Noyabrın 25-dən dekabrın 1-dək Rusiyanın Moskva şəhərində TASS İnformasiya Agentliyinin təşkilatçılığı ilə MDB-nin xəbər agentliklərinin fotomüxbirləri üçün seminar təşkil edilib. Seminarda Azərbaycanı “Gilavar Foto Klubu” ictimai birliyinin üzvləri - AZƏRTAC-ın fotomüxbiri Tofiq Babayev, “Bakı Metropoliteni” QSC-nin fotomüxbiri Məhərrəm Məcidov və “Azərbaycan Dəmir Yolları” ASC-nin əməkdaşı Allahkərim Abbasov təmsil ediblər.
Tezadlar.az xəbər verir ki, təlim zamanı TASS-ın Fotoxronika redaksiyasının aparıcı fotoqrafları müasir dünyada xəbər fotojurnalistikası, protokol çəkilişi və rəsmi tədbirlərin işıqlandırılması, videoçəkiliş, eləcə də digər mövzular haqqında məlumat verərək, praktiki tapşırıqlar əsasında maraqlı təcrübə mübadiləsi təşkil ediblər.
Praktiki məşğələlərin davamı kimi fotoqraflara Moskvanın məşhur məkanlarında nümunəvi fotoların çəkilməsinə şərait yaradılıb. Seminarın gedişində “Bakı Metropoliteni” QSC-nin fotomüxbiri Məhərrəm Məcidova Moskva metropolitendə qurulan işin xüsusiyyətləri ilə tanış olmağa və 3 stansiyada fotolar çəkməyə şərait yaradılıb.
Seminar çərçivəsində iştirakçılar TASS İnformasiya Agentliyinin baş ofisi və Fotoxronika redaksiyasında işin təşkili ilə tanış olublar. Fotoqraflar burada əməkdaşların şəraitini, agentliyin iş prosesini, verilən tapşırıqların icrasının təşkili xüsusiyyətlərini yaxından izləyiblər. Agentliyin baş direktorunun birinci müavini Mixail Qusmanla görüş də keçirilib.
Proqramın yekununda iştirakçılara sertifikatlar təqdim olunub.
Son illərdə beynəlxalq əlaqələrini genişləndirərək Azərbaycan fotoqraflarının tanıdılmasında, təcrübə mübadilələrində dünyadakı inkişaf tendensiyalarını ölkəmizdə təşviq edən “Gilavar Foto Klubu” ilə TASS Agentliyi arasında əməkdaşlığın davam etdirilməsi, müxtəlif təlim və layihələrin keçirilməsi nəzərdə tutulur.
R.XUDATQIZI