Gürcüstan prezidenti Salome Zurabişvili polşalı həmkarı Anjey Dudaya Rusiyanın Gürcüstanda keçirilən parlament seçkilərinə müdaxiləsi ilə bağlı heç bir dəlil olmadığını deyib.
Tezadlar.az xəbər verir ki, Polşa prezidenti bu barədə “RadioZet” radiostansiyasının efirində bildirib.
Dudanın sözlərinə görə, o, oktyabrın 28-də Zurabişvili ilə telefonla danışıb.
"O, bunu açıq demədi, buna heç bir sübut yoxdur", – deyə Polşa prezidenti Moskvanın Gürcüstandakı seçkilərə müdaxilə edib-etmədiyi sualına cavab verib.
Xəbər verdiyimiz kimi, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Ölkənin 150 deputatdan ibarət ali qanunverici orqanında yerlər uğrunda 20-yə yaxın partiya mübarizə aparıb. Ardıcıl 12 il hakimiyyətdə olan hakim “Gürcü arzusu” partiyası 54,3% səslə qalib gəlib. Bir neçə partiya parlamenti boykot elan edib, müxalifət partiyası olan “Dəyişiklik Koalisiyası” isə deputat mandatlarından və dövlətin maliyyə dəstəyindən imtina edib.
Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərində total saxtakarlıq olduğunu açıqlayıb. O, respublika vətəndaşlarının “çox qeyri-adi bir şeyin” şahidi olduqlarını söyləyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Gürcüstandakı seçkilərə müdaxilə etməyib, bunlar əsassız iddialardır.
E.ŞİRİNOV