Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə telefon danışığında qaz qovşağı layihəsini müzakirə edib.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Danışıqlar zamanı Ərdoğan Putini əmin edib ki, Ankara təbii qaz mərkəzinin yaradılması üçün zəruri olan enerji infrastrukturunu gücləndirib və gücləndirməkdə davam edir. Bundan əlavə, Türkiyə prezidenti mərkəzi layihəsinin həyata keçirilməsi üçün yol xəritəsinin hazırlandığını açıqlayıb.
Türkiyənin Rusiyanın təklif etdiyi qaz qovşağı layihəsinin reallaşdırılması üzrə işə başlaması faktı yanvarın 3-də məlum olub. Ölkənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin sözlərinə görə, ilkin hazırlıq müddəti bir ildir. Siyasətçi onu da bildirib ki, zaman keçdikcə Avropa ölkələrinin layihəyə marağı arta bilər. "Biz düşünürük ki, bu platformada Avropadan çoxlu müştərilər olacaq", - deyib.
Dönməz onu da bildirib ki, təbii qazın satışı üzrə bazar mexanizmləri platformada fəaliyyət göstərəcək və Ankara İstanbulda yaradılan qovşaqla bağlı hər hansı məhdudiyyət tətbiq etmək niyyətində deyil.
E.ŞİRİNOV