Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaqdır.

Tezadlar.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağımız Hacıqabul rayonunun sayılıb-seçilən, nümunəvi ailələrdən biri olan İbrahimovlar ailəsidir.

Hüseyn İbrahimov və həyat yoldaşı İradə xanım 43 ildir ki, birgə ömür sürürlər. Bu evlilikdən 2 övladları və  5 nəvələri  var. Böyük oğlu Azər İbrahimov zərgər işləyir, ailəlidir, 3 övladı var. Digər oğlu İsmayıl İbrahimov Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikinti-iqtisad fakültəsi, mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsini bitirib, hazırda Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədridir, ailəlidir, 2 övladı var.

Bu zəhmətkeş, uzun və nümuməvi ömür yolları ilə seçilən ailə ilə müsahibəmizi sizə təqdim edirik.

Ailənin başçısıHüseyn İbrahimovun 67 yaşı var, Hacıqabul şəhərində anadan olub. 1974-1978 ci illərdə Azərbyacan Pedaqoji  İnstitutunun fizika fakültəsində təhsil alıb. 1978-ci ildə təyinatla Əli Bayramlı (indiki Şirvan) şəhər Təhsil Şöbəsində filmoteka müdiri vəzifəsində əmək fəaliyyətinə başlayıb, sonralar Əli Bayramlı şəhər “Azad Komsomol” Komitəsinin katibi, Əli Bayramlı şəhər Uşaq Yaradıcılıq Mərkəzi və Hacıqabul Uşaq Yaradıcılıq Mərkəzində direktor, 2013-2022-ci illərdə isə Hacıqabul şəhər 4 saylı tam orta məktəbdə direktor kimi fəaliyyət göstərib. Hazırda təqaüddədir.

Həyat yoldaşı İradə xanım 12 avqust 1959-cu ildə Bakı şəhərində anadan olub, 1976-1980-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsini fərqlənmə ilə bitirib. Əmək fəaliyyətinə 1980-ci ildə təyinatla Bilgəhdə yerləşən sanatoriyada tərbiyəçi pedaqoq kimi başlayıb. Ailə qurduqdan sonra, 1981-ci ildən Hacıqabul şəhər 4 saylı tam orta məktəbdə tarix müəllimi kimi çalışıb. 2003-cü ildə “İlin müəllimi” diplomu ilə təltif edilib, 2004-cü ildə isə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Əmək veteranıdır, hazırda təqaüddədir.

Hörmətli Hüseyn müəllim və İradə xanım, ilk növbədə bizi evinizdə qonaq etdiyinizə görə təşəkkürümüzü bildiririk. Müsahibəmizə ənənəvi sualımızla başlayaq. İstərdik ki, 43 ilə yaxındır davam edən xoşbəxt evliliyinizin sirri nədir sualını cavablandırasınız. İradə xanım, əvvəlcə Sizdən başlayaq.

Bu sualı belə cavablandırardım ki, insanlar ailə həyatında hisslərlə deyil, ağılla hərəkət etməlidirlər. Çünki, çox vaxt hisslər insanı aldadır, gənclik emosiyalarına qapılıb hər hansı bir yanlış addım bəzən insan həyatında böyük çuxur yarada bilər. Xüsusilə ailə həyatında buna diqqət yetirmək lazımıdr, çünki burda artıq sən tək deyilsən, səninlə birlikdə addımlayan şəxslər var ki, onların gələcəyi bizdən asılı olur. Bunu xüsusən bir valideyn - ana olaraq qeyd edirəm ki, mənim yanlış hisslərə qapılıb atdığım hər hansı bir addım övladlarımın gələcəyi bahasına başa gələ bilərdi. Ona görə səbirlə, təmkinlə ailədə olan çətinliklərə dözmək və hər açılan günə şükür etmək lazımdır.

- Hüseyn müəllim bu mövzuda siz nə deyə bilərsiz?

- Mən bu sualınıza atalar sözlərimizlə fikir bildirmək istərdim: “Güc birlikdədir”, “Aslanın erkəyi dişisi olmaz”. Həqiqətən də, bu atalar misalını biz ailə həyatımızda yaşamışıq. Belə ki, qadın zəkasının üstünlüyü, qadının zərif qəhrəman olaraq gücü deyərdim ki, ailənin xoşbəxtlik açarıdır.

- İradə xanım,  ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz?

- Fikrimcə belə hallarda güzəştə getməyi bacarmaq lazımdır, xüsusilə sevdiyimiz insanın qəlbini qırmaq təhükəsi yarandığı hallarda mən öz emosiyalarımı hər zaman idarə etməyə çalışmışam.

- Hüseyn müəllim Sizcə vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır?

- Vətənə məhəbbət deyərdim ki, insanlığın ən ali hisslərindəndir. Şeirdə deyildiyi kimi:

Vətəni sevməyən insan olmaz,

Olsa da, o şəxsdə vicdan olmaz!

Vətən bizim namusumuzdur, onu sevib qorumaq borc deyil, müqəddəs vəzifəmizdir. Və biz valideynlərin də ən ali öhdəliklərindən biri bu sevgini övladlarımıza düzgün aşılamaqdır.

- İradə xanım, valideyn-övlad münasibətlərini Siz ailənizdə necə tənzimləmisiniz?

- Valideyn-övlad münasibətlərində mən övladlarımdan minnətdarlıq gözləmirəm. Çünki onlar mənim üçün ən gözəl nemətdir, bəxşişdir. Onlara diqqətim, qayğım mənim bir ana olaraq müqəddəs vəzifəmdir. Çalışmışam ki, onların istər tərbiyəsində, istərsə də, təhsilində hər iki övladıma ayrı-ayrılıqda öz xarakterlərinə görə ümumi deyil, fərdi yanaşım.

- Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz?

- Bu sualla əlaqədar elə bir təəssüf hissi keçirdiyim hallar olmayıb. Çünki onların həyat yoluna məncə düzgün istiqamət vermişəm.

- Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz?

- Onlara təmkinli olmağı, şükür etməyi, bir-birinin fikirlərinə hörmətlə yanaşmağı tövsiyə edirəm.

Fikir və təcrübələrini bizimlə bölüşdüyünə görə İbrahimovlar ailəsinə təşəkkürümüzü bildirir, onlara möhkəm cansağlığı və birlikdə xoşbəxt həyat arzu edirik.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN