...1975-ci il dekabr ayının ortaları idi. Səhiyyə Nazirliyinin göstərişi ilə Qədirli adına (keçmiş Kaspar) Bakı şəhər Hövzə Xəstəxanasının tibb işçilərinin əhaliyə göstərdiyi səhiyyə xidmətinin səviyyəsini yoxlayırdıq. Komissiyanın tərkibində tibbin hər sahəsi üzrə yüksək ixtisaslı həkimlər vardı. Mənə cərrahiyyə şöbəsinin il ərzindəki fəaliyyətini təftiş etmək tapşırığı verilmişdi. İlk növbədə xəstəxananın Baş həkimi Sədi Əfəndiyevin qəbulunda olduq. Onun göstərişilə bizi şöbələr üzrə istiqamətləndirdilər.
Mən cərrahiyyə şöbəsinin müdiri Əliyev Ənvər Fətulla oğlu ilə tanış oldum. Gülərüz həmkarım məni mehribanlıqla qarşıladı. Şöbə müdirilə palataları gəzdik, xəstələri birgə müayinə etdik...
Bütün bu vaxt ərzində əlində xeyli xəstəlik tarixçəsi olan, bir gənc tibb işçisi də yanımızca asta-asta addımlayırdı. O, məqamında hər bir xəstə haqqında dürüst, dolğun məlumat verirdi. Ona olan marağımı gizlədə bilmədim. Üzümü Ənvər həkimə tutub soruşdum:
- Doktor Əliyev, bu cavan həkim hansı ixtisasın sahibidir?
Ənvər Fətullayeviç bu ara qımışdı:
- Rüstəmov Gerasim həkim deyil, hələ həkimlikdə oxuyur. O, bizdə medbrat işləyir. İşinə can yandırır. İşgüzarlığına görə onu hamı sevir. Gerasim işdən sonra da qalıb, xəstələrə təmənnasız qulluq etməklə yanaşı, onların xəstəlik tarixlərini hərtərəfli araşdırır, analizlərinin, müayinələrinin nəticələrini müqayisəli şəkildə öyrənir, özü üçün lazımi qeydlər aparır. O, biliyini artırmaq naminə xarici tibbi bilgilərə də müraciət edir... Baş həkimimiz Sədi Əfəndiyev Gerasimə xüsusi rəğbət bəsləyir. Hər bazar ertəsi Baş həkimin şöbəmizdə “abxodu” olur. O, bu tədbirə Gerasimi də dəvət edir.
Ənvər həkim söhbətini tamamladı. Mən Gerasimin əlini sıxıb dedim: - Səni təbrik edirəm! Bu çalışqanlığınla çox qabağa gedəcəksən... Sənə uğurlar arzulayıram!..
O da mənə minnətdarlıq əlaməti olaraq: - Sağ olun! - dedi.
...Gün ərzində həmkarlarımla bir yerdə oldum. Onların köməkliyilə lazım olan məlumatları topladım. Sonda xoş təəssüratlarla ayrıldıq. Ertəsi gün biz yenə də etik qaydaya görə Baş həkimlə görüşüb, oradan da təhkim olunduğumuz şöbələrə getdik. Biz yalnız sənəd toplamaqla məşğul deyildik, saatlarla xəstələri müzakirə edirdik, ağır cərrahi xəstələr üzərində əməliyyat aparırdıq...
Demək olar ki, boş vaxtımız olmurdu. Günlərimiz gərgin keçirdi. ...Mən cərrahiyyə şöbəsində yoxlama işlərimi yekunlaşdırıb, patoloji-anatomik korpusa-meyitxanayagetdim. Qapını açıb, içərikeçdim. Xalça döşənmiş dəhlizlə yavaş-yavaş addımladım. Dəhlizin yan-yörəsində düzülmüş dibçəklərdəki göz oxşayan rəngbərəng gülləri görcək, duruxdum... Düşündüm, “Blkə səhv gəlmişəm, bura heç meyitxana deyil...”.
Elə bu vaxt yan otaqdan çox yaraşıqlı, gözəl bir qadın çıxdı. Onun xurmayı saçlarını altında gizlədən kraxmallı kolpakı, dümağ xələtinin döş cibindən boylanan ipək dəsmalı diqqətimi çəkdi... Salamlaşdıq. Özümü təqdim etdim. O da özünü təqdim etdi: - Patoloq-anatom Abdullayeva Dilarə Əsəd qızı.
Beləcə tanış olduq. Onun yüksək mədəniyyəti, kübarlığı məni heyran etdi. Otaqlara da nəzər saldım. Meyitxananın təmizliyi, səliqə-səhmanı yüksək səviyyədə idi. Dilarə xanım işimin mahiyyətini bildiyindən, meyitlərin qeydiyyata düşdüyü protokol jurnalını gətirib, masanın üstünə qoydu. Mən jurnalı əvvəldən axıradək diqqətlə yoxladım. Bir meyitdən savayı, hamısı təşrih olunmuşdu. Mən Dilarə xanıma iradımı bildirdim: - Doktor Abdullayeva, protokol jurnalında Tağıyeva Sürəyya Zeynalabdin qızının meytinin yarılmadığı qeyd olunub. Onun təşrih olunmamasının səbəbi nədir?
Dilarə xanım sualıma birbaşa cavab verə bilmədi, udqundu. Onun üzündəki kədəri sezdim. Boğuq səslə dedi: - Doktor, həmin qadın anamdır. Baş həkimdən icazə aldım ki, anamı təşrih etməyim. O da sağ olsun, razılıq verdi.
Mən də kədərləndim. Dedim: - Ananıza Allah rəhmət eləsin!
Dedi: - Sağ olun, doktor.
Dedim: - Dilarə xanım, ananızın adı, soyadı, atasının adı məndə yəqinlik yaradır ki, o - Zeynalabdin Tağıyevin qızıdır, yanılmamışam ki?
O, dedi: - Xeyir, yanılmamısınız, Zeynalabdin Tağıyev babamdır...
Aramızda sükut yarandı. İkimiz də düşüncələrə qərq olduq...
Sükutu pozdum: - Dilarə xanım, sizinlə tanışlığıma çox şad oldum!.. Ananız barədə məlumatım yox idi. Təəssüflər olsun ki, onu tanımamışam. Sara xalanızı isə ara-sıra televiziya verilişlərində görürdüm...
Dilarə xanım dedi: - Sara xalam babamın böyük qızıdır, anamsa kiçiyidir.
Dedim: - Dilarə xanım, ananızın ölümünə səbəb nə oldu?
O, dedi:
- Anam xəstə idi. Qan təzyiqindən, şəkərli diabetdən əziyyət çəkirdi. Ürək problemləri də vardı. Arada müayinə, müalicə məqsədilə xəstəxanaya - yanıma gələrdi. Həkimlərimiz onun nazıyla oynayırdılar... Dava-dərmanın hesabına yaşayırdı. 75-ci ilin qışı anama düşmədi. Qarlı gündə yenə də yanıma gələndə, xəstəxanaya çathaçatda buzun üstdə ayağı sürüşüb, yıxılıb, beyninə qan sızıb... Anamı koma vəziyyətində xəstəxanaya gətirdilər. Həkimlərimiz əldən-ayaqdan düşdülər, amma onu həyata qaytara bilmədilər... 52 yaşımda 71 yaşlı anamı itirdim. Onunla mənim 19 il yaş fərqimiz vardı. Bu o deməkdir ki, anam 19 yaşında mənə bu işıqlı dünyanı bəxş edib. Onu özümə həm ana hesab edirdim, həm bacı. O, mənim güvənc yerimiydi!..
Dedim: - Dilarə xanım heç ruhdan düşməyin, vaxtilə babanız Zeynalabdin Tağıyev xalqımızın güvənc yeri idi, indi də xalqımız bir nəfər kimi sizin güvənc yerinizdir!.. İnanın, bütün qapılar sizin üzünüzə açıqdır!.. Siz bizim fəxrimizsiniz, gözümüz üstə yeriniz var! Həmişə gəlib, sizə baş çəkəcəyəm...
Dilarə xanım sözlərimdən fərəhləndi, mənə təşəkkür etdi. Mənə göstərdiyi səmimiyyətə görə, ona minnətdarlığımı bildirib, şöbəni tərk etdim.
***
...Hövzə xəstəxanasında apardığımız illik yoxlamanı yekunlaşdırıb, nəticələrini Səhiyyə Nazirliyinə təqdim edəndən sonra, iş yerlərimizə qaytıdıq. Aradan bir müddət keçəndən sonra gedib Dilarə xanıma baş çəkdim, ondan hal-əhval tutdum, xeyli söhbət etdik. Gəlişimə çox sevindi. Tez-tez də gedib, Dilarə xanımı işindən ayırmazdım. Amma mütləq bayramlarda gedib, onu təbrik edərdim. Bu minvalla aylar, illər gəlib dolandı. Bir dəfə də Gerasimdən söhbət düşdü.
Dilarə xanım dedi: - Halal olsun ona, Tibb İnstitutunu bitirib, hal-hazırda bizim xəstəxanda cərrah işləyir.
Dedim: - Dilarə xanım, o ləzgi balası haqqında mən o vaxt sözümü demişdim. Atalar məsəli var: “Cəhd çarıq yırtar!..” Hələ bu harasıdır, o çalışqanlığıyla Gerasim çox qabağa gedəcək! Baş həkim Sədi Əfəndiyev də sağ olsun ki, ona himayədarlıq elədi, yanına gətirtdi. Allah bilir, yoxsa, hansısa kənd xəstəxanasında ilişib qalacaqdı o...
Aradan xeyli vaxt keçdi, eşitdim ki, Gerasim “Elmlər namizədidir”. Təəccüblənmədim, dedim ki, hələ bunun davamı da var!
Bir müddət də keçdi. Xəbər tutdum ki, Gerasim müdafiə edib, “Doktorluq elmi dərəcəsi” alıb, professordu, respublikamızın sayılıb-seçilən cərrahlarından biridir. Onu ürəkdən təbrik etdim, ona işində yeni-yeni nailiyyətlər arzuladım.
Gerasimin uğuruna sevinənlərlə bərabər, paxıllığını çəkənlər də vardı. Yaxşı deyiblər ki, yüz yeyənin olsun, bir deyənin olmasın...
Mən az hallarda Dilarə xanımla telefon əlaqəsi saxlayırdım. (Məndə yalnız iş telefonunun nömrəsi vardı.) Əksər hallarda iş yerinə gedib, ona baş çəkirdim. Fəxr edirdim ki, Zeynalabdin Tağıyevin nəvəsiylə bir yerdəyəm...
***
1988-ci il yanvar ayının son günləri idi. Qar yağmışdı. Hava çox soyuq idi. Dilarə xanımın iş telefonundan zəngimə cavab verilmirdi. Ondan çox nigaran idim. Xəstəxanaya getdim. Öyrəndim ki, Dilarə xanım təqaüdə çıxıb. Mən bir daha onu görə bilmədim.
Fevral ayı ölkəmizə qəm-qüssə gətirdi. Erməni faşistləri yurdumuza basqın etdilər. Torpaqlarımızın müdafiəsinə qalxdıq. Yaralılara yadım etmək üçün, mən də digər həkim yoldaşlarımla könüllü olaraq, cəbhə bölgəsinə yollandıq. Mən əvvəl Ağdamda, Kəlbəcərdə oldum. Sonra da bir neçəmizi Laçına göndərdilər. Hər yerdə qanlı döyüşlər gedirdi. Gecə-gündüz ölümlə çarpışırdıq ki, əsgərlərimiz tələf olmasınlar...
Müharibə qurtardı. Əvvəlki iş yerlərimizə qayıdıb, əmək fəaliyyətinə başladıq. Dilarə xanımla da maraqlandım. İş yerində mənə söylədilər ki, Dilarə xanım xəstəliyilə əlaqədar olaraq, qardaş Türkiyədə müalicə olunur, vəziyyəti ağırdı. Bir də dedilər ki, onun xalası Sara xanım 1991-ci ildə 92 yaşında dünyasını dəyişdi, Mərdəkanda atasının yanında dəfn olundu. Hər iki bəd xəbərdən çox üzüldüm. ...Uzun müddət apardığım axtarışlara baxmayaraq, Dilarə xanımdan heç bir məlumat əldə edə bilmədim.
Bir gün isə Dilarə xanımın qara xəbəri gəldi. Onun 2006-cı ildə 83 yaşında vəfat etdiyi bildirildi. Dilarə xanımın ölümü məni çox sarsıtdı... Xeyirxahlığına görə “EL ATASI” adlandırılan Hacı Zeynalabdin Tağıyevin sonuncu nəvəsi də dünyasını dəyişdi, Haqq dərgahına qovuşdu.
Dünya şöhrətli messenat bütün övladlarını və nəvələrini itirsə də, şəcərəsi mövcudluğunu qoruyub saxlayır. Onun müxtəlif sənət və peşə sahibləri olan, adlı-sanlı nəticələri dünyanın dörd bir tərəfində yaşayaraq, ulu babalarının soyadını şərəflə daşıyırlar!..
Ramiz Mövsüm,
həkim, cərrah