Bəzi məhsulların etiketində onların tərkibində olan göstəricilərin önə çəkilməsinə və bununla da alıcıların aldadılaraq cəlb edilməsinə icazə verilməyəcək.
TEZADLAR.AZ xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “İstehlakçı hüquqlarının qorunmasında dövlət orqanlarının rolu” mövzusuna hərs olunmuş elmi konfransda çıxışı zamanı vurğulayıb ki, bir sıra məhsulların üzərində istehlakçıların aldadılması və çaşdırılması üçün müəyyən məlumatlar yazılır. Məsələn, süd məhsulları üzərində kalsiumun olduğu xüsusi qeyd edilir. Ancaq bu, məhsulun özəlliyini ehtiva etmir: "Buna baxmayaraq, bizim bir çox sahibkarlıq subyektləri bunu xüsusi bir göstərici kimi önə çəkmək istəyirlər. Eyni halı süfrə sularında da görə bilərik. Dünyanın heç bir ölkəsində hər hansı süfrə suyunun insan orqanizminə müalicəvi təsiri haqqında məlumat yoxdur".
Həmçinin o, diqqətə çatdırıb ki, Qida Təhlükəsizliyi ilə bağlı qanunun tətbiqi ilə bu ildən etibarən Azərbaycana idxal olunacaq və Azərbaycanda istehsal olunacaq mineral suların üzərində onların müalicəvi effekti olması ilə bağlı göstəricilərin və digər önə çəkilə biləcək, amma əslində isə bir suyun tərkibində mineral göstərici kimi normalda olacağını özündə ehtiva edən göstəricilərin həmin etiket göstəricilərində istehlakçının çaşdırılması və aldadılması faktlarına icazə verilməyəcək.
Xatırladaq ki, hələ bir neçə il öncə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyası Qida məhsullarının qablaşdırılması və etiketlənməsinə dair qərar vermişdi.
Qərara əsasən, istehlakçıların aldadılması, o cümlədən eyni xassəli oxşar qida məhsullarının xüsusi xassələrə malik olması haqqında yanlış məlumat verməklə istehlakçıların aldadılması qadağan edilirdi. Həmin qərarda qeyd edilirdi ki, qida məhsullarına xas olmayan təsir və ya xassələrin onlara aid edilməsi qadağandır.
JASMİN