Bəzən elə iddialarla üzləşirsən ki, birmənalı izah tapmağa bəzən adam çətinlik çəkir və həqiqətin, yaxud yalanın harda olduğunu müəyyənləşdirmək müşkülə dönür.
Yazırlar ki, Yardımlının icra başçısı ötən illərədək rayonun Gənclər parkında mövcud olan ulu öndər Heydər Əliyevin büstünün alt mərmərlərini sataraq əhali arasında növbəti narazılıq yaradıb.
Rayon sakinlərinin verdiyi məlumata görə, guya gəlişindən bəri xeyli özbaşınalıqlar edən Ayaz Əsgərov maddi marağına yenik düşərək ümummilli liderin adına inşa edilmiş və prezident İlham Əliyevin də iştirakı ilə 2008-ci ildə açılışı olmuş büstün olan-qalan mərmərlərini “ERTEES” deyilən yerdən çıxararaq daş sexlərindən birinə satıb.
Sosial şəbəkələrdə yayılan məlumata görə, parkdakı büstün özü isə 2012-ci ildə rayon rəhbərliyinin qeyri-rəsmi göstərişi əsasında sökülərək yerində fəvvarə inşa edilmiş, büst isə icra hakimiyətinin binasının birinci mərtəbəsində giriş hissəyə yerləşdirilmişdir. İndi də büstün alt mərmər hissəsinin satılması yerli icra hakimiyyəti orqanının nəzarətsizlikdən və özbaşınalıqlardan əziyyət çəkdiyini deməyə əsaslar yaradır.
Yardımlılar düşünür ki, nə Heydər Əliyevin büstünün, nə də müəyyən vəsait xərclənmiş büstün mərmərlərinin icra başçısı tərəfindən satılması bağışlanmaz hörmətsizlikdir. Yaxşı olardı ki, mərmər elə öz təyinatı üzrə istifadə edilərdi və rayonun başqa bir yerində Heydər Əliyevin büstünün inşasına sərf olunardı.
Həqiqətən də inanılası deyil ki, icra başçısı ulu öndərin büstünün alt mərmərlərini satmaq fikrinə düşsün, nəinki satmış olsun. Təsəvvür edirsiniz, deyildiyi kimi, RİH başçısı maddi marağına yenik düşərək ümummilli liderin adına inşa edilmiş və prezident İlham Əliyevin də iştirakı ilə 2008-ci ildə açılışı olmuş büstün mərmərlərini daş sexlərindən birinə satıb.
Bunu harasa yazmaq olar? Doğrudanmı, insanın tamahı bitib-tükənmək bilmir?
Heç inanılası deyil ki, bu sadalananlar gerçəkdir. Ona görə də məsələ ciddi araşdırılmalıdır.
E.ŞİRİNOV