Ordubad rayonunda sığorta olunmuş əmlaka görə kompensasiya verilməsində süni maneələr yaradılır. Bu barədə mətbuata yerli sakinlər məlumat verib. Bildirilib ki, sığorta etdirdikləri əmlaklarına ziyan dəydikdə ya ödəniş olunmur, ya da bunun üçün rüşvət tələb edilir.
Rayonun Sabirkənd kənd sakini K.Məmmədovun sözlərinə görə, ötən il mağazasında olan elektrik avadanlıqlarını məcburi sığorta ediblər. Bu yaxınlarda həmin avadanlıqlara ziyan dəysə də, sığorta ödənişi ala bilmir: "Rayon sığorta idarəsindən gəlib dedilər ki, sığorta elədir, narahat olma, əgər ziyan dəyəcəksə, hamısı ödənəcək. 300 manat verdim, təhlükəsizlik kamerası da daxil, dükandakı elektrik avadanlıqlarını sığorta elətdirdim. Bir müddət öncə güclü külək əsdi, elektrik dirəkləri aşdı. Qısa qapanma nəticəsində dükandakı 250 manatlıq təhlükəsizlik kamerası yandı".
K.Məmmədov deyib ki, ziyanın ödənməsi üçün Ordubad rayon Sığorta İdarəsi ilə əlaqə saxlayıb. Lakin ona bildiriblər ki, heç bir ödəniş olmayacaq: "Həm yazılı müraciət etmişəm, həm şifahi. Zəng edib idarə rəisi Rafiq İsmayılova şəxsən danışmışam. O, mənə kobud cavab verdi, dedi ki, heç bir ödəniş olmayacaq, hara istəsən şikayət elə".
Digər rayon sakini isə deyib ki, dəymiş ziyana görə sığorta ödənişi üçün idarə rəisi ondan rüşvət istəyib: "Sığorta etdirdiyim, təxminən 600 manatlıq avadanlığım qısa qapanmaya görə sıradan çıxdı. Sığortaya müraciət etdim, dedilər, mümkün deyil. Axırda idarə rəisi dedi, bu şərtlə mümkün olar ki, ziyana görə ödəniləcək məbləğin yarısın mənə verəsən. Mən razı olmadım".
Məsələ ilə bağlı Ordubad rayon Sığorta İdarəsi ilə əlaqə saxlamaq cəhdimiz alınmadı. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
E.ŞİRİNOV