İşçilər bu barədə mütamadi olaraq soruşurlar: Kollektiv müqavilə ilə necə tanış ola bilərəm?
Bunu hüquqşünas Azər Quliyev Tezadlar.az-a kollektiv müqavilənin bağlanması qaydasından danışarkən bildirib.
“Çox maraqlıdır, nədən işçilər özlərinin də tərəf olduqları Kollektiv müqavilə ilə tanış olmurlar və ya onlara belə bir imkan yaradılmır? “, - deyə hüquqşünas iradını bildirib.
O, izah edib ki, Kollektiv müqavilə — bir tərəfdən işəgötürən, digər tərəfdən isə əmək kollektivini və ya onları təmsil edən həmkarlar ittifaqları təşkilatları arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir.
“Kollektiv müqavilə həm işəgötürəndə, həm də əmək kollektivini təmsil edən həmkarlar təşkilatında olur. Kollektiv müqavilə ilə işçiləri tanış etdirmək hər iki tərəfin, o cümlədən ilk növbədə həmkarlar ittifaqı təşkilatının vəzifə borcudur. İşçilərin heç bir maneə yaradılmadan tərəf kimi olduqları Kollektiv müqavilə ilə tanış olmaq hüququ vardır. Ən azından bu müqavilə elə yerdə olmalı və ya hamının asanlıqla tanış olması üçün iş yerində divardan asılmalıdır”, -deyə Azər Quliyev vurğulayıb.
JASMİN