“Biz bir neçə ailəni bütün təminatı ilə himayə etməyə hazırıq!”
“Təzadlar” qəzetinin baş redaktoru, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzili özünün fasebook sosial platformasında Rusiyanın Ukraynaya qəfil hərbi hücumundan zərər çəkmiş ukraynalılara müraciət ünvanlayıb. Baş redaktor müraciətində bir neçə ukrayna ailəsinin bütün təminatını öz üzərinə götürməyə hazır olduğunu bildirib.
Jurnalistin bu çağırışına Ukraynadan çoxsaylı müraciətlər daxil olmaqdadır. Asif Mərzili müraciəti ilə bağlı bunları söylədi:
- Dünyanın nəbzi hazırda qəhrəman Ukrayna xalqı ilə vurur. Müharibə başlayanda dünya mediası və TV-lər vasitəsilə dinc ukraynalıların necə əziyyət çəkdiklərini, metrolarda, zirzəmilərdə ac-susuz qaldıqlarını gördüm. Ona görə də sosial şəbəkə platformam üzərindən müraciət etdim ki, bir neçə ailəni bütün sosial təminatı ilə himayə etməyə hazırıq. Təbii ki, söhbət Azərbaycanın adından, dost əlini uzatmağından gedir. Ukrayna xalqı bilməlidir ki, biz də 30 illik erməni işğalından-müharibədən eyni əziyyəti çəkmişik. Ukrayna həmişə Azərbaycanı haqlı işində dəstəkləyib. Hətta ötən gün Rusiya-Ukrayna müharibəsindən danışan prezident V.Zelinski Azərbaycan Prezidenti İlham Əliyevə göstərilən humanitar yardımına görə dərin minnətdarlığını bildirdi. Beləliklə, müraciətimin ardından müharibədən əziyyət çəkmiş Ukrayna vətəndaşlarından mənə çoxsaylı minnətdarlıq mesajları gəldi... İki ailə isə kömək üçün müraciət edib, məsləhət almaq istədilər. Bildirdim ki, Ukraynanın Azərbaycandakı Səfirliyinə müraciət etsinlər (telefonu da təqdim etdim), Azərbaycana gəlmələri elə də problem deyil. Hər biri bu dəstəyə görə təşəkkür etməkdədir, bu mesajlar indi də gəlməkdə davam edir. Hətta Katerina Filipçevanın mesajı çox təsirli idi. Yazır ki, “Dəstəyə görə minnətdarıq, lakin heç birimiz Rusiya ilə döyüş meydanını qoyub getmək istəmirik. Vətəndə ölmək daha şərəflidir!”.
Təqdim etdi:
Elçin Cəfəroğlu