Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Qaziantepin Nurdağı rayonundan Konyaya gələn 7 Suriya əsilli ailənin qaldığı kərpic evdə yanğın baş verib. Yanğın zamanı evdə olan və əlil olduğu bildirilən ana, ata və 5 uşaq həyatını itirib.
Hadisə yerinə çoxlu polis, yanğınsöndürən və sağlamlıq qrupları göndərilib.
Yanğınsöndürənlərin yanğına müdaxiləsi zamanı evin dam örtüyü dağılıb. Söndürmə işlərindən sonra hadisə yerinə gələn iş maşınları ilə evin qalıqları çıxarılıb.
Zəlzələ qurbanları olan və Qaziantepin Nurdağı rayonundan şəhərə gəldiklərini öyrənən qruplar ata Münir (45), ana Meryem (43), uşaqları Viam (13) və Riham (13), Şeyma (8), Səddam (6) və Yusuf Əl Dahirin (4) cəsədini tapıblar.
Xəsarətlə evdən çıxarılan 5 nəfər Konya Şəhər Xəstəxanasına çatdırılıb. Yanğınsöndürmə briqadası tərəfindən dağıntılar altından çıxarılan cəsədlər Konya Şəhər Xəstəxanası morquna aparılıb.
Həyatını itirən ailənin övladlarından bəzilərinin əqli qüsurlu olduğu üçün yanan evdən çıxa bilmədikləri öyrənilib.
Məhəllə sakinlərindən Muhsin Çakır bildirib ki, evdə məskunlaşan suriyalı ailə kirayəçi ailə ilə qohumdur.
Ailənin iki gün əvvəl evə gəldiyini izah edən Çakır "Onlar zəlzələ qurbanı olduqları üçün buraya sığınacaq üçün gəliblər. Ailə yataq otaqlarını bu ailə üçün ayırıb. Gecə saatlarında elektrik qızdırıcısından və ya sobadan yanğın baş verib. Yanğını gördük, amma müdaxilə edə bilmədik. Pəncərədən bir qız xilas edilib”, - deyə bildirib.
E.ŞİRİNOV