Son 6 ayda Vətən müharibəsi veteranlarına Prezidentin aylıq təqaüdlərinin proaktiv qaydada təyinatı proqramı uğurla icra edilərək ödənişləri tam həyata keçirilib.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildiriblər.
İclasda qeyd edilib ki, 40 min ailəni və ya 173 min nəfəri əhatə edən ünvanlı sosial yardımın bir ailəyə düşən orta aylıq məbləği də 35 faiz artaraq 347 manata çatıb.
Vurğulanıb ki, yanvar-iyun aylarında Nazirliyin tabeliyindəki Dövlət Məşğuluq Agentliyi tərəfindən 16 min nəfər işlə təmin edilib, 5000-dən çox şəxs özünüməşğulluq proqramına, 1900-dək şəxs peşə hazırlığına, DOST İş Mərkəzi tərəfindən isə 4500-dək şəxs ödənişli ictimai işlərə cəlb edilib.
Bildirilib ki, DOST mərkəzlərində son 6 ayda 313 minədək şəxsə xidmət göstərilib. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 98,7 faiz olub. Bu günlərdə isə DOST mərkəzlərində 1 milyonuncu vətəndaşa xidmət göstərilib. Bu il nazirlik işğaldan azad edilmiş bölgələrdə də DOST xidmətləri infrastrukturunun qurulması işlərinə start verib və Zəngilan rayonunun Ağalı kəndində ilk “Smart DOST” xidmət məntəqəsi istifadəyə verilib.
Y.MƏMMƏDLİ