Birinci Qarabağ müharibəsində iki oğul itirən Goranboy rayonunun Səfikürd kənd sakini 92 yaşlı Bəyaz Səfərova evsiz qalıb.
Bu barədə Bəyaz Səfərovanın oğlu Aqil Səfərov məlumat verib.
A.Səfərov deyir ki, ailədəki dörd qardaşın hamısı Birinci Qarabağ müharibəsində döyüşüb: "Qardaşım Daxili Qoşunların hərbçisi Habil Səfərov 1993-cü il fevralın 27-də Ağdam rayonunda itkin düşüb. Digər qardaşım Natiq Səfərov 1993-cü il martın 5-də keçmiş Ağdərə rayonunun Qırmızıkənd kəndində şəhid olub. Böyük qardaşım Qabil Səfərov 1992-ci ildə Goranboy rayonu Tapqaraqoyunlu kəndinə gedən döyüşlərdə yaralanıb, onun topuğu sınmışdı. Həmin il böyük qardaşımla mən də bir yerdə yaralandım. Böyük qardaşımla mən Qarabağ müharibəsi veteranıyıq".
Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyun 2014-cü ildə imzaladığı "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair" sərəncama əsasən, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) xətti ilə Səfərovlar ailəsi üçün Goranboy rayonunda üçotaqlı ev tikilib.
A.Səfərovun sözlərinə görə, tikinti zamanı icraçı təşkilat kobud səhvlərə yol verib: "Əvvəlcə onu deyim ki, ailəmiz üçün evin tikilməsinə qərar veriləndə rayon bələdiyyəsi torpağın olmadığını bildirdi. Bələdiyyə yalnız taxıl biçinindən sonra mənzilin tikintisi üçün torpaq ayrılacağını dedi. Biz də məsləhət gördük ki, yeni mənzili elə ata yurdunda tiksinlər. Onlar torpaq sahəsi bizdən olmaqla yeni evin tikintisini qəbul etdilər. Bələdiyyə həmin torpaq sahəsində olan köhnə evin sökülməsini istədi. İki günə həmin evi söküb onlara tikintiyə başlaya biləcəklərini xəbər verdim. Mənzili sökəndən sonra anamla atam kirayədə yaşamağa başladılar.
Bir müddət sonra evin hazır olduğunu bildirdilər. Ev təhvil veriləndə əşyalarımızı da götürüb oraya köçmək istədik. Ancaq evə baxanda gördüm ki, hamam tikilməyib, mənzilin divarlarında çatlar əmələ gəlib. Yaxınlığımızda su yox idi, maşınla kənardan alıb gətirirdik. Vəziyyətə baxıb qərara gəldim ki, hamam tikim, su çəkim, daha sonra atamla anamı evə gətirərəm. Əlavə bu işləri görməyim iki aya yaxın vaxt apardı.
Getdikcə evin divarlarında çatlar əmələ gəldi və günbəgün genişləndiyi daha aydın görünürdü. Divar aşağı çökdüyü üçün otaqlardakı qapılar örtülmürdü. Düşündüm ki, bu gedişlə ev uçacaq, atamla anamı dağıntılar altından çıxara bilməyəcəm.
Məsələ ilə bağlı dəfələrlə aidiyyətı orqanlara, Prezident Administrasiyasına şikayətlər göndərəndən sonra 2021-ci ilin noyabr ayında evin qəza vəziyyətində olduğunu təsdiqləyən rəsmi sənəd almaq mümkün oldu. Belə ki, ötən ilin noyabrında Yevlax rayonu ƏƏSMN-dən, kənd bələdiyyəsi, rayon icra hakimiyyətinin müavini və digər bir mütəxəssis gəlib mənzilə baxış keçirdilər. Evin təməlini qazanda gördük ki, tikinti zamanı ora, sadəcə, beton tökülüb, fundamentə karkas yığılmayıb. Demək olar ki, kubiklərin arasında palçıq da yox idi. Nəticədə, evin özülü çökməyə başlayıb və qəzalı duruma düşüb.
Gələn nümayəndələr qəzalı vəziyyətdə olan evdən videogörüntülər çəkdilər və rəy verdilər ki, ev qəzalı vəziyyətdədir, yaşamaq olmaz. Akt tərtib edib imzaladılar ki, evin sökülüb yenidən tikilməsi üçün pul ayrılsın. Sənədi imzalayan cavabdeh şəxslər 2022-ci ilin mart ayında sözügedən qəzalı evi söküb yenidən tikəcəklərinə dair söz verdilər. Lakin bu günə kimi məsələnin həlli istiqamətində heç bir irəliləyiş yoxdur.
ƏƏSMN-nin nümayəndəsinə yenidən müraciətlər etdim. O, mənə əlindən gələni etdiyini dedi. Bildirdi ki, nazirlik mənzilin yenidən tikilməsi üçün lazım olan smetanı Maliyyə Nazirliyinə göndərib".
A.Səfərov maddi çətinliyi ucbatından anasını kirayə qaldığı mənzildən çıxarıb: "Ahıl anam gah bacımın, gah böyük qardaşımın, gah da mənim evimdə qalır. Onların da evləri darısqaldı. Hər dəfə anam deyir ki, məni evimə aparın, evimi söküb uçurdunuz, qalmışam çöldə.
Atam Zahid Səfərov 2020-ci ilin mayında rəhmətə getdi. Anam deyir ki, şəhid balalarımın adına tikilən evdə yaşamaq həyat yoldaşıma qismət olmadı. Heç olmasa, mənə nəsib olsaydı, ürəyim təskinlik tapardı, bilərdim ki, balalarımın ruhu şaddır, rahat köçərdim bu dünyadan. Məgər iki oğlunu şəhid verən, ikisi veteran olan bir ana üçün bu çoxmu böyük arzudur? Mənim də əsas istəyim bu qoca vaxtında anamın öz evinə köçməsidir".
Səfərovlar ailəsi üzvlərinin ümidi ancaq ölkə başçısınadır: "Sizin vasitənizlə üzümü cənab Prezidentə tutub deyirəm ki, siz şəhidlərimizin xatirəsini daim əziz tutur, ailələrinin həmişə qeydinə qalır, onların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına çalışırsınız. Ancaq Goranboyda bəzi məmurlar nə qanunları tanıyır, nə də Allahdan qorxur. Xahiş edirik, ailəmizin bu problemini öz nəzarətinizə götürəsiniz və qəzalı evin sökülüb yenidən tikilməsinə vəsait ayrılması üçün müvafiq tapşırıq verəsiniz. Əminik ki, anamın son arzusu ürəyində qalmayacaq".
Hesab edirik ki, sözügedən məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi də öz mövqeyini bildirəcək.
E.ŞİRİNOV