Azərbaycan və Pakistan arasında  benzin, mazut, LNG və dizel yanacağı kimi qaz və neft məhsullarının tədarükünə dair hökumətlərarası saziş 2017-ci ildə imzalanıb.

Lakin Azərbaycan ilə Pakistanı birləşdirən birbaşa quru yolları yoxdur. Yeganə nəqliyyat yolu İran və ya Əfqanıstan üzərindən keçir.

Bunu Pakistanın Sülh və Diplomatik Araşdırmalar İnstitutunun təsisçisi, iqtisadi analitik, politoloq Məhəmməd Asif Nur bildirib

   Analitik qeyd edib ki, 30 il ərzində iki dövlət arasında iqtisadi, mədəni və təhsil sahələrində möhkəm əlaqələr qurulub və hər iki tərəf təhlükəsizliyin, müstəqilliyin və suverenliyin möhkəmləndirilməsi üçün bir-birini bütün cəbhələrdə dəstəkləməyə davam edir.

“...2021-ci ildə Pakistanla Azərbaycan arasında ümumi ticarət dövriyyəsi 11,7 milyon dollar olub. Bu yaxınlarda imzalanmış sazişlər yaxın illərdə bu rəqəmin artacağına ümid yaradır. Enerji sektorunda özünü təmin edən Azərbaycan Pakistanın mühüm ticarət tərəfdaşıdır. Azərbaycan Pakistana ilk növbədə enerji böhranının həllində kömək edə bilər. Bundan əlavə, ölkələrimizin kənd təsərrüfatı sektorunda əməkdaşlıq edə bilməsi üçün potensial var. Hesab edirəm ki, Azərbaycan Pakistanın neft sektoruna sərmayə qoymaqdan qazanc əldə edəcək”, -deyə o, bildirib.

Məhəmməd Asif Nurun sözlərinə görə, ölkələrimiz arasında ticarət artımını təşviq etmək üçün Azad Ticarət Sazişi və subsidiyalaşdırılmış dərəcələri nəzərdə tutan mexanizmlər hazırlanmalıdır.

***

Qeyd edək ki, Azərbaycanla Pakistan arasında Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində də iş aparılır və bu prosesin 2022-ci ildə yekunlaşması gözlənilir. Bu ilin 8 ayında (yanvar-avqust) iki ölkənin ticarət dövriyyəsinin dəyəri 16 milyon 172 min ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Pakistan 1991-ci ildə Azərbaycanın müstəqilliyini Türkiyə və Rumıniyadan sonra tanıyan üçüncü ölkə olmuşdur. 

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN