Avropa İttifaqının (Aİ) Ukraynadakı yeni səfiri Katarina Maternova bildirib ki, Kiyevin iki ildən sonra Aİ-yə daxil olmaq planı “çox optimistdir”.
Tezadlar.az xəbər verir ki, o, bu barədə “Dennik N”-ə müsahibəsində danışıb.
Bununla yanaşı, Ukraynanın Aİ-yə daxil olması prosesini şərh edən Maternova bildirib ki, Kiyev “öz sürəti ilə əhəmiyyətli dərəcədə təəccübləndirə bilər”.
“Adətən, illər tələb edən şey onlar üçün aylar alır. Aylarla davam edən isə saatlar çəkir”, - diplomat bildirib.
O, etiraf edib ki, 2023-cü ilin dekabrında Ukrayna və Aİ rəsmi üzvlük danışıqlarına başlayacaq. Maternova vurğulayıb ki, o, Kiyevin Avropa İttifaqına daxil olmasının dəqiq vaxtını deyə bilməz.
2022-ci il fevralın sonunda Ukrayna prezidenti Vladimir Zelenski ölkənin Aİ-yə daxil olması üçün ərizə imzalayıb və Brüsseli bu prosesi sürətləndirilmiş prosedur altında dərhal başlamağa çağırıb. Ukraynanın Aİ-yə sürətləndirilmiş üzvlüyü səkkiz iştirakçı ölkə - Latviya, Litva, Polşa, Bolqarıstan, Çexiya, Estoniya, Slovakiya və Sloveniya tərəfindən dəstəkləndi.
Fransa prezidenti Emmanuel Makron daha sonra Ukraynanın Aİ-yə daxil olmasının “illər, hətta onilliklər” alacağını deyib və Kiyevə Aİ ilə münasibətlərini gücləndirəcək hansısa müvəqqəti statusun verilməsini təklif edib.
Qeyd edək ki, 2022-ci ilin iyununda Ukrayna və Moldova Aİ üzvlüyünə namizəd statusu alıblar.
2023-cü ilin əvvəlində Ukraynanın baş naziri Denis Şmıxal bildirib ki, Kiyev ölkənin Avropa İttifaqına daxil olması üçün “sıx iki illik cədvəl” hazırlayıb.
E.ŞİRİNOV