“Artıq iki ildən çoxdur ki, Azərbaycan bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını  təklif edib. Eyni zamanda,  ilk gündən belə bir bəyanatı da səsləndirib ki, təklif uzun müddət masa üzərində qalmayacaq. Bununla bağlı müxtəlif səviyyələrdə, məkanlarda  görüşlər, danışıqlar aparılır. Moskva, Soçi, Brüssel, Praqa,  ABŞ, Kişineu  görüşlərinin hər biri irəliyə doğru addım, Azərbaycanın diplomatik qələbəsi kimi dəyərləndirildi.

Keçirilən hər bir görüşdən öncə diqqət çəkən məqam budur ki, Ermənistan  danışıqlar prosesinə mane olmaq üçün  hərbi təxribatlara daha çox maraq göstərir, bununla da  prosesi uzatmaq  istəyini açıq-aşkar nümayiş etdirir. 30 illik işğal dövründəki vəziyyətin təkrarlanmasında maraqlı olan işğalçı Ermənistan unudur ki, bugünkü Azərbaycan o dövrün Azərbaycanı deyil. Bu gün ölkəmiz qalib tərəf olaraq reallıqları özü diktə edir. Bu reallıqların qəbulu istiqamətində atılan  addımların uğurlu nəticələri Azərbaycana beynəlxalq  dəstəkdə özünün aydın ifadəsini tapır. 30 il davam edən  işğal dövründə Ermənistana dəstək missiyasını yerinə yetirən Fransa kimi dünyanın bəzi dövlətləri bu gün də  eyni vəziyyətin yaşanmasında maraqlı olsalar da  artıq bunun mümkünsüzlüyünün fərqindədirlər. Sülh müqaviləsinin imzalanmasında, təbii ki, Ermənistan daha çox maraqlı olmalıdır.  İlk növbədə o baxımdan ki,  məğlub dövlət   iqtisadi vəziyyətini yeni əməkdaşlıq formatlarına qatılmaqla, kommunikasiyaların açılmasına nail olmaqla  yaxşılaşdıra bilər. Lakin  son aylarda Ermənistanın sərhəd bölgələrində  törətdiyi təxribatlara, atəşkəsin pozulması cəhdlərinə diqqət yetirsək  görərik ki, işğalçı dövlət  hələ də  baş verənlərdən nəticə çıxarmayıb. Əvvəldə də qeyd etdiyimiz kimi, müxtəlif səviyyələrdə, məkanlarda  sülh danışıqlarının aparılmasına baxmayaraq Ermənistanın çirkin niyyətlərindən əl çəkmək istəməməsi hələ də  dünya çapında  beynəlxalq  hüququn işləməməsinin təsdiqidir. Beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi üçün vahid mexanizmin olmaması problemlərin yaşanmasına, Ermənistanın hələ də verilən dərslərdən nəticə çıxarmamasına səbəb olur”. 

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Ermənistanın  Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Arazdəyəndə  iri metallurgiya zavodu inşa etməyə hazırlaşması növbəti ekoloji cinayətdir: “Belə ki,  işğalçı ölkə yenə də   beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur, dünyanın bəzi dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar isə  susmaqda davam edir. İyunun 15-də Laçın  sərhəd buraxılış məntəqəsinin Ermənistan tərəfindən  atəşə tutulması  beynəlxalq hüquq normalarının pozulması, müstəqil Azərbaycana  qarşı törədilən  növbəti təxribat kimi qəbul olunur. Xarici İşlər Nazirliyinin bəyanatında bu mühüm məqam qeyd edilir ki,  bu hərbi təxribat Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüz olmaqla yanaşı, sərhəd buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə, erməni sakinlərin təhlükəsiz, sərbəst və maneəsiz keçidinə, habelə Laçın yolu ilə hərəkətinə maneçilik törətmək məqsədi daşıyır”.

Baş redaktor onu da əlavə edib ki, son günlərdə Naxçıvan, Zəngilan, Gədəbəy, Şuşa rayonu istiqamətində yerləşən mövqelərimizin erməni silahlıları tərəfindən atəşə tutulması faktları da təsdiqləyir ki, Laçın  sərhəd-buraxılış məntəqəsinə qarşı hərbi təxribat da daxil olmaqla erməni silahlılarının sərhəddə yaratdıqları gərgin vəziyyət  ölkəmizin  suverenliyinə və ərazi bütövlüyünə  təcavüzdür: “Ermənistanın sərhəd bölgəsində törətdiyi təxribatların davamlılığı təsdiqləyir ki,  işğalçı dövlət açıq-aşkar sülh  istəmir. Əvvəldə də qeyd etdiyimiz kimi, 30 il davam edən  işğal dövründə danışıqlar prosesinə  imitasiya naminə qatılan Ermənistan sonda  44 günlük İkinci Qarabağ müharibəsinin başlanmasına  səbəb oldu. Həmin dövrün reallıqlarına nəzər salsaq görərik ki,  hər bir  sülh danışığı  ərəfəsində Ermənistan tərəfindən  hərbi təxribatların törədilməsi  artıq ənənə halını almışdı.  Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların intensivləşdiyi,  Brüssel formatının yenidən bərpa olunduğu indiki məqamda  işğalçının vədlərinə əməl etməməsi, hərbi təxribatlar törətməklə vaxt qazanmağa çalışması artıq müxtəlif sualların yaranmasına səbəb olmaya bilməz. Ermənistan ölkəmizin  təqdim etdiyi və beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən  sülh müqaviləsini, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, amma fürsət düşən kimi təxribatları ilə  gündəmdə olur. Dövlət başçısı İlham Əliyevin elə bir görüşü, beynəlxalq səviyyəli tədbirlərdə  elə bir çıxışı yoxdur ki,  postmünaqişə dövrünün reallıqları fonunda  sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlardan, onun nəticələrindən bəhs etməsin. Cənab İlham Əliyev bu günlərdə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri zamanı mətbuata birgə bəyanatlarında diqqəti bu məsələyə yönəldərək bildirdi ki, bu sazişin imzalanmasının perspektivləri var, sadəcə olaraq, Ermənistan siyasi iradə nümayiş etdirməlidir və artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır!”.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, işğalçı Ermənistana havadarlarının dəstəyi, beynəlxalq hüququn zamana və məkana görə tətbiqinin  hələ də qüvvədə olması  təcavüzkar dövlətin  bu cinayətlərinin davamlılığına şərait yaradır: “Hər zaman qeyd edildiyi kimi, işğalçı dövlətə zamanında  sanksiyalar tətbiq edilsəydi, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi, BMT qətnamələrinin icrası üçün vahid mexanizm müəyyənləşdirilsəydi belə vəziyyətlər yaşanmaz, dünyada bir etimad mühiti formalaşardı. Tarixi Zəfərimizdən sonra  dünyaya ünvanlanan çağırışlar sırasında BMT sisteminin tərkibinin genişləndirilməsi  xüsusi yer tutur. Azərbaycanın bununla bağlı təklifləri də mövcuddur. Həmin tərkibdə  Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin təmsil olunması  prioritet məsələlərdəndir. Ədalətin və beynəlxalq hüququn mövcudluğuna, bölgədə, ümumilikdə dünyada sülhün təmin olunmasına xidmət edəcək bu  çağırışların  hələ də bəyanat olaraq qalması, dünyanın aparıcı dövlətlərinin ikili standartlara əsaslanan siyasətlərinə son qoymaq haqqında düşünməmələri  qarşılıqlı etimad mühitini sıfra yaxınlaşdırır”.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN