Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncamına əsasən, yalnız minimum əmək haqqı və pensiya deyil, həmçinin sosial müavinətlərin və təqaüdlərin də məbləğləri artırılması nəzərdə tutulur.

 Belə ki, sənədlə Nazirlər Kabinetinə 10 gün müddətində sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Prezidentinə təqdim etməsi tapşırılıb. Bu isə o deməkdir ki, yanvarın 15-dək Nazirlər Kabineti sosial müavinətlər və təqaüdlərin artımı ilə bağlı təkliflərini dövlət başçısına təqdim edəcək. Bu isə həm də o deməkdir ki, yaxın zamanlarda sosial müavinətlərin və təqaüdlərin artımı ilə bağlı da sərəncam olacaq.

TEZADLAR.AZ xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov sosial müavinət və təqaüdlərin nə zaman artırılacağından bəhs edərkən açıqlayıb.

O, qeyd edib  ki, müavinətlərin növləri “Sosial müavinətlər haqqında” Qanunla müəyyənləşir.

“Qanunun 4-cü maddəsinə əsasən müəyyənləşir. Həmin qanuna görə, aylıq müavinətlər dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət, 3 yaşınadək uşağa qulluğa görə müavinət, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət, vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət, beşdən çox uşağı olan qadınlara müavinət, övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinətlər hesab olunur. Birdəfəlik müavinətlər isə radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət, uşağın anadan olmasına görə müavinət və dəfn üçün müavinətlər sayılır”,- deyə bildirib.

Vüqar Bayramov diqqətə çatdırıb ki, sözügedən müavinətlərdən hansının və eləcə də neçə faiz artacağı Nazirlər Kabineti tərəfindən təkliflər hazırlandıqdan sonra bəlli olacaq.

“ Deməli, çox yaxın zamanlarda sosial artımlar ilə bağlı yeni sərəncamlar olacaq”, -deyə millət vəkili bəyan edib.

***

Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan  345 manata çatdırılıb. 
 
Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək.

Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfəri əhatə edəcək. 

Minimum əmək haqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu (246 manat) da 40,2 faiz üstələyir. 

Yeni Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq. Bununla bağlı Nazirlər Kabineti təkliflərini on gün müddətində hazırlayaraq dövlət  başçısına təqdim edəcək.Beləliklə, minimum aylıq pensiyanın məbləği də 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılacaq. Bu artım 100 minədək pensiyaçını əhatə edəcək.

Ümumilikdə bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN