Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Şahin Seyidzadə mandatından imtina etməsi ilə bağlı ərizə yazıb.
Ş.Seyidzadənin mandatından imtina etməsi ilə deputatsız dairələrin sayı artıq 7-yə çatıb.
Belə ki, 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə əsasən, 125 seçki dairəsinin 121-dən qanunverici orqana deputat seçilib. 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri isə etibarsız sayılıb.
Ötən ilin yayında deputat Fəttah Heydərovun vəfatından sonra parlament üzvlərinin sayı 120 nəfərə enib. 2021-in avqustunda isə 55 saylı Xaçmaz şəhər seçki dairəsinin deputatı Eldəniz Səlimov həbs edilib.
Qanunvericiliyə əsasən, bu dairələr üzrə təkrar seçki keçirilməlidir. Hələlik parlamentdə boş qalan deputat yerlərinə seçkilər keçirilməsi barədə qərar verilməyib. Lakin Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov neçə ay öncə KİV-lərə açıqlamasında bildirmişdi ki, Milli Məclisdə boş qalan dairələrə seçkilərin keçirilməsi yaxın zamanda gerçəkləşəcək.
Xatırladaq ki, Prezident İlham Əliyevin 3 mart tarixində imzaladığı sərəncamla Şahin Seyidzadə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edildi. Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir. Seçki Məcəlləsinin 176.2-ci maddəsinə əsasən, hallarla əlaqədar Mərkəzi Seçki Komissiyasına ərizə (rəsmi məlumat) daxil olduqda, Mərkəzi Seçki Komissiyası ərizədə (rəsmi məlumatda) göstərilən faktları 2 aydan gec olmayan müddətdə araşdırır, qərar qəbul edir. Qərarın Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilməsi günündən birmandatlı seçki dairəsi üzrə seçilmiş deputat mandatından məhrum edilmiş sayılır.
E.ŞİRİNOV