Son iki ildə dünya ölkələri bütün gücünü koronavirusla mübarizəyə səfərbər edib.
Pandemiya isə dünya iqtisadiyyatına təsirsiz ötüşmədi - sərhədlər bağlandı, bir çox insanlar iş yerlərini itirdilər, yaşayış səviyyəsi aşağı düşdü, ərzaq və qeyri-ərzaq məhsullarının bir çoxu bahalaşdı və s.
Lakin belə bir vaxtda bəzi dövlətlər, büdcəni daha çox ölkənin hərbi gücünü artırmağa yönəldib.
Məsələn, bunu “Al Jazerra” agentliyinin yaydığı “Stockholm International Peace Research Institute”nin hesabatından hiss etmək olur.
Ötən il daha çox ABŞ, Çin, Hindistan, Böyük Britaniya və Rusiyanın hərbi xərcləri ümumi göstəricinin 62 faizini təşkil edib. Ümumilikdə dünya ölkələri hərbi xərclərə 2 trilyondan çox pul ayırıb. Bu isə tarixdə ilkdir…
Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən, daha dəqiq desək, münaqişəni müharibə müstəvisinə gətirməsindən sonra Ukrayna limanları blokadaya alındı və bu ölkədən qida məhsulları ixrac edən ölkələrdə problemlər yaratdı.
Həmçinin hazırda Ukraynanın 30 faizdən çox əkinə yararlı torpaq sahəsinin mühüribə meydanına çevrilməsi və hərbi sursatlarla dolu olması səbəbindən də yaz əkini aparıla bilmədi və bunun da bəzi ölkələrdə ərzaq çatışmazlığına, aclığa səbəb olacağı barədə xəbərdarlıqlar edilir.
Həmçinin Rusiya da bir çox qida məhsullarının ixracına qadağa qoydu ki, daxili bazarda qıtlıq yaşanmasın. Və üstəgəl, Aİ-nin, digər dövlətlərin, həmçinin Rusiyanın da qarşılıq verərək tətbiq etdiyi sanksiyalar dünyanın düzənini pozdu, iqtisadiyyata külli miqdarda ziyan vurdu, ölkələrin inkişafını geri saldı.
Çox təəssüf ki, 2022-ci ildə başlamış bu müharibə səbəbindən yəqin ki, itirilmiş hərbi sursatlar, texnikalar yeniləri ilə əvəzlənməli olacaq. Buna isə yenidən külli miqdarda pul lazımdır.
Və yəqin ki, bəzi ölkələr üçün bu ilin hərbi xərcləri ötən ilkindən heç də az olmayacaq…
Y.MƏMMƏDLİ