Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin bütün vasitələrlə hücum silahları ilə təchiz olunan, konstitusiyasında və digər hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarını davam etdirən Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır.

Maraqlıdır ki, indi də XİN-in mətbuat katibi bu ölkənin Konstitusiya Məhkəməsinin Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə komissiyalarının birgə fəaliyyətini tənzimləyən reqlamentin Ermənistan konstitusiyasına uyğunluğu barədə bu yaxınlarda qəbul etdiyi qərara onların konstitusiyasında “qonşularına qarşı ərazi iddialarının mövcud olmadığının” “təsdiqi” kimi istinad edir.

Bu iddiaya dair faktları yoxlayarkən Ermənistan tərəfinin hələ 2010-cu ilin yanvarında Türkiyə ilə münasibətlərinin normallaşdırılmasına dair protokolların onun konstitusiyasına uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinin qərarının təfərrüatlı şəkildə əsaslandırıldığı zaman qondarma “Qərbi Ermənistan” iddialarından əl çəkmədiyini xatırlamaq kifayətdir.

Tezadlar.az xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan XİN-in mətbuat katibinin bu ölkənin hərbiləşdirilməsinə bəraət qazandırması və Azərbaycandan iddia olunan təhdidlər barədə söylədiyi fikirlərə dair şərhində yer alıb.

A.Hacızadə, həmçinin qeyd edib: “Eyni məntiq və yanaşma məhkəmənin Azərbaycanla Ermənistan arasında sərhəd komissiyalarının reqlamentinin Ermənistan konstitusiyasına uyğunluğu ilə bağlı 2024-cü il 26 sentyabr tarixli qərarının qəbulu zamanı da tətbiq edilib. Məhkəmə qərarında hazırda Ermənistana məxsus olan rayonların sadalanmasına baxmayaraq, Azərbaycan ərazilərinə iddianı ehtiva edən Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın əks olunduğu preambulanın konstitusiyanın ayrılmaz hissəsi kimi əhəmiyyəti vurğulanıb. Xüsusən də məhkəmə qərarında preambula və dolayısı ilə Müstəqillik Bəyannaməsi “erməni dövlətçiliyinin əsas prinsipləri” kimi səciyyələndirilib və onların dəyişilməz müddəalar olduğu qeyd edilib ki, bu da Ermənistanın Azərbaycan ərazilərə qarşı iddialarından irəli gələn təhdidi daha da artırır.

Alma-Ata Bəyannaməsi məsələsinə gəlincə, məlumdur ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında 1991-ci il 8 dekabr tarixli Sazişində və 1991-ci il 21 dekabr tarixli Alma-Ata Bəyannaməsində nəzərdə tutulan ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmətlə bağlı müddəalarda MDB-yə üzv dövlətlər arasında faktiki sərhədlərin hansı olduğu və ya hər bir dövlətin tərkibinə hansı ərazilərin daxil olması məsələsinə aydınlıq gətirilmir. Beləliklə, Alma-Ata Bəyannaməsi Ermənistanın “xoş niyyəti”nin təsdiqi sayıla bilməz.

Ermənistanın 1992-ci il fevralın 18-də MDB-nin yaradılması haqqında sazişi qeyd-şərtlə ratifikasiyasını inkar etmək olmaz. Üstəlik, Ermənistan qeyd-şərtlər etmək niyyətini hələ 1991-ci il dekabrın 26-da Ermənistan Ali Soveti MDB-nin yaradılması haqqında sazişə dair Protokolu ratifikasiya edəndə rəsmən bəyan edib. MDB-nin yaradılması haqqında sazişin ratifikasiyasına dair Ali Sovetin 1992-ci il 18 fevral tarixli qərarının 10-cu bəndində aydın şəkildə göstərilir ki, Ermənistan Respublikası qondarma “Dağlıq Qarabağ Respublikasını MDB-yə daxil olmaq hüququ olan müstəqil dövlət hesab edirdi”.

Ali Sovetin bu qərarından sonra Ermənistan heç vaxt “Dağlıq Qarabağı” Azərbaycanın tərkib hissəsi kimi tanımayıb, bu mövqe Ali Sovetin 1992-ci il 8 iyul tarixli Qərarında bir daha təsdiqlənib və Ermənistanın 1995-ci il 5 iyul tarixli Konstitusiyası ilə daha da möhkəmlənib. O zaman qeyd-şərtin müqaviləyə tərəf digər ölkələrin nəzərinə çatdırılmasının zəruri olub-olmaması və Ermənistanın belə tədbir görüb-görmədiyindən asılı olmayaraq, hər hansı bir mühakimə yürütmədən, qeyd-şərtlər Ermənistan qanunvericiliyinin bir hissəsidir və inkar edilə bilməz.

Beləliklə, həmçinin Ermənistanın Alma-Ata Bəyannaməsinə qoşulan zaman konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı artıq mövcud olan iddiasını və onun qeyd-şərtlərini nəzərə alaraq, Ermənistan “Dağlıq Qarabağın” Azərbaycanın tərkib hissəsi kimi tanınmasını istisna edib. Odur ki, Ermənistan öz konstitusiyasına dəyişikliklər edənə, Azərbaycana qarşı iddiasını əks etdirən bütün hüquqi və siyasi aktlardan imtina etməyənədək bu ölkənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur.

Həmçinin Alma-Ata Bəyannaməsinə qoşularkən Ermənistanın Azərbaycana qarşı təcavüz tarixini nəzərə alaraq, “keçmiş Sovet İttifaqının respublikalarının inzibati sərhədləri boyunca bir-birinin ərazi bütövlüyü və suverenliyinin tanınması” dedikdə Ermənistanın 1992-ci ildə və indi nə nəzərdə tutduğuna aydınlıq gətirməsinin vaxtı çatıb.

Bütün bunların fonunda və Ermənistan siyasətinin gözlənilməz xarakteri nəzərə alınaraq, kütləvi militarizasiyaya bəraət qazandıran özünümüdafiə hüquqları ilə bağlı arqumentlər həm uydurma, həm də təhlükəlidir.

Bundan əlavə, Ermənistan XİN-in Azərbaycanın COP29-dan guya Ermənistana hücuma hazırlıq məqsədilə “tüstü pərdəsi” kimi istifadə etdiyini iddia edərək, Azərbaycanda COP29-a səfər etməkdən çəkinməyə çağıran yalan dolu təbliğatı təəssüf doğurur.

Erməni tərəfinin bu problemlərə məhəl qoymamaq məntiqi onu göstərir ki, bu ölkə davamlı sülhdə maraqlı deyil və gələcəkdə Azərbaycana qarşı növbəti dəfə təcavüzə başlamaq üçün bu vəziyyəti ehtiyat variant kimi saxlamağa çalışır.

Ermənistan ziddiyyətli bəyanatlardan, təxribat xarakterli addımlardan çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etdiyini öz fəaliyyəti, həmçinin real addımları ilə nümayiş etdirməlidir”.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN