“İki ölkənin regionları arasında qarşılıqlı əlaqələrə diqqət yetirmək, qarşılıqlı əlaqələrdəki mərkəzləşməni aradan qaldırmaq, maraq doğuran sahələri əlaqələndirmək lazımdır”.
Bunu Belarus Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru, iqtisadçı ekspert Oleq Nikolayeviç Leşenyuk Belarus və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı perspektivlərindən danışarkən bildirib.
O, qeyd edib ki, Belarus texnologiya, maddi-texniki təminat, İT texnologiyalarının inkişafı sahəsində yaxşı təcrübəyə malikdir, həmçinin təhsil, səhiyyə və mədəniyyət sahələrində əməkdaşlığın intensivləşdirilməsi də zəruridir.
“Təbii ki, iqtisadiyyatın müxtəlif sahələrində yeni birgə müəssisələrin yaradılması, birgə innovasiya layihələrinin həyata keçirilməsi ilə bağlı mövcud uğurlu nümunələrə istinad etmək lazımdır. Belə sənaye əməkdaşlığı layihələrindən biri də Gəncə Avtomobil Zavodu ilə Minsk Traktor Zavodu arasında əməkdaşlıqdır. Minsk komplektləri tədarük edir, Gəncədə isə müxtəlif modifikasiyalı “Belarus” traktorları, xüsusi texnika, “Belarus” markalı elektrik avtobusları və taxılyığan kombaynlar yığılır”,- deyə diqqətə çatdırıb.
İqtisadçı, həmçinin diqqətə çatdırıb ki, söhbət təkcə Belarus texnikası kolleksiyasından deyil, həm də Azərbaycanda tələbat olan geniş çeşiddə kənd təsərrüfatı və sərnişindaşıma texnikasının istehsalı üçün QAZ şirkətinin bazasında sənaye klasterinin yaradılmasından gedir.
Onun sözlərinə görə, inşaat sənayesi, kənd təsərrüfatı, qida istehsalı, nəqliyyat, logistika, turizm, əczaçılıq, İT, bio- və nanotexnologiyalar, neft kimyası sahələrində oxşar layihələrin axtarışı və həyata keçirilməsi maraq doğurur və bunlar investisiya əməkdaşlığı üçün yeni imkanlar açacaqdır.
***
Xatırladaq ki, ölkələrimiz arasında diplomatik əlaqələr 1993-cü ilin iyun ayının 11-də qurulmuşdur.
Azərbaycan və Belorus respublikaları iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq edirlər. Hər il ticarət dövriyyəmiz artır. 2021-ci ildə Belarus və Azərbaycan enerji və neft sənayesində əməkdaşlığa dair sənədlər, o cümlədən SOCAR və Belarusun “Belneftexim” Dövlət Neft və Kimya Konserni arasında anlaşma memorandumu imzalayıb. Ölkələrimiz bir-biri ilə yaxın dost münasibətindədir.
Y.MƏMMƏDLİ