(Tərənnüm)
Keçidlər, keçidlər... Eyvah, yosma keçidlər! Yeraltı keçidlər, yerüstü keçidlər. Kəhrəba libaslı, boyunbağı timsalı asma keçidlər. Əlqissə, xərc istəməz, cibə girməz keçidlər. Barəftar-biməsrəfdir keçidlər.
Hə də, gələnlər keçib gedirlər. Bir-bir, beş-bir keçirlər. Söz yox asan keçirlər. Üzü gülər keçirlər. Əhli xürrəm keçirlər. Bakıda, Qubada, Şirvanda keçidlər. Qalada, Hövsanda, Türkanda keçidlər. Lap bizim Ceyranbatanda həm də qapı qonşumuz Lökbatanda batmayıb keçirlər. Üzü gülər keçirlər.
Sabaha inamla keçirlər. Keçidlər, keçidlər! Bitkin, azman keçidlər. Asma keçidlərin azmanı-uzmanı var. Tamam–kamal bizim min illərin izinə nişan qalası keçidlər!
Çöllü-biyabanda əhli-fərman keçidlər – Xırdalanda, Şağanda keçidlər. Çox-çoxdur eldə, dildə keçidlər. Ömür keçir, gün keçir. Çay axır, su keçir. Gələn kimdir, görən kim keçir?! Gündə-güzəranda lap əzəli körpə beşiyində keçidlər. Sən də ulamlardan-dolambacdan keçib gəlmisən, mən də. Necə?! Gedəsi deyilsən kəndə?
Keçidlər, keçidlər... Asma keçidlər. Gün-güzəran keçidlər. Ehmallı olaq. Səhman dolanaq. Düzünü bilən yox, xəbər verən yox, harda qaldı çağa çağım. Bu gün boşdur solum-sağım. Həyan olsun, aman olun, mərcan olun, dərman olun. Qəflət yuxusunda qalanları, gözü yaşlı qoymayın adamları. İbrət alaq qəflət yuxusunda qalanlardan.
Faydalıdır fəhminiz-fərasətiniz. Gözdən qalmır qayğınız-rəğbətiniz. O bizi düşünüb sizi yaradana əhsən. Zəval görməyəsən! Düşsəm bərkə-boşa. Sizə verməm əziyyət. Əziyyətli keçidlər, asan keçidlər, asma keçidlər.
Qüdrət Əliyev