Hindistanın Naqaland əyalətində keçirilən hərbi əməliyyatda Oting kənd sakinlərinin üsyançılarla səhv salındığı üçün azı 13 mülki şəxs və bir hərbi şəxs həlak olub.
Bu barədə NDTV telekanalı məlumat yayıb.
Bildirilir ki, silahlıların Myanma ilə həmsərhəd olan Mon bölgəsində təxribat törədəcəkləri barədə məlumat alan hərbçilər Otinq kəndində əməliyyat keçirib.
Lakin kəndliləri üsyançılarla səhv salıblar, nəticədə kəndə maşınla qayıdan dinc hindlilərə atəş açılıb. Polis mənbələrinin məlumatına görə, digər kənd sakinləri həmkəndlilərini müdafiə edərək hərbçilərə hücum ediblər.
Qeyd olunur ki, hərbçilər “özünümüdafiə” məqsədi ilə kütləni atəşə tutmağa başlayıb, bununla da ən azı daha 7 nəfər yaralanıb.
Hindistanın daxili işlər naziri Amit Şah həlak olanların ailələrinə başsağlığı verib və hadisənin hərtərəfli araşdırılmasını istəyib.