Mayın 15-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) keçiriləcək.
DİM-dən bildirilib ki, imtahanda 1279 namizəd iştirak edəcək. Onlardan 1021-i Azərbaycan, 258-i isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 564-ü oğlan, 715-i qızdır. 685 nəfər cari ilin, 965 nəfər əvvəlki illərin məzunudur. 6 nəfər xarici ölkə vətəndaşıdır.
Bakı və Naxçıvan şəhərlərində keçiriləcək imtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. Saat 10:45-də buraxılış rejimi başa çatır.
İmtahan verəcək şəxslər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Namizədlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin əsli;
- İmtahana buraxılış vərəqəsi.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
Rezidenturaya imtahanların keçirilməsi üçün ümumilikdə 6 imtahan binası, 14 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 109 nəzarətçi-müəllim, 13 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.