Son on ildə dəniz səviyyəsi əvvəlkindən iki dəfədən çox sürətlə qalxıb. Belə dəyişikliklər kiçik ada dövlətləri üçün ekzistensial riskdən başqa bir şey deyil.
Tezadlar.az xəbər verir ki, bunu COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “İqlim şəffaflığı sahəsində yüksək səviyyəli dialoq” mövzusunda tədbirdə deyib.
Nazir qeyd edib ki, fəlakətlər daha tez-tez və daha şiddətli baş verir. Onun sözlərinə görə, iqlim hadisələrinin bu cür inkişafı ortaq iqlim məqsədlərinə uyğun hərəkət etməyə təcili ehtiyac olduğunu göstərir.
“Buna görə də biz COP29-un və iqlim dəyişikliyinə qarşı fəaliyyətimizin uğurlu olması üçün Paris Sazişinin bütün müddəaları üzrə əlimizdən gələni etməliyik. Şəffaflıq bu səylərin əsas hissəsidir, həssas icmalar arasında qlobal iqlim məqsədləri ətrafında etimad yaradılmalıdır.
Ötən il tərəflər bir araya gələrək Birləşmiş Ərəb Əmirlikləri Konsensusuna nail oldular. COP29-a doğru irəlilədikcə, 1.5 hədəfinə çatmaq üçün biz işimizi COP28-də yaradılan müsbət ruh və impuls üzərində qurmalıyıq.
COP29 Sədrliyi iqlimin maliyyələşdirilməsini əsas götürməklə, ambisiyaları artırmaq və iqlim dəyişikliyi ilə bağlı fəaliyyətə imkan yaradılması məqsədilə uğurlu iqlim danışıqları ili üçün planını paylaşıb. Bütün tərəflərdən gələcək nəsil milli iqlim planlarında öz ambisiyalarını artırmağı xahiş etdiyimiz üçün şəffaflıq vacib olacaq”, - deyə Muxtar Babayev bildirib.
R.XUDATQIZI