Qarabağ qazisi Fərəc Kərimli yazır: "Keçən ilin bu axşamı Füzulidə ağır döyüşlərdə idik. Demək olar ki, "karyer" deyilən yerə çatmaq üzrəydik. Düşmənlə üzbə-üz təxminən 100 metr məsafədə ağır döyüş gedirdi. Bölüyümüz Taborun düzülüşündə ən öndə dayanmışdı. Düşmənin artilleryası yağış kimi mərmi yağdırırdı. Üzbə-üzdən də atıcı silahlar susmurdu. Eyni səviyyədə də bizim artillerya onları vururdu.
Axşam bir anlığa düşmən minaatanları susdu. Rabitə vasitəsilə bizə bildirdilər ki, düşmənin minaatanları məhv edildi. Sağ cinahdan qrup çıxarıb yola nəzarət etmək üçün əmr aldım. Elə o istiqamətdə yenicə çıxmışdıq ki, düşmən qüvvələri yenidən minaatanlardan atəşə başladı. Əsgərlərə "döyüşə" əmri verib mövqeləndik. Bir neçə mərmi düşdükdən sonra sağ çiynimdən möhkəm ağrı başladı, sağ ayağım da sanki od tutub yandı. Kaskama bir neçə xırda qəlpə dəydi. Əlimlə batinkamı yoxlayanda gördüm ki, üç yerdən deşilib. Əlim ayağımda qəlpəyə dəydi. Çiynimi yoxladım, heç bir yara yox idi.
Ermənilər artillerya və minaatandan atəşi gücləndirəndə tank "valına" çəkildik. Orada bir iki addım ora-bura yeridim gördüm ki, hərəkətimdə problem yoxdur. Sadəcə ayağım keyimişdi. Sonra uşaqlardan biri belimə baxanda dedi ki, sursat jiletim və buşlatım cırılıb. Əliylə o da belimi yoxlayıb yara olmadığını dedi. Ancaq çiynim möhkəm ağrıyırdı...
Bir iki saat döyüş getdikdən sonra yenidən düşmən artileryasının məhv edildiyini rabitədə dedilər. Yenə yola doğru qrup çıxartdım. Səhv etmirəmsə Dadaşov Əliağa, Babayev Elçin, Novruzov İslam, Kamil Nurəddinoğlu, Cəbiyev Miryavər və təəssüf ki, adlarını unutduğum başqa əsgərlər. Elə qrup yeni çıxmışdı ki, yenidən artilerya atəşi başladı. Bu dəfə Babayev Elçin ayağından yaralandı. Uşaqlar Elçini qucağında tank "valına" gətirdilər. Möhkəm olmasını və "heçnə yoxdur, ayağa qalx dedim". Ayağa qalxmağa cəhd edəndə ağrıları daha da artdı. Qaranlıq olduğu üçün əlimlə batinkasını yoxladım. Barmaqlarım daban hissədə vətərlərini kəsmiş qəlpəyə və qana dəydi. Yaralımız olduğunu məruzə etdik və bir neçə dəqiqə sonra Taborumuzun həkimi özünü yetirib Elçini qəhraman əsgərlərimizin də köməyi ilə döyüş meydanından çıxartdı...
Bu gün də xatirimdə bu cür qalıb. Əvvəli və axırı daha da maraqlıdır. Ancaq yazmıram.
P.S. həmin buşlatı uşaqlar xatirə üçün saxlamağınız istədilər. Saxlamışam. Fotodakı həmin buşlatdır .
P.P.S. 1sm də qəlpə aşağıdan dəysəydi çiynim parçalanardı.
Təqdim etdi: A.Məmmədli
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN