Varşavada Srodmiescie polisinin rayon komendantlığının nümayəndəsi Robert Şumyata mediaya bildirib ki, martın 6-da fermerlərin etirazları zamanı Varşavada 52 nəfər saxlanılıb.
Onların ittiham olunduğu “cinayətlər” arasında: polis əməkdaşlarının bədən toxunulmazlığını pozmaq və polis əməkdaşlarına hücum etmək var. Eyni zamanda, Şumyata ittihamların dəyişə biləcəyi barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, 14 polis əməkdaşı yaralanıb, onlardan bəziləri hələ də xəstəxanadadır.
Şumyata əlavə edib ki, hazırda müşahidə kameralarından gələn yazıların təhlili davam edir.
Xatırladaq ki, fevralın əvvəlindən Polşada fermerlərin etiraz aksiyaları keçirilir. Etirazçılar Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyulmasını, eləcə də Avropa Birliyinin 2050-ci ilə qədər havaya tullantıları sıfıra endirmək üzrə ekoloji planlarından imtina etməyi tələb edirlər.
E.ŞİRİNOV