Təbii ki, heç kəs şəhər küçələrindəki ağacları odunacaq kimi yandırmaq, yaxud da mebel sexlərinə satmaq üçün kəsmir.
***
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Nərimanov rayonu, Maqsud Əlizadə və Səməd Vurğun küçələrinin kəsişməsində ağacların kəsilməsi faktı müəyyən edilib.
Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, ağacların kim tərəfindən kəsildiyinin müəyyən olunması və barəsində qanunamüvafiq tədbirlər görülməsi məqsədilə toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
Xatırladaq ki, eyni hal ötən il Maqsud Əlizadə küçəsi 17 ünvanında baş vermişdi.
Və araşdırma zamanı məlum olmuşdu ki, (aerokosmik görüntülər əsasında –red) həmin ərazidə tikinti işləri aparılırmış və bu zaman buradakı iki ağac götürülərək məhv edilib.
Qeyd edək ki, Azərbaycanın bir çox regionlarında, əsasən meşələrdə ağaclar kəsilir. Son zamanlar belə hallar cənub zonasında daha çox artıb. Rayonlarda ağacların (meşələrdə -red) çoxu ya odunacaq kimi yandırmaq məqsədilə, ya da (işlik meşə materialı) mebel, döşəmə, qapı-pəncərə və ilaxır hazırlanması üçün kəsilir. Daha döğrusu, kəsilərək bu işlə məşğul olan müəssisələrə satılır.
Amma paytaxtda – Bakıda ağacların kəsilməsində məqsəd tamamilə başqadır. Təbii ki, heç kəs şəhər küçələrindəki ağacları odunacaq kimi yandırmaq, yaxud da mebel sexlərinə satmaq üçün kəsmir. Burda əsas məqsəd yalnız tikinti aparmaq üçündür və ağacların kəsilməsinə də buna görə “fərman” verilir. Özü də bu “fərman” verənlər çox gözəl anlayırlar ki, kəsdikləri ağacın əvəzinə ödəyəcəkləri cərimə, tikintisini apardıqları obyektin (binanın və s.), yaxud ərazisini genişləndirdiyi hər hansı bir tikintinin müqabilində qəpik-quruşdur. Həmin obyektdən əldə edəcəyi gəlirin yanında dəryada damladır - cəriməsini ödəyəcək, yaxud da harasa ağac əkəcək və işinə davam edəcək.
Və qəribəsi budur ki, paytaxt ərazisində ağaclar kəsiləndə nə görən olur, nə də mişarlanan, baltalanan, kötüyündən çıxarılan ağacların səsini eşidən. Bu müəmma isə illərdir ki, davam edir…
P.S. Paytaxtın küçələri isə 24 saat nəzarət altındadır.
Y.MƏMMƏDLİ