Noyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Lənkəran Regional Elmi Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Lənkəran bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə "Cənub bölgəsi multikultural dəyərlər sistemində" mövzusunda elmi seminar keçirilib.
Tezadlar.az xəbər verir ki, tədbirdə AMEA Lənkəran Regional Elmi Mərkəzinin direktoru Mehman Əliyev, DQİDK-nın Lənkəran regional bölməsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, QMİ-nin bölgə qazısı Qəni Axundzadə, Mərkəzin əməkdaşları və din xadimləri iştirak ediblər.
Çıxışlarda ölkəmizdə, eləcə də regionda mövcud olan nümunəvi birgəyaşayış mühiti barədə ətraflı məlumat verilib. Natiqlər Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələrinin sülh və həmrəylik şəraitində yaşadığını diqqətə çatdıraraq formalaşmaqda olan yeniyetmə və gənclərin azərbaycançılıq və zəngin milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmasının əhəmiyyətini vurğulayıblar. Vətən müharibəsindəki qələbəmizdə və milli həmrəyliyimizin möhkəmlənməsində xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin mühüm rolu diqqətə çatdırılıb.
R.XUDATQIZI