UNAMA "Taliban"dan onların yeri barədə məlumat tələb edib
Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Yardım Missiyası (UNAMA) iki əfqan fəalın yoxa çıxmasından narahatdır.
Bu barədə UNAMA Twitter-də məlumat yayıb.
"BMT çərşənbə günü gecə evlərindən oğurlandıqları bildirilən iki əfqan qadın fəalın - Tamana Zaryab Paryani və Pərvana İbrahimxelin itkin düşməsi ilə bağlı artan narahatlığı bölüşür. Biz “Taliban”ı onların harada olduqları barədə məlumat verməyə və bütün əfqanların hüquqlarını qorumağa çağırırıq".
Qeyd edək ki, Əfqanıstanda hakimiyyət “Taliban” qüvvələri tərəfindən ələ keçirildikdən sonra, onlar əfqan qadınlarının hüquqlarını qoruyacaqlarına, öz iş fəaliyyətini həyata keçirməsi üçün müvafiq qaydalar hazırlayacağını vəd etmişdi .
Hakimiyyətə yeni gəldikləri dövrdə “Taliban”ın rəsmi nümayəndəsi Zabihullah Mücaid, qadınlara müvəqqəti olaraq evlərində qalmaları barədə çağırış da etmişdi. O, bunu hərəkat üzvlərinə nəzarətin, qadınlara zərər verməmələrini təmin etməyin çətin olması ilə əsaslandırmışdı. Mücahid "Taliban" əsgərlərinin daim dəyişdiyini və təlim keçmədiyini dilə gətirmişdi.
O, qadınlara "təhlükəsizliklərini təmin edən sistem qurulana" qədər evdən işə getməmələrini, məzuniyyət götürmələrini məsləhət görmüş, həmçinin bildirmişdi ki, “Taliban” qadınların təhlükəsizliyini təmin etmək üçün yollar axtarır...
Görünən odur ki, bu yol, hələ də tapılmayıb... Və indiyədək çoxlu əfqan qadını, Əfqanıstanın bir sıra şəhərlərində aksiyalar keçirərək, yeni hakimiyyəti onların hüquqlarına hörmət etməyə, hökumət və yerli hakimiyyət orqanlarında təmsilçiliyi təmin etməyə çağırıb.
Hətta aksiyalardan birində qadınlar onlara qarşı tətbiq edilən bu məhdudiyyətlər davam edərsə, ictimai yerlərdə kişi libasında görünəcəkləri ilə bağlı hədələyiblər.
JASMİN