Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlillik dərəcəsi almış şəxslərə Vergi Məcəlləsində müəyyən azadolma və güzəştlər nəzərdə tutulub.

TEZADLAR.AZ xəbər verir ki, “BSC Business Service Centre” şirkətinin maliyyə və mühasibat işləri üzrə mütəxəssisi Qafur Ağabəyov həmin güzəştləri  vergiler.az-a şərh edib.

Bu güzəştlər Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş və xəstəlik səbəbindən əlillik dərəcəsi almış şəxslərə aiddir.

Vergi Məcəlləsinin 102.1.3.4-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və mülki şəxslərin əldə etdiyi maddi yardımın 20.000 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Maddədə diqqət edilməli olan hissə - burada gəlir dedikdə əldə edilən maddi yardım və ona uyğun hesablanmalı olan gəlir vergisi nəzərdə tutulur. O cümlədən, bu azadolmanı əldə etmiş şəxsin statusu, maddədə qeyd edildiyi kimi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən şəxsin hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edildiyini təsdiq edən arayış təqdim edildiyi halda təsdiqlənir və azadolma tətbiq edilir.

Vergi Məcəlləsinin 102.1.25-1 maddəsinə əsasən, Vətən müharibəsi iştirakçılarının və Vətən müharibəsində, habelə Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları və hərbi təxribatlar nəticəsində şəhid ailəsi statusu almış və əlilliyi müəyyən edilmiş şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir gəlir vergisindən azaddır. Burada diqqət edilməli olan məqam, fiziki şəxsin əldə etdiyi əvəzsiz gəlirin ona müvafiq icra hakimiyyətinin orqanının verdiyi əlillik statusuna əsasən gəlir vergisindən azad olmasıdır. Bu azadolmanın tətbiqində də eyni qaydada əlillik statusunun təsdiq edilməsi əsas şərtdir.

Vergi Məcəlləsində müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin muzdlu işdən əldə edilmiş gəlirləri, bu Məcəllənin 102.2.4-cü maddəsinə əsasən, 400 manat məbləğində azaldılır. Məcəllənin 101-ci maddəsinə əsasən, fiziki şəxslərin muzdlu işdən əldə etdiyi gəlirləri 2.500 manatadək və ondan çox olduqda 14% və 25% ilə tənzimlənir. Eyni zamanda, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, əsas iş yerindən əldə edilmək şərti ilə həmin şəxslərin aylıq gəlirləri 2.500 manatadək olduqda 200 manat, illik gəliri 30.000 manatadək olduqda 2.400 manat məbləğində olan hissəsi vergidən azaddır. Bu zaman Məcəllənin 101.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla hesablama aparılmalıdır. Burada diqqət yetirilməli olan məqam əlilliyi olan şəxsin statusuna nisbətdə onun vergitutma obyektinə tətbiq edilən hesablama zamanı azadolma məbləğinin hesablanan gəlir məbləğinə nisbətdə azaldılmasıdır.

Misal: Dövlət orqanında əsas iş yeri kimi çalışan əlilliyi olan şəxs aylıq 1.200 manat əməkhaqqı alır. Bu zaman onun gəlir vergisi necə hesablanacaq?

Göründüyü kimi, şəxs dövlət orqanında çalışır və ona Vergi Məcəlləsinin 101.1-1-ci maddəsi tətbiq edilməyəcək. O zaman gəlir vergisi belə hesablanacaq:

1200 – 200 – 400 = 600 manat;

600 x 14% = 84 manat.

Bu halda azadolma 2.500 manatadək olan hissəyə tətbiq edilir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN