“....Hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi mənfəət vergisindən azaddır.”

Bunu vergi mütəxəssisi Xəyal Feyzullayev bildirib.

O, mikro və kiçik sahibkarlığın inkişafı ilə bağlı qanunvericilikdə nəzərdə tutulan  vergi güzəştlərindən danışıb və vergi məsuliyyəti yarada bilən məsələləri izah edib.

“Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.

Məcəllənin 106.1.20-ci maddələrində isə göstərilib ki, bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi mənfəət vergisindən azaddır”, - deyə bildirib.

Xəyal Feyzullayev mikro sahibkarlıq subyektlərinin müəyyənləşməsi meyarını da açıqlayıb.

“Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 saylı Qərarına əsasən, işçilərin orta siyahı sayının 10 nəfərədək olan və illik gəliri 200 min manatdan az olan şəxslər mikro sahibkarlıq subyekti kimi tanınır”, - deyib.

O, vurğulayıb ki,  könüllü surətdə ƏDV ödəyicisi olan bəzi sahibkarlıq subyektlərinin mühasibləri tərəfindən mikro sahibkarlıq subyekti üzrə illik gəlir anlayışı yanlış olaraq gəlir və ya mənfəət vergisi bəyannamələrində olduğu kimi mallların (işlərin, xidmətlərin) təqdim edilməsindən (ƏDV və aksiz çıxılmaqla) gəlir kimi başa düşülür.

“ Nazirlər Kabinetinin Qərarının qeydlər hissəsinin 1-ci bəndində isə göstərilmişdir ki, “İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir””, - mütəxəssis açıqlayıb.

Həmçinin əlavə edib ki, malın dəyərini onun alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin malın dəyərini artıran digər xərclər, o cümlədən mənfəət vergisi və ƏDV formalaşdırır.

Mütəxəsis qeyd edib ki, Nazirlər Kabinetinin istinad etdiyimiz Qərarında “gəlir” anlayışına, təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin ƏDV ilə birlikdə dəyəri, habelə satışdankənar gəlirlər daxil edilir.

Onun sözlərinə görə, bəzi mühasiblər tərəfindən mikro sahibkarlıq subyektinə aid güzəştlərdən istifadə etmək üçün təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyərinin ƏDV-siz götürülməsi və Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə əsasən azadolmalardan və güzəştlərdən istifadə edilməsi gələcəkdə vergi məsuliyyətinin yaranması ilə nəticələnə bilər.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN