Ukrayna Silahlı Qüvvələri (USQ) gələn ay cənub istiqamətində əks-hücum əməliyyatı keçirməyi planlaşdırıb.
Tezadlar.az xəbər verir ki, bu barədə bazar ertəsi “The New York Times” Pentaqonun və Amerika kəşfiyyatının internetə daxil olan məxfi sənədlərinə istinadən məlumat yayıb.
Qəzet qeyd edib ki, aprelin sonuna qədər Ukrayna cənub istiqamətində əks-hücuma keçmək üçün hər biri 4 min nəfərdən ibarət 12 döyüş briqadası hazırlayacaq. Qərb ölkələri 12 briqadadan 9-nu hazırlayır və təchiz edir. Nəşrin yazdığına görə, ABŞ rəsmiləri əks-hücumun döyüş meydanında ciddi dəyişikliklərə səbəb olacağını ehtimal etmirlər.
Ukrayna Silahlı Qüvvələrinin mümkün əks-hücum əməliyyatı mövzusu artıq bir neçə aydır ki, mediada müzakirə olunur. Media müxtəlif tarixlər verib. Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl bəyan edib ki, Qərb ölkələrinin Ukraynanın qarşıdan gələn əks-hücum əməliyyatı ilə bağlı açıq spekulyasiyası onların münaqişədə birbaşa iştirakını təsdiqləyir.
Bundan əvvəl Amerika KİV-i Pentaqon və ABŞ Ədliyyə Nazirliyinin Vaşinqton və NATO-nun Ukrayna Silahlı Qüvvələrini əks-hücum əməliyyatına hazırlamaq planlarına dair məxfi sənədlərin sızması ilə əlaqədar araşdırmaya başladığını yazıb. Silahların tədarükü cədvəlləri və qoşunların sayı ilə bağlı məlumatları açıqlayan çoxlu materiallar ilin əvvəlindən, xüsusən də Twitter və Telegram-da dərc olunub.
Aprelin 13-də məxfi sənədləri dərc etməkdə şübhəli bilinən ABŞ Milli Hava Qvardiyasının əsgəri, 21 yaşlı Cek Duqlas Teyşeyra həbs edilib.
E.ŞİRİNOV