Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Almaniyanın keçmiş kansleri Angela Merkeli Rusiya ilə Ukrayna arasında hərbi münaqişənin qarşısını almaq cəhdləri barədə söylədiyi sözlərə görə tənqid edib.
Tezadlar.az xəbər verir ki, bu barədə o, Twitter səhifəsində yazıb.
"Avropanı tamamilə Rusiya enerjisindən asılı vəziyyətə salan keçmiş kansler Angela Merkel bəhanələr gətirir. Əgər keçmişin səhvlərini düzəldə bilmirsinizsə, bəhanə axtarmağı dayandırın", - o yazıb.
Podolyak Merkelin danışıqlar masasına oturmaq çağırışına da cavab verib.
"Bir sual. Nə haqqında danışıqlar? Yenə Rusiyadan ucuz qaz haqqında? Və ən əsası, kiminlə?” - o, münaqişənin uzun sürməsinə və ukraynalılar arasında çoxsaylı itkilərə işarə edərək soruşub.
Bundan əvvəl Almaniyanın keçmiş kansleri Angela Merkel hakimiyyətdə olarkən bütün vasitələrlə Rusiya ilə Ukrayna arasında hərbi münaqişənin qarşısını almağa çalışdığını bildirib. Keçmiş kansler Ukrayna ilə bağlı “çox narahat olduğunu” vurğulayıb və tərəflər arasında danışıqların mümkün olacağı gələcək ssenari üzərində düşünməyi zəruri hesab etdiyini bildirib.
E.ŞİRİNOV