmaq belə istəmirəm, çıx rədd ol burdan çölə!"
Orada dayanan digər müştərilər də təəccüb içərisində deyindilər ki, bura necə idarədir, adamla necə rəftar edirlər, işçi vətəndaşları adam yerinə qoymur, bildiyini eləyir. Müştərilər bildirdilər ki, bu Əfsanə Rüstəmovanın birinci hərəkəti deyil, o dəfələrlə insanlara qarşı bu cür kobud hərəkətlər edib, müştərilərə qəbz-zad da vermir, mühasibatlıq işləri bərbad gündədir, belə ki, o, müdiri saymadığından sənədləşmə işlərini düzgün aparmır. Əlbəttə, sənədləşmə işlərində bu cür özbaşınalığın olması Əfsanə Rüstəmovanın özünə xeyirdir, çünki o bu özbaşınalıqdan sui-istifadə edir.
Dediyim kimi, mən birinci qrup ömürlük miopatiya xəstəsiyəm. Maraqlanarkan üzə çıxdı ki, bu işçi ilə heç İcbari Sığorta Bürosunun rəhbərliyi özü belə bacarmır.
Mən İcbari Sığorta Bürosunun rəhbərliyindən, Mərkəzi Bankdan və Milli Məclisdən xahiş edirəm ki, Əfsanə Rüstəmova barəsində müvafiq tədbirlər görülsün. O cümlədən, prokurorluq orqanlarından xahiş edirəm ki, İcbari Sığorta Bürosunda həmin gün mənimlə işçi Əfsanə Rüstəmova arasında yaşanmış qalmaqalın, mübahisənin videogörtüntülərini götürsünlər, məsələyə hüquqi müstəvidə qiymət versinlər. Eyni zamanda, Vergilər Nazirliyindən xahiş edirəm ki, İcbari Sığorta Bürosunda sənədləşməni yoxlasınlar, onda görəcəklər ki, nə qədər neqativ hallar və vergidən yayınmalar ortalığa çıxır".
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək cəhdimiz alınmadı. Odur ki, maraqlı tərəfləri də dinləməyə hazırıq.
E.ŞİRİNOV