Azərbaycanda aldıqları məhsulu müəyyən səbəblərdən geri qaytarmaq istəyən müştərilər bir sıra hallarda problemlə üzləşirlər, yəni satıcılar həmin malı geri qəbul etmək istəmirlər.
Məsələ ilə bağlı açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirb ki, alınan malların qanunvericilikdə nəzərdə tutulan formada və zamanda geri qaytarılması istehlakçıların hüququdur.
Ekspert deyib ki, qanunla istehlakçının tələbini ödəməyən mal 14 gün müddətində qaytarıla bilər. Lakin qaytarılacaq malın kassa çeki olmalı, malın görünüşü, xüsusiyyətləri pozulmamalıdır: "Dəyişmək üçün başqa uyğun mal olmazsa, bu halda qaytarıla bilər. Sadalanan şərtlərlə satıcı malı dəyişdirməyə və ya geri almağa borcludur. Bəzi satış yerləri də var ki, kassa aparatı yoxdur. Belə olduğu təqdirdə alıcı şikayətçidirsə, aldığı malı satıcı ilə razılaşdıraraq dəyişə və ya qaytara bilər. İstehlakçının hüquqları istənilən halda pozularsa, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (012) 599-76-00 nömrəsinə və Azad İstehlakçılar Birliyinin (012) 441-28-33 nömrəsinə müraciət edə bilərlər", - deyə ekspert bildirib.
Qeyd edək ki, Azərbaycan ərazisində pərakəndə ticarət obyektlərində qızıl və qızıl məlumatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məlumatlar, istehsal qüsurları istisna olmaqla, bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr), parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət kimyası malları, şəxsi gigiyena əşyaları (diş firçaları, daraqlar, biqudilər və s.), uşaq oyuncaqları, istehsal qüsurları istisna olmaqla, istifadədə olmuş, üzərində yarlıqlar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları, ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar, dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları dəyişdirilməli olmayan malların siyahısını təşkil edir.
E.ŞİRİNOV