“Azərbaycandan Qazaxıstana ixracın həcmi isə 88 faiz artaraq 46,1 milyon dollardan 86,6 milyon dollara çatıb.”
Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi son beş il ərzində 2,1 dəfə artıb: 221,2 milyon dollardan 461,9 milyon dollara çatıb.
Qazaxıstanın ticarət dövriyyəsinin ümumi həcmində Azərbaycanın payı 0,2%-dən 0,3%-ə yüksəlib.
Bunu qazaxıstanlı iqtisadçı ekspert, AMANAT Partiyasının İctimai Siyasət İnstitutunun Sosial-iqtisadi təhlil şöbəsinin müdiri Altay Dyusekeyev bildirib.
“Ümumiyyətlə, ölkələrimiz arasında ticarət balansı yaxşı dinamika göstərir. Beş il ərzində Qazaxıstandan Azərbaycana ixracın həcmi 114% artaraq 175,1 milyon dollardan 375,3 milyon dollara, Azərbaycandan Qazaxıstana ixracın həcmi isə 88 faiz artaraq 46,1 milyon dollardan 86,6 milyon dollara çatıb”, - deyə iqtisadçı ekspert bildirib.
O, diqqətə çatdırıb ki, Qazaxıstandan ixrac edilən malların strukturunda buğda 25%, xam neft 20%, dəmir yolu elektrovozları 4%, prokat, dəmir yolu və tramvay yolları üçün relslər 3% üstünlük təşkil edir. Azərbaycan Qazaxıstana daha çox xüsusi təyinatlı üzən gəmi (17%), şəkər (16%), polipropilen (11%) və qara metal borular (9%) ixrac edir.
Qeyd edək ki, Azərbaycan ilə Qazaxıstan münasibətləri qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və qazaxlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdir, həmçinin bizi eyni dil və din eyniliyi də birləşdirir.
Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda üç yüz mindən çox azərbaycanlı yaşayır.
Qazaxıstanda yaşayan soydaşlarımızın əksəriyyəti XX əsrin 30-cu illərinin siyasi repressiya dövründə oraya məcburi köçürülənlər və onların övladlarıdır. Onların içərisində dövlət və hökumət strukturlarında, icra və seçkili orqanlarda təmsil olunanlar, özəl sektora rəhbərlik edənlər də az deyil.
Rəsmi statistikaya əsasən, Qazaxıstanda Azərbaycan kapitalının iştirakı ilə 500-dən çox, Azərbaycanda isə müvafiq olaraq Qazaxıstan kapitalının iştirakı ilə 140-dan çox müəssisə qeydiyyatdan keçib. Əsas fəaliyyət sahələri: ticarət, aqrar-sənaye kompleksi, tikinti, nəqliyyat və logistikadır.
JASMİN